Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu inkişafın başlıca şərtidir - TƏHLİL

Dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz və deməli, hüquqi dövlət, vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan ölkə demokratik ola bilməz. Məhz bu baxımdan da qanunların aliliyini təmin edən dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq hər bir cəmiyyət üçün arzuolunandır. Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin bərqərar olması bizim üçün həm sevindirici, həm də qürurverici haldır.

Bilirik ki, Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Bu inkişaf yoluna, bugünkü inkişaf yoluna ölkəmizdə böyük çətinliklər bahasına nail olunub. Müstəqilliyimizin yenidən bərpa edilməsindən sonra aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti, eləcə də demokratik və hüquqi dövlət quruculuğu istiqamətində yüksək səviyyədə nailiyyətlər qazanılıb ki, bunun nəticəsini çoxdandır ki, görməkdəyik. Bu nailiyyət də, əlbəttə ki, xalqımızın, cəmiyyətimizin firavan, xoşbəxt gələcəyi üçün təminat deməkdir.

Sözsüz ki, sağlam cəmiyyətin, demokratiyanın mövcudluğunu təsdiq edən, ilk növbədə, qanunların aliliyini təmin edən hüquqi dövlətin, eləcə də vətəndaş cəmiyyətinin olmasıdır. Ona da şübhə etməyə dəyməz ki, məhz inkişafa, tərəqqiyə, eləcə də yüksəlişin özünə də belə bir cəmiyyətdə ümid edilir. Çünki, demokratik cəmiyyətin yeganə ümumi siyasi hakimiyyəti də elə məhz hüquqi dövlətdir və bunun ümumi bəşəri sərvət hesab olunması heç də təsadüfi deyil. Hər bir cəmiyyət hüquqi dövlət qurmaqda, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaqda maraqlı olması məhz bu baımdan başadüşüləndir. Elə bu baxımdan da Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlətin qurulması, eləcə də vətəndaş cəmiyyətinin bərqərar olması, beləliklə də, ölkəmizdə demokratiyanın, demokratik cəmiyyətin mövcudluğu hər zaman olduğu kimi yenə də diqqət mərkəzindədir.

Xalımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev göstərirdi ki, “vətəndaş cəmiyyəti yaradılması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın inkişafının başlıca şərtidir”. Bəli, həqiqətən də şahidi olduq ki, hüquqi dövlətin formalaşması ictimai həyatda köhnəlmiş demokratik stereotipləri aradan qaldırmış oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının formalaşması prorsesinin başladığının şahidi olduq. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizdə mövcud olan xaosun, qarışıqlığın, hərcmərcliyin, dərəbəyliyin, qanunsuzluğun qarşısının alındığını, ölkədə vətəndaş cəmiyyətinin formalaşdığını, inkişafını müşahidə etdik. Məhz bu baxımdan da cəsarətlə deyə bilərik ki, Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü elə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hüquqi dövlətin, dövlətçiliyin əsasını təşkil edən dövlət hüquq institutlarının formalaşması yalnız demokratik şəraitdə mümkün olmaq qənaətinə gəlməyə əsas verir və artıq demokratik cəmiyyət və hüquqi dövlət ideyası bizim vətəndaşların təfəkküründə və şüurunda tədricən transformasiya edilir, adaptasiya olunurlar, hansı ki, onlar bunu daha yaxşı dərk etməkdədirlər. Strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsini uğurla sınaqdan keçirir, ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Vətəndaş cəmiyyətinin yaranmasının bir aspekti də insan və vətəndaş hüquqlarının ayrılmasıdır. Əgər insan hüquqları vətəndaş cəmiyyəti tərəfindən təmin olunursa, vətəndaş hüquqları da hüquqi dövlət tərəfindən təmin olunur. Hər iki halda söhbət şəxsiyyətin hüquqlarından gedir. Birinci halda ayrı-ayrı insanın həyatı, mülkiyyət və öz imkanlarını realizə etmək hüququ nəzərdə tutulursa, ikinci halda konkret dövlətin vətəndaşı kimi onun siyasi hüquqa malik olması nəzərdə tutulur. Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarına və vətəndaşların vəzifələrinə geniş yer verilibdir. Konstitusiyanın maddələrinin təxminən hər üçüncüsü insan və vətəndaş hüquq və azadlıqlarını və vətəndaş vəzifələrini əks etdirir, Azərbaycan Respublikasının özünü idarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsi, yəni “Ombudsman” təsis edilibdir.

Dünyada nə qədər dəyişikliklər baş versə də, yeni prinsplər, meyarlar, dəyərlər meydana çıxsa da istər insanlar, istərsə də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını yenə də qorumaqdadır. Dünyanın bir parçası olan Azərbaycanda da insan hüquqlarının müdafiəsi və hüquqi dövlət prioritet məsələ olaraq qəbul edilir və elə buna görə də sözügedən sahədə davamlı şəkildə, mütəmadi olaraq islahatlar aparılır. Təsadüfi deyil ki, Azərbacan dövlətinin hər bir vətəndaşın qarantına çevrildiyi bütün dünyada qəbul olunur, çünki ölkəmizdə vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Nəzərə almaq lazımdır ki, vətəndaşların hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyətindən, nə də hüquqi dövlətdən danışmaq olmaz və elə buna görə də dövlətimiz vətəndaş hüquqlarının, azadlıqlarının keşiyindədir.

Müstəqilliyini bərpa edən Azərbaycanın məhz zamanın ən ağır keşməkeşlərindən, taleyinin bütün sınaqlarından alnıaçıq çıxmasında, eləcə də nailiyyətlərində hüquqi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin rolunu dəfələrlə görmüş olduq. “Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməliyik”, deyən Ümummilli Lider Heydər Əliyev hüququ demokratik dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün başlıca məqsədi olduğunu bəyan etdi və bu məqsədinə də nail oldu. Görürük və şahidiyik ki, Ulu Öndərin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət, eləcə də vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmişdir və qələbələrimiz, nailiyyətlərimiz təsdiq edir ki, hazırda həmin proses Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə, özü də uğurla davam etdirilməkdədir.

Vətəndaş cəmiyyətinin inkişafına hal-hazırda ölkə rəhbəri, cənab Prezident İlham Əliyev xüsusi diqqət ayırır. Təməli Ulu Öndər Hedər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq, milli mənafenin, dövlətçilik maraqlarının üstün tutulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin qayəsini təşkil edir. Azərbaycan Prezidentinin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasətin parlaq nümunəsidir. Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili durduğu günümüzün təkzibedilməz reallığıdır.

Müəllif: İnam Hacıyev

6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə