"Hər halda münasibətlər yaxşılığa doğru gedir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Bizim İranla münasibətlərimiz həmişə normal, xoş qonşuluq münasibətləri olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, biz həmişə İranda 40 milyondan artıq bacı-qardaşlarımızın yaşadığını nəzərə almışıq: "Ona görə də onlarla həmişə münasibətləri normal saxlamışıq. Ancaq fars-molla rejimi Azərbaycana qarşı torpaqlarımız işğal olunanda, həm də ondan sonra müharibə dövründə həmişə ermənilərin yanında oldu. Baxmayaraq ki, ermənilər məscidləri dağıtdılar, orada donuz saxladılar, bunu da İran bildi, ancaq buna heç bir reaksiya vermədi. Müharibə dövründə də daima ermənilərə kömək etdilər. Ancaq biz də, Azərbaycan xalqı birləşərək torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad etdik. Bütün ərazilərimizdə öz suverenliyimizi bərpa etdik, hər bir rayonda Azərbaycan bayrağı dalğalanmağa başladı.
İranla münasibətlərimiz pisləşdi, Səfirliyimizə hücum oldu, şəhidimiz oldu, Səfirliyimizi bağlamağa məcbur olduq. Ancaq indi münasibətlər normallaşıb. Mayın 19-da sonuncu dəfə keçmiş İran Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Prezidenti görüşdülər. Həmin görüşdə də İbrahim Rəisi Azərbaycanla münasibətlərin normallaşması istiqamətində addımlar atıldığını bildirdi. Diplomatik münasibətlərin normallaşacağını bildirdi. Təəssüf ki, o, qayıdanda öz ərazilərində vertolyot qəzasına uğrayıb həlak oldu. Sonra Prezident seçkiləri keçirildi. Seçkilərdə isə Azərbaycan əsilli Məsud Pezeşkian qələbə qazandı. Bu da bizə böyük ümidlər verir, çünki o özünün seçkiqabağı proqramında İranda yaşayan hər bir xalqın, o cümlədən azərbaycanlıların ana dillərində təhsil alacaqlarını, onlara lazımi qayğı göstəriləcəyini bildirdi. Prezident seçkilərində də qalib gəldi. Prezidentlik fəaliyyətinə başlayandan sonra görək, hansı işləri görəcək? Əsas onu bilirəm ki, hər halda münasibətlər yaxşılığa doğru gedir. Artıq Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətə başladı, təhlükəsizliyinin təmin olunması üçün İran rəhbərliyi tam təminat verdi. Pezeşkian fəaliyyətə başlayandan sonra da elə bilirəm ki, münasibətlər daha da yaxşı olacaq. Çünki telefon zəngində hər iki lider gələcəkdə Azərbaycanla İran münasibətlərinin daha da yaxşılaşdırılması üçün əllərindən gələni edəcəklərini bildirdilər".
"Təəssüf ki, bu gün də fars-molla rejimi İrana 500 milyon dollarlıq silah-sursat satmaq üçün müqavilə bağlayıb, Ermənistanı silahlandırır. Bu da təəssüf doğurur. Biz buna baxmayaraq yenə də İranla münasibətlərimizi normallaşdırmaq üçün hər cür vasitədən istifadə edəcəyik" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə