SƏN BAĞLANMALIYKƏN DÜYÜN DÜŞMÜSƏN ÖZÜNƏ - ŞEİR

Elmar VÜQARLI
AYB-nin üzvü,
Prezident təqaüdçüsü

"Bir gün varlığından xəbərsiz qalsam,

dəli olaram”, – dediyin insanın
üstündən aylar keçdi,
illər ötdü.
Və mən səni itirərək tapdım.
Tərk etdiyim həmin yerdəsən, bilirəm,
amma eyni adam ki deyilsən?!
Gördünmü ki, insan düşüncələrdə yaşayıb,
qəlblərdə ölərmiş.
Özün tez-tez deyərdin,
ürək etibarsızdır,
odu, yanğısı sönərmiş.
Hər güləni xoşbəxt olmadığı kimi,
hər ağlayanı da bədbəxt deyil bu dünyanın.
Sən bağlanmalıykən
düyün düşmüsən özünə.
Gözlərdən hər zaman
göz yaşı düşmür,
gözlərdən, görürsən,
adam da düşür,
sevgi də,
həyat da,
ölüm də düşür,
özün də düşürsən,
sözün də düşür.
Bu gecə bitirdim zamanı,
üflədim keçmişimi
toz kimi boşluğa.
Sonra döndüm, aynaya baxdım ki,
yenə yanımda özüməm.
Bütün hər şeyə rəğmən
vidalaşdım bəzi sözlərlə,
sən deyə başlayıb,
biz deyə bitənlə.
Artıq gəlməsən də olar...

Bütün xəbərlər Facebook səhifəmizdə