İmadəddin Nəsimiyə «Məndə sığar iki cahan» qəzəli səpkisində müraciət

Səndə iki cahan sığdı: biri cismin, biri dünya,

Cismi təndə bu can sıxdı, getdin, qaldı diri dünya.

Kor gözlərə tikan oldun, insanlığa təkan oldun,
Gövhəri-laməkan oldun, səndən aldı dəri, dünya.

Laməkan qadir Allahdı, qəlbə ənəlhəq agahdı,
Haqq yolu sənə pənahdı, səpələyir şəri dünya.

Kövn-məkan sənlik deyil, azı, o bədənlik deyil,
Bura sənlik-mənlik deyil, durmaz üzübəri dünya.

Gizlilik ruhuna hakim, zərrə tək uduldun lakin,
Az oldun dövrünə sakin, çarxı dartdı geri, dünya.

Bostan barsız, dirrik azdı, ayətində sirlik azdı,
Məkanında yerlik azdı, yuyar pakı-kiri, dünya.

Nəsimi, xoşdur niyyətim, həm də cüzi qətiyyətim,
Demə, uludur ayətim, udar diri-diri, dünya.

Həyat bir həyat deyil uş, heç alababat deyil uş,
Gülşəkər nabat deyil uş, yaymaqda zəhəri dünya.

Tənlərdən axıtdın qanı, dərisiz qoydun şux canı,
Məhv etdin piri-cavanı, qopartdın çox səri, dünya.

Valeh bir od oğlu, düzü, çox eşdin kösövü-közü,
İçində puç etdin bizi, şişdin, oldun iri dünya.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə