Mərdan Xubalı oğlu Dadaşlı 1963-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olub. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun məzunudur . Hal-Hazırda Yardımlı rayonunun Anzov kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi işləyir. Mərdan Dadaşlı Yardımlı rayonunda sayılıb-seçilən ziyalılardan biri olmaqla qabaqcıl təhsil işçisidir. Uzun illər pedaqoji sahədəki xidmətlərinə görə 2014-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. O, pedaqoji fəaliyyəti ilə yanaşı mütəmadi bədii yaradıcılıqla da məşğul olur. Dövrü mətbuatda mütəmadi olaraq şeirləri ilə çıxış edir. "Qanun" nəşriyyatı tərəfindən ilk kitabı "Gün gələcək" 2003-cü ildə və "Məni dağlara aparın" kitabı 2007-ci ildə işıq üzü görüb. Hər iki kitabı oxucular tərəfindən maraqla qarşılanıb.
Əziz oxucular. Sizə onun bir neçə şeirini təqdim edirik. İnanırıq ki, bu şeirlər sizin xoşunuza gələcək.
Ağalar İDRİSOĞLU, Əməkdar İncəsənət Xadimi
As özündən
Bəsdi, yad üzlə gəzdin,
Üzünü as özündən.
Qan salan, ev dağıdan,
Sözünü as özündən.
İmtahandı bil, həyat
Zarafat deyil həyat.
Pis əməli itir, at,
Düzünü as özündən.
Sözünlə bacarmasan,
Üzünlə bacarmasan,
Özünlə bacarmasan,
Özünü as özündən!
Gecdi artıq
Niyə başa düşmürsəm,
Bizimki gecdi artıq.
Sənə nə verəcək ki,
Darıxmaq gecdi artıq.
Hər şeyin bir sonu var,
Yoxsa bilmirdin, axmaq?
Səni tez qocaldacaq,
Tez-tez güzgüyə baxmaq.
Çox görsənmə özünə,
Çalış yayın gözündən.
Bəlkə yayınmaq oldu
Günün, ayın gözündən.
Hər gələn gün gərəksiz
Göz yaşını artırar.
Olanını itirmə,
Qoy başının altına.
Niyə başa düşmürsən,
Bizimki keçdi artıq.
Sənə nə verəcək ki
Darıxmaq gecdi artıq.
Gözlərim yol çəkir
Gözlərim yol çəkdi hey,
Payızdan yaya kimi.
Bizim kasıb komadan,
Sizin odaya kimi.
Bir yolçusu görünmür,
Bu yol gedir, ya gəlir?
Kabus kimi kölgələr,
Dəyir gözümə bir-bir.
Əgər yolçusu yoxsa,
Tənhadı, təkdi yollar.
Gözüm yol çəkə-çəkə,
Ömrümü çəkdi yolar.
Məni
Haqdan başqa yolum yox ki,
Qoy oda atsınlar məni.
Doğrasınlar dilim-dilim,
Ya göydən atsınlar məni.
Ömrüm, günüm olsa da qəm,
Demirəm ki, bəxti nəsəm.
Mən əhdinə sadiq kəsəm,
Yüz yol sınasınlar məni.
Həyat deyilən budusa,
Bitəcək, uzun, ya qısa.
Olum yox, ölüm haqdısa,
Ölümə yazsınlar məni.
Mən əhdinə sadiq kəsəm,
Yüz yol sınasınlar məni...
Dinc elə
Çətin, rahat anım ola,
Yanan ola, yanam ona.
Mənim özgə canım ola,
Qoyam canımı dincələ.
Ağrım, acım olar aram,
Mən nəfsimi edəndə ram.
Dərinlərə kök atıram,
Canım incələ-incələ.
İnam, imam qəlbimdə tam,
Nicat yolu var, tapmışam.
Mən Qurana inanmışam,
Həm də Zəbura, İncilə.
Çəkir məni gözəl aləm,
Yolu olsa da dərd, ələm.
Tanrım, sənə yol gəlirəm,
Mənim ruhumu dinc elə.
Əlimi bərk tut
Yenə xəyalıma gəldin bu gecə,
Dörd divar.Tənhalıq.Ölü bir sükut.
Ay da pəncərəmə gələr indicə,
Çəkilsə önündən o qara bulud.
Danışa bilmirəm əsir dodağım,
Sözlər qırıq-qırıq donur dilimdə.
Bəlkə yıxılardım özüm özümdən,
Yaxşı ki, sən varsan, əlin əlimdə.
Danış ki, dincəlsin ruhum o səsdə
Bir az məlhəm eylə dərdü-sərimə.
Gülüm, başını qoy sinəmin üstə,
Çəkim gül ətrini ciyərlərimə.
Ya da heç danışma, qəlbimi dinlə,
Gör nələr çəkmişəm hicran dağından.
Getmə, sübhə kimi sən qal mənimlə,
Çıxım bu gecənin qaranlığından.
Yenə xəyalıma gəldin bu gecə,
Dörd divar.Tənhalıq. Ölü bir sükut.
Necə nisgillidir həyat beləcə,
Bədənim uçunur, əlimi bərk tut!
Əlimi bərk tut!
Kənd yolunda
Ağlım kəsdi,oyandım,
Anladım,haqqı andım.
Coşub-daşdım,bulandım,
Duruldum kənd yolunda.
Düşmürdü həsrət yada,
Çıxdı qarşıma o da.
Düşdüm alova,oda,
Vuruldum kənd yolunda.
Kənd yolu,ömür yolum,
Bu yolda yaşa doldum.
Ağa oldum xan oldum,
Qul oldum kənd yolunda.
Həyat başımı qatdı,
Ümid məni yaşatdı.
İllər keçdi,yaş artdı,
Yoruldum kənd yolunda.
Tale beləymiş əlbət,
Çox şeyə qaldım həsrət.
Sinəmdən keçdi hər dərd,
Yoruldum kənd yolunda!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB