Hümbət HƏSƏNOĞLU

- Yoldaş mayor, bilirsən ki,mən, polk komandiri polkovnik Yeqorov ayağımdakı çəkmələri bir həftədir çıxartmıram? Xəbərin varmı ki, əsgərlərim Volqaboyu meşələrdə ağcaqanad sürüsü ilə mübarizə apararaq, şərti düşmənlə gecə- gündüz döyüşür? Sənə maraqlıdırmı ki, bir çox tanklarımın tırtılları bataqlıq zığından tutulub,rabitəçilərimiz sutkalardır ki, yuxusuzdurlar?! Bilirsən bu mərhumiyyətlər nə üçündür? Onun üçün ki, yoldaş mayor, keçirilən ümumqoşun təlimlərində bizim polk qalib olsun.
Hamı da bilir ki, təlimlərin rəisi general- mayor Şuvalov musiqini sevir. Özfəaliyyət qrupumuz pis çıxış etsə, qalibiyyəti yaddan çıxartmaq olar.
Mayor, bu mənim zabit olaraq yeganə şansımdır ki, bu meşələri nəhayət ki, tərk edib paytaxta düşüm. İstəyirəm ki, arvadım paytaxt küçələrini gəzib sevinsin. Arzulayıram ki, uşaqlarım yaxşı təhsil alsınlar.
İndi təlim çərçivəsində özfəaliyyət kollektivlərinin müsabiqəsinə üç gün qalmış, gəlib mənə deyirsən ki, zərb alətlərində çalan əsgərin qolu sınıb, gipsə qoyublar.
Mayor, sənə hədə qorxu gəlmirəm, amma o əsgərin yerinə başqasını tapmasan mən səni məhv edəcəyəm. Sənə gün verib, işıq verməyəcəyəm!
İndi gözümün önündən itil!
Polk özfəaliyyət dərnəyinin rəisi mayor Uvarov öz kabinetinə qayıdıb masanın üstündəki su dolu qrafini birbaşa başına çəkdi.
Polkovnikin səsi onun qulaqlarında hələ də cingilləməkdə davam edirdi.
O, kreslosuna oturub başını iki əlinin arasına aldı. Gələcəyi ona zülmət qaranlıq göründü. Gözünü elə bu qaranlığa zillədi. Nə qədər oturduğu yadında deyil, qəfil bu zülmət qaranlıqda kiçik bir qığılcım saçdı.
Telefonu götürüb dostluq etdiyi kadrlar şöbəsinin rəisini yığdı.
- Mixalıç, polkda azərbaycanlılar var?
- Onlar tikinti batalyonlarında çox olurlar. İkinci rotada üç əsgər olmalıdır.
- Xahiş edirəm, onların arasında Qarabağ bölgəsindən olan varsa, təcili mənim yanıma göndər.
O, beş il Bakıda xidmət etmişdi. Bir musiqiçi kimi azərbaycan musiqisinə valeh olmuşdu. Bir azərbaycanlı dostu ilə Qarabağda, Şuşada olmuşdu. Əmin olmuşdu ki, Qarabağ Şərqin musiqi mərkəzi, Şuşa isə bu mərkəzin beşiyidir.
Onun heç yadından çıxmır, onun dostu qarşılarına çıxan bir dəstə uşağı saxlamış və ona demişdi ki:-istədiyin uşağı seç. O da çəlimsiz görünən bir uşağı barmağı ilə göstərmişdi. Dostu da o uşağa demişdi ki;-bir segah oxu. O uşaqdan çıxan möhtəşəm səsi, avazı heç vaxt yadından çıxara bilmirdi. Uşağı elə oradan La Skalanın səhnəsinə çıxartmaq olardı.
Qapının döyülməsi onu xəyaldan ayıltdı.
- Buyurun!
- Yoldaş mayor, sıravi Bədəlov, sizin əmrinizlə gəlmişəm.
- Sıravi Bədəlov, Qarabağlısan?
- Elədir ki var, yoldaş mayor.
- Hər hansı musiqi alətində çalmamısan?
- Yox, çalmamışam.
-Mahnı oxumaq necə, oxumusan?
- Yoldaş mayor, hərdən, özüm üçün.
- “ Qaya” kvarteti haqda eşitmisən?
- Əlbəttə, yoldaş mayor.
- Bədəlov, bu masanın qırağındakı kətildə otur. Mən sənə “ Qaya”nın bir mahnısını oxuyacağam, sən də əlinlə masanı musiqinin ritminə uyğun döyəcləyəcəksən.Aydındır?
- Cəhd edərəm, yoldaş mayor.
Sıravi Bədəlov bu rusun dilindən çıxan azərbaycan mahnısının sözlərinə çox təəccüblənsə də, musiqinin ritmini tutmağa çalışdı.
“ Ayrı- ayrı doğulduq bu dünyada,axır gəlib bir olduq bu dünyada, ey həyat, sən nə qəribəsən?...”
Mayor mahnının sonunda Bədəlovun ritm tutmasını görüb özlüyündə düşündü: - Bu millətin hər nümayəndəsi deyəsən, həqiqətən musiqiçi kimi doğulur.
Gedək, Bədəlov, rota komandirinə deyəcəyəm, sən üç gün Klubda yaşayacaqsan.
- Yoldaş Eqorov, yoldaş polk komandiri, təlimin hərbi komponentlərində də uğurlu idiniz, amma musiqi özfəaliyyət dərnəyinizin çıxışı məni xoş təəccübləndirdi. Yaşlı generalı sevindirə bildiniz. Əhsən. Sənədlərini də hazırla, buralarda çox ləngidin, səni paytaxta yaxınlaşdırmaq gərəkdir.
- Baş üstə, yoldaş general- mayor.
- Amma deyəsən özfəaliyyətə peşəkarları da cəlb etmisiniz?
- Qətiyyən yox, yoldaş general- mayor.
- Mənə də yox də?!
Deyəcəksiniz ki, zərb alətində çalan o qarabala əsgər həvəskar musiqiçidir?
Bu vaxt kollektivin rəhbəri mayor Uvarov özünü irəli verdi.
- Yoldaş general- mayor, öz əsgərimizdir, heç musiqi təhsili də yoxdur. Sadəcə Qarabağlıdır!
-Qarabağlı?
- Elədir ki, var. Daha ucadan və fəxarətlə əlavə etdi:- Qarabağlı!
General gedəndən sonra polk komandiri onu yanına çağırıb qucaqladı.
Qarabağlı səni xilas etdi, bir az fasilə verib əlavə etdi, elə məni də!
O sıravi istedadın evə məzuniyyətə göndəriməsi ilə bağlı əmri də hazırlayın.
Mayor Uvarov çolə çıxıb göyə baxdı, göydə bir neçə ulduz sayrışırdı.
O, Şuşada olanda gecə səmasını xatırladı, orada səmada ulduzlardan boş yer yox idi.Ulduz kəhkəşanının nə olduğunu yalnız orada dərk etmişdi.
Fikrindən keçdi:- oraların yeri də, göyü də möhtəşəmdir.
Xüsusən də, insanları!

Sumqayıt şəhəri
Sentyabr 2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...