Haqqını ala bilməyən yazıçı İsrail İsmayılov- 70

(Portret cizgiləri)

İsrail İsmayılov: “Hər bir insan ona yazılmış taleyin icraçısıdır”

Dahilərdən biri deyib ki, “yazıçılar göy adamları olduğundan çox vaxt qəribə düşüncəli, taleli insanlar olurlar. Və çox vaxt da yaşadığı zəmanə ilə razılaşmadığından, həddindən artıq xəyalpərvər olduqlarından yazıçı olurlar. İnsanlara və ətrafında olan doğmalarına öz ürək sözlərini istədiyi kimi deməyə çətinlik çəkdiyindən və onların bu fikirləri necə qarşılayacağına şübhə ilə yanaşdığından beyinlərində, təxəyyüllərində olan fikirləri yazıya köçürürlər. Əlləbttə, həmin yazılara da öz düşüncələrini, təxəyyüllərini, arzularını əlavə edirlər”.

Bax mənim də yeniyetməlik illərindən tanıdığım İsrail İsmayılov belə yazıçılardandır. Elə ilk fikrimdən də onu vurğulayım ki, bir-birindən maraqlı çoxlu şeirlərin, poemaların, hekayələrin, povestlərin, oçerklərin, publisist yazıların müəllifi olan, oxucuların sevimlisi İsrail İsmayılov dövlət tərəfindən öz haqqını ala bilməyən yazıçılardandır.

Mən bir daha oxucuları İsrail İsmayılovla yaxından tanış etmək istəyirəm.

Qısa arayış: İsrayıl İbrahim oğlu İsmayılov 1950-ci ilin fevral ayının 1-də Masalli rayonunun Agakişibəyli kəndində ziyalı ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdən- 1967-ci ildən dovrü mətbuatda cıxış eləyir. Polis sistemində işlədiyindən bir müddət bu sahədən uzaqlasdığından, amma ədəbiyyata böyük, hədsiz istək, maraq onu yenidən bu sahəyə qaytarıb və bədii yaradiciliğını davam etdirib. Ədəbiyyata olan istək və maraq onu bu sahədə daha ciddi işləməyə sövq edib və bir-birinin ardınca maraqlı şeirləri, poemaları, hekayələri və povestləri işıq üzü görüb. Mətbuatda mütəmadi çap olunub və 7 kitabı oxucuların ixtiyarına verilib. Yazdığı ssenarilərinə kinofilmlər çəkilib. İsrail müəllim artıq ədəbiyyatı özü üçün məşğuliyyət yox, əsl sənəti kim bilir və bu sahədə də israrla çalışaraq yeni-yeni, bir-birindən maraqlı əsərlərini oxucuların ixtiyasrına verir.

70 illik yubileyi ərəfəsində biz onunla yenidən görüşdük. Çox yüksək məntiqi düşüncəyə, yaxşı təxəyyülə malik olan İsrail İbrahimoğlu mənim suallarıma çox orijinal cavablar verdi.

-Siz işlədiyiniz sahələrdə və polis sistemində böyük uğurlar qazanmışdınız. Bəs niyə birdən-biri həmin sahələrdən uzaqlaşıb, ədəbiyyatla daha ciddi məşğul olmağa başladınız?

- Məni bədii yaradiciliga həvəsləndirən dünya şöhrətli, böyük alim, yüksək vətənpərvər insan, əsl ziyali, qonşumuz və dostum (baxmayaraq ki, məndən yaşca cox böyük idi) Xudu Məmmədov olub. Elə burada onunla bağlı kiçik bir xatirəni danışmaq istəyirəm. 1973-cü ilin may ayı idi. Mən işdən evə qayıdırdım. Həyətdə 4-5 yaşlarında qonşularımızın iki qiz uşağının bir- biri ilə dalaşmaq istədiyini gördüm. Yaxinlaşıb onların hər ikisini öpüb barışdırdım. Sən demə Xudu müəllim yaşadığı ikinci mərtəbənin eyvanindan baxirmiş. O, məni evinə dəvət elədi. Mən onların evinə qalxdım. Xudu müəllim evdə tək idi.

Salamlaşandan sonra dedi: "Get yazilarini gətir baxim!" -Nə yazi,- dedim?

Dedi ki, “gizli saxladığın yazıları deyirəm”. Dedim haradan bilirsiniz ki, mən nə isə yaziram? Dedi ki, “uşaqları barışdırmağından bildim. Ürəyində belə məhəbbət hissi olan insanlar yaradıcı olurlar”. Xudu müəllim yanılmamişdı. Mən yazılarımı gətirib ona verdim. Elə mənim yanımda oxuyub, çox yaxşı məsləhətlər verdi. Bax elə həmin vaxtdan mənim yaradıcılığımla müntəzəm olaraq maraqlanan Xudu müəllimin bu fikirləri məni məsuliyyətli olmağa sövq elədi. O, deyirdi: " Yazılarının mürəkkəbi qurumamış çap eləməyə tələsmə. Ona görə də yazını yazandan sonra kənara qoy. O mövzunu unut. Bir müddət keçəndən sonra götür yenidən oxu və onda görəcəksən ki, nə qədər düzəlişlərə ehtiyac var. Yalnız o düzəlişlərdən sonra yazının çapı ilə maraqlan. Belə yazılar zəif olmur”. Onu da vurğulayım ki, mənim atam uzun illər rəhbər vəzifədə işləyib. Həddindən artıq savadlı kişi idi. Respublikada da onun savadına, təşkilatçılığına görə böyük hörməti vardı. Amma hara götürsək biz övladları ona ata kimi baxırdıq. Lakin həyatda mənim mənəvi atam Xudu Məmmədov olub. Mən ondan çox şeyləri öyrənmişəm. İllər keçdikcə onun maraqlı nəsihətlərini, dərin fikirlərini yada saldıqca fikirləşirəm ki, belə bir dahi şəxsiyyət bizim yanımızda olub, amma biz, onu lazım olan kimi qiymətləndirə bilməmişik. Ona görə də atalar deyir ki, “dahi insanların böyüklüyünü yalnız zaman keçdikcə başa düşmək olur”. Dağın ucalığı da, nəhəngliyi də ondan uzaqlaşdıqca daha aydın görünür.

- Bu gün yazarlar həddindən artıq çoxdur. Hamı yazır. Hamı da özünü “dahi” hesab eləyir. Bu insanlara 50 ildən çox yaradıcılıqla məşğul olan bir ziyalı insan, peşəkar yazıçı kimi nə məsləhət verə bilərsiniz?

-Bəli, bu gun yaradıcı insanlar, xüsusən gənclər coxdur. Onlarin siralarında həqiqi istedadı, orijinal düşüncəsi olanlar insanı sevindirir . Lakin bəzi yazıları oxuyanda adam utanır. Həmin vaxtı dahi Xudu Məmmədovun yuxarıda dediyim nəsihəti yadıma düşür.Və hiss edirsən ki, belə zövqsüz yazıların müəllifləri güclə şair, nasir olmaq istəyirlər. Mən belə fikirləşirəm ki, bu insanlar özlərini başqa sahələrdə sınasalar daha böyük uğurlara nail ola bilərlər. Axı bu haqda dahi Nizami Gəncəvi də gözəl deyib:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

-Siz öz bədii əsərlərinizdə və əsasən də satirik oçerklərinizdə, publisist yazılarınızda həmişə həqiqəti yazırsınız. Bir yazıçı kimi bu gün məmləkətimizdə və dünyada gedən hadisələrə münasibətiniz necədir?

-Mənə elə gəlir ki, yazıçı həmişə həqiqəti yazmali və bütün əsərlərində, yazılarında onun cəsarətli oldugu nəzərə carpmalıdı. Əgər dövrün hadisələri, müasirliyi tam çılpaqlığı və dolğunluğu ilə əsərdə bədii formada əks olunmursa həmin əsər heç vaxt inandırıcı olmaz. Həm də oxucu rəğbətini qazanmaz. Unutmaq lazım deyil ki, bugünkü oxucu tələbkardı, yüksək intellektə malikdi, həyat həqiqətlərini gorən və hadisələri dərindən analiz etməyi bacaran oxucudu və onlarin istəklərini bu günün tələbləri səviyyəsində təmin etmək yazıçıdan böyük məsuliyyət istəyir. Buna görə də yazıçı həddindən artıq çox savadlı olmalı və bütün elmlərdən tam xəbərdar olmalıdı.

-Doğulduğunuz Masallıya gedəndə hansı hissləri keçirirsiniz?

- Mənim üçün doğulduğum Agakişibəyli kəndi və ümumiyyətlə Masallı rayonu dunyanın ən gözəl məkanıdı. Bu həqiqətən belədi. Mübaliğəsiz dediyim ki, bu sözləri ürəyində, qəlbində Vətən, yurd eşqi olan hər bir kəs öz doğma diyarı haqqında deyə bilirsə, məncə o istəkdən böyük istək, məhəbbət ola bilməz. Bir də onu deyim ki, taleh məni şəhər həyatında yaşamağa məcbur eləsə də, fürsət düşən kimi Masallıya, doğma Ağakişibəyliyə, Şərəfəyə gedən kimi özümü, daha doğrusu yaşımı unuduram və keçmiş uşaqlıq, yeniyetməlik illərimə dönürəm və hətta körpələşirəm. Mənim bu yerlərlə bağlı çoxlu şeirlərim və hətta poemam da var. Kəndimizdə olan zaman məndə yaranan nostalji hisslər bəzən yanaqlarımdan süzülən göz yaşları ilə müşahidə olunur. Buna səbəb itirdiklərimdi. Ən böyük itkim isə zaman itkisidi. O itkini heç vəclə qaytarmaq olmur. Bu mumkunsüzdür. İtirilən zaman yarasi isə sagalmaz yaradir. Bu gün mənim üçün zaman itkisinin yanğısı cox ağrılı, çox yandırıcıdı...

-İsrail müəllim, bu 70 ildə nələri itirib, nələri qazanıb?

-Ən böyük və yeganə qazancım ailəm, uşaqlarım və nəvələrimdır. İtirdiklərim isə həyatda çox olub. Onları yada salmaq istəmirəm. Yəqin ki, bütün bunlar alın yazımdır. Çünki mən alın yazısına çox inanıram. Bundan sonra isə Böyük Yaradandan istəyim can sağlığıdır. Çünki yazacağım hələ çoxlu əsərlər var. Eləcə də 10-dan artıq kitablarım var ki, maliyyə imkanımın olmamasından hələ də onları çap etdirə bilmirəm. Yazıçı üçün hər bir kitabının çap olunması, yeni övladının dünyaya gəlməsi deməkdi.

- İsrail İsmayılov yenidən dünyaya gəlsəydi, necə yaşayıb, Ulu Tanrıdan hansı taleyi istəyərdi?

- Bütün bu ağrı acılarıma, itirdiklərimə baxmayaraq, həyata yenidən gəlsəydim və məndən hansı taleyi yaşamağı xəbər alsaydılar, israrla deyərdim ki, “elə bu taleyi yaşamaq istəyərdim”. Çünki bu taleyin ağrı-acısına mənim təkcə bədənim yox, həm də ruhum öyrəncəlidi. Və istəməzdim ki, mən çəkdiyimi kimsə yenidən çəksin. Çünki hər bir insan ona yazılmış taleyin icraçısıdı. Bu gün mən də icraçısı olduğum taleyimdən, alın yazımdan çox razıyam. Buna da min şükür…

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə