Masallı yazarlarının söz boxçası

Cənub bölgəsinin təbiəti, coğrafiyası, relyefi füsünkar və göz oxşayan olduğu qədər də onun ictimai ab-havası rəngarəng, al-əlvandır. Regionda beş ətraf rayonun qovşağında yerləşən Masallıda tarixən sözə, sənətə meydan geniş olub. Bu torpaqda Teymur bəy Bayraməlibəyov, Böyükağa Talıblı, Molla Mücrüm, Mir Kazım Aslanlı - Sarəng və b. kimi neçə-neçə görkəmli qələm ustaları - ictimai- siyasi xadimlər yetişib. Xüsusilə, son illərdə qələmini söz mülkünün geniş meydanında sınayan ədiblərin sayı günü - gündən xeyli artmaqdadır. Sevindirici haldır ki, ötən son 5-6 (2010-ci ildən üzübəri) ildə rayonda pərvəriş tapan "Göy qurşağı" ədəbi məclisinin 100-dən artıq üzvü vardır. Həmin məclisin fəxri sədri seçilən tanınmış tarixçi - etnoqraf, şair Xanəli Tolışın sənətinin işığına toplaşan şair və yazıçıların yaradıcılıq nümunələri dövri mətbuatda sistemli şəkildə dərc olunur, bir çoxlarının bir və ya bir neçə kitabı işıq üzü görmüşdür.

"Göy qurşağı" ədəbi məclisi üzvlərinin bədii yaradıcılığına diqqət və həssaslıla yanaşan, səhifələrində onlara geniş meydan verən "Azad Azərbaycan" qəzetinin, SİA agentliyinin və Az.PRESS.az saytının yaradıcı kollektivlərinə yazarlarımız adından dərin təşəkkürümüzü, minnətdarlığımızı bildirirk. Qəzetin və saytların oxucuları gələcəkdə Masallı ədiblərinin söz boxçasından, könül oxşayan neçə-neçə sənət nümunələri ilə tanış olacaqlar.

Xodaşirin Cəbiyev (Cabbarlı)

Yazıçı-publisist, jurnalist-tədqiqatçı

Xanəli Tolış

(Tarixçi - etnoqraf, şair Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" media mükafatı laureatı)

Xəbəriniz varmıdır?

Bu dünyanın haramını yeyənlər !

О dünyadan xəbəriniz varmıdır ?

Evlər yıxıb, "mənəm-mənəm" deyənlər !

O dünyadan xəbəriniz varmıdır ?

Millətləri bölüb dosta, yadlara,

Satıldınız titullara, adlara.

Uyub haram ləzətlərə, dadlara,

O dünyadan xəbəriniz varmıdır ?

"İmam" deyib, ey Şeytana yananlar !

Ey, həmişə " təzə" olan "cananlar" !

Ey, "İncil"i, ey, "Quran"ı dananlar !

O dünyadan xəbəriniz varmıdır ?

Para yığıb, soymadınız ta, kimi,

Gədaları yaşatdınız Şah kimi.

Əsrin min - min ədalətsiz hakimi !

O dünyadan xəbəriniz varmıdır ?

Ey, rüşvəti "xalvar" ilə alanlar !

Dillərinə yalan "yamağ" olanlar.

Ey, Nəmrudu, ey, Şəddadı ananlar !

O dünyadan xəbəriniz varmıdır ?

Gəlir daha ömrünüzün "xəzan"ı,

Cənnətəmi almısınız "viza"nı ?

Haqdı onun tərəzisi - mizanı...

O dünyadan xəbəriniz varmıdır ?

22. 12. 2013-cü il

Mir Kazım

Təbib, şair, bəstəçi, ifaçı… Mir Kazım Aslanlı - Sarəngin əziz xatirəsinə ithaf edirəm

Gəlmişik bahar günü məzarın üstə, Mir Kazım,

Bəzəsin qoy üstünü gül dəstə-dəstə, Mir Kazım.

Göydə Allah eylədi şair səni, yerdə Mehrac,

Bir üzü laləgüzar, ləbləri püstə, Mir Kazım.

Dolaşıb "İsti-su"yu, "Yanardağ"ı, "Mişarçay"ı,

Dərdinə "Dəmbəlov"un yazdın şikəstə, Mir Kazım.

Nüsxənə məlhəm yazıb ot-ələfi, gül-çiçəyi,

Əlinlə tapdı şəfa, gör neçə xəstə, Mir Kazım.

Sadədən sadə idin, inandın hər "dost" deyənə,

Arxadan vurdu səni, gülsə də üzdə, Mir Kazım.

Yurdumun bəstəçisi, şairisən, Loğmanısan,

Yaşayır hər xatirən cığırda, izdə, Mir Kazım.

Dostumuz Xodaşirin ömrünü almış qələmə,

Cəddindən ol cavana uğurlar istə, Mir Kazım.

Xanəli sevgisini yazdı, dua etdi: Xuda,

Sənə rəhmət eyləyə bu dəşti-düzdə, Mir Kazım.

24.05.2012-ci il

Balamirzə Cəfərli

(Tibb işçisi, Qarabağ müharibəsi veteranı, "Vətən" media mükafatı laureatı)

Bacım, səndən nigaranam

(Qarabağ uğrunda şəhid olan Rövşən Bağırovun anası bacım Minarəyə ithaf olunur)

Ürəyində bala dərdin,

Bacım səndən nigaranam.

Qəm-kədərə sinə gərdin,

Bacım səndən nigaranam.

Göz yaşların yanağında,

Bəxtin hicran oylağında.

Mən uzaqda, qəm yaxında,

Bacım səndən nigaranam.

Bu həyat dastan kimidi,

Bilmək olmur yazan kimdi.

Ömrün yelkənsiz gəmidi,

Bacım səndən nigaranam.

Saçların dümağ, qar təki,

Qəm yuvası köksündəki.

Eh, ölməyə nə vardı ki?...

Bacım səndən nigaranam.

Mən hardan bilim?

Bir məmur kürsüyə çıxıb danışdı,

Ayaqlar yoruldu, dil yorulmadı.

Ulduzdan danışdı, aydan danışdı,

Alqışlar səsləndi, haqq sorulmadı.

Gün ötdü, ay ötdü, il tamam oldu,

O məmur birinə süfrə sərmədi.

Yağış da yağmadı cücərsin toxum,

Vətən sevənlərin barın dərmədi.

Onu kim etmişdi kürsüyə dəvət,

Enli kürəyinə kim çəkmiş əlin?

Mindiyi maşın da, tikdiyi ev də,

Xalısı, xalçası, daş-qaşı elin.

Mən hardan bilim ki, kimin oğludur,

Gözünün üstündə kimin qaşıdı.

Bildiyim təkcə bu: arxası dağdı,

Soyaraq milləti evə daşıdı!!!

23.09.2010-cü il

Əlizaman Baxış

(Filoloq, yazıçı - publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

Yarı vardı, yarı yox

Ömür keçdi, bu dünyanı

Yarı gördüm, yarı yox.

Savaş etdim, silahımın

Yarı kaman, yarı ox.

Nələr gəldi başıma,

Zəhər qatdim aşıma.

Dostuma, sirdaşıma

Yarı yandım, yarı yox.

Qəlbim tarü-mar oldu,

Sözüm zəhrimar oldu.

Dünya mənə dar oldu,

Yarı bildim, yarı yox.

Ömürdən nə qaldı ki!?

Dünya qeylü-qaldı ki?!

Həyat elə baldı ki -

Yarı yedim, yarı yox.

Dünya sirli dünyadı,

Var nəşəsi, fəryadı.

Ömür özü dəryadı,

Yarı keçdim, yarı yox.

Gözüm yumub açınca,

Yaş ötdü mən sayınca.

Haqq qapısın açınca,

Yarı açdım, yarı yox.

Ömrüm elə yandı ki!

Bir vaxt gördüm sondu ki!

Dərdlərim milyondu ki -

Yarı saydım, yarı yox.

14-15.11.2006-cı il

Neyləyim

Bahar çağı narın yağış olaydım,

İsladaydım əndamını, canını.

Dərya olub titrəyəydim, daşaydım,

Coşduraydım ürəyini, qanını.

Gəl əzizim, qoşa coşaq, çağlayaq,

Çağlamasan, mən tək qalıb neyləyim?

Günəş olub parlayaydım, yanaydım,

Əridəydim ürəyimin buzunu.

Bir ney kimi doğram-doğram olaydım,

Hey çalaydım: "Çoban qaytar quzunu."

Bu mahnını hər ikimiz oxuyaq,

Oxumasan, mən tək qalıb neyləyim?

Ömür yolu çox da uzun deyil ha!

Tale bizi çox sınaqdan çıxartdı.

Qəlbimizi biz bağladıq Allaha,

Ümidimiz nə azaldı, nə artdı.

Bu ümidlə axıracan yaşayaq,

Yaşamasan, mən tək qalıb neyləyim?

Zaman olub uzadaydım ömrünü,

Yaşayaydın ürəyimin başında.

Kəklik kimi pərvazlanan könlümü,

Qonduraydın uca bir dağ başında.

Hər ikimiz cüt quş olub uçaydıq,

Sən uçmasan, mən tək qalıb neyləyim?

İkimizin dərdi birdir, səri bir,

Dərmanımız bir Loğmanın əlində.

Biz bilmədik ömür nədir, gün nədir,

Əzbər olduq bədxahların dilində!

Kaş əzəldən bədxahlardan qaçaydıq,

Sən qaçmasan, mən tək qalıb neyləyim ?

İnamımız, ilqarımız kütləşib,

Etibarı əldən verdik, nədəndir?

Hərdən-birdən heç nə üstə pərtləşib,

Elə sandıq guya zəmanədəndir.

Gəl, sən Allah, bu sözləri boşlayaq,

Boşlamasan, mən tək qalıb neyləyim?

Zəmanənin üzü qara, gözü kor,

O nə bilir yaxşı nədir, pis nədir.

İnsan adlı şeytan sənə qursa tor,

Şeytan, vallah, burda bir bəhanədir.

Gəl, ikimiz bu şeytanı daşlayaq,

Daşlamasan, mən tək qalıb neyləyim ?

Səndən mənə eşqin qalıb yadigar,

Məndən sənə nə qalacaq, bilmirəm?

Məhəbbətin nə doğması, yadı var,

Mənim eşqim yadlaşacaq, bilmirəm?

Ömrümüzü gəl, təzədən başlayaq,

Başlamasan, mən tək qalıb neyləyim ?

03.08.2004-cü il

Bütün xəbərlər Facebook səhifəmizdə