(Felyoton)
8 mart günü idi. Sirdaş dediyim bir gözəl xanımla 25 yaşını ötmüş oğluma qız bəyəndirmək üçün bir yerdə görüşməli idik. Qızla anası, bir də bibisi binanın qarşısında dayanıb bizi gözləyəcəkdilər. Mənim sirdaşım məndən qabaq gəlib onlarla görüşüb, öpüşüb məni və oğlumun yolunu gözləməkdə olsunlar. Sizə kimdən deyim bax, elə özümdən. Mən də bir ana kimi – oğul deyəndə qəlbimin tutulan damarları açılan, fərəhdən könlüm gülən, arzularımın tacı olan oğluma qız bəyəndirməkdən ötəri özümə bir səliqə-səhman vermişəm ki, gəl görəsən. Nağıllardakı kimi 72 qələmlə-qaşa vəsmə, gözə sürmə, ənlik-kirşan da ki, öz yerində. Qonşunun gəlnindən xahiş edib dedim ki, bu gün bir yerə getməyəcəksənsə, əyninə geydiyin 3000 min manatlıq şubanı ver, geyinib gedim qız bəyənməyə. Sağ olsun gəlini, şubasını gətirdi, geyindim. Elə qəşəng yaraşdı ki, gəl görəsən. Üstündən bir fransız ətri də vurdu ki, elə bildim cənnətdəyəm. Geyinəndən sonra yadıma düşdü ki, gəlinin "8 mart" bayramını təbrik etməmişəm. Təzədən qucaqlayıb o üzündən, bu üzündən öpüb, dil-ağız edib, sumkamı, telefonumu, bir də o biri qonşudan aldığım bu şubaya düşən norka papağı da götürüb, evdəkilərlə sağollaşıb getməyə tələsdim. Metrodan çıxmamışdan qabaq metronun içindəki mağazalara əlüstü baş çəkdim. Endirimlə bağlı yazılan qiymətlərə baxıb, yönümü ora saldım. Adamlar çox idi. Qiymətləri iri rəqəmlə kağıza yazıb paltoların üstünə vurmuşdular.
Mənim geydiyim kirayə paltodan yox ha…"prastoy". Yaxınlaşıb soruşdum: "Ay oğul, bunların qiyməti niyə belə ucuzdur". Satıcı oğlan mənə cavabında: "Bibican sizin bayramınıza görə endirimlər etmişik. " Mən də -bağışla oğlum",- deyib, paltoları bir- bir nəzərdən keçirməyə başladım. Mənə deyən gərək ki, əynində o bahalığında palto ola-ola, sənin bu ucuzlaşmış paltoların arasında nə işin var axı. Yox, ey, əynimdəki palto mənimki deyildi axı. Həqiqətdə isə elə yaşadığımız hayat da özümüzə bənzəyir. Necə deyərlər, "üstü bəzək, altı təzək". Paltoların arasında itib batmışdım. Amma almaq üçün seçimdə acizlik çəkirdim. Çünki paltolar hamısı biri-birindən gözəl idi. Çox təəccüblənmişdim. "10 manat" qiymətə bax, paltolara bax. Nə isə…
Baxa-baxa az qala satıcı oğlanın ağzına girmişdim. Satıcı oğlanın mənə acığı tutdu: "Ay bibi gözümə girməyəcəksən ki, hara girirsən tay". "Bağışla, oğlum"- deyib metrodan çıxdım…Görüşün vaxtına az qalırdı. Gedə-gedə zəng etdim, məni gözləyirdilər. Mən çox fərəhlə bir-birinin əlindən tutub gedən qızla oğlana, əlində gül dəstəsi tutmuş orta yaşlı kişilərə, cavan oğlanlara, sevgilisi üçün aldığı ətri sınəsinə sıxan tələbələrə baxıb sevinirdim. Mənim kimi hamının üzündə təbəssüm vardi. Qəribə idi ki, mən hamıya heyranlıqla baxdığım kimi, hamı da mənə baxırdı. Sanki hər kəsin nəzəri mənə dikilmişdi. Mən yəqin etdim ki, bu baxışlar yəqin nə gözəlliyimə, nə də əynimə geydiyim bahalı şubaya dikilb. Elə bu vaxt tanımadığım bir kişinin mənə yaxınlaşdığını gördüm.
- Bayramınız mübarək. Bağışlayın siz Nərgiz xanımsınız?
- Xeyir, mən Qərənfil xanımam. Sizə nə lazımdır?
- Siz mənə çox tanış gəlirsiniz. Sizi haradasa görnüşəm. Amma xatırlaya bilmirəm ki…
- Ola bilər qardaş- deyib, getmək istədim. O, yenə qabağıma keçdi. Elə qorxdum ki..
- Axı, niyə qaçırsınız Nərgiz xanım. Mən pis insan deyiləm.
Dedim aha. Bu köpəkoğlu mənə "padxod" eləyir.
Mən isə ona: - Mən sizə dedim axı, mən Qərənfiləm, Nərgiz yox, -deyib acıqlı şəkildə ondan tələsik uzaqlaşmağa başladım. O, isə arxadan - Axı, sizzz…
Elə bir az getmişdim ki, bir oğlanın sakit şəkildə mənə yaxınlşıb:
- Salam, xanım. Bayramınız mübarək. Deyəsən bu bayramda kişilərə əsl sürpirizi siz etmək istəyirsiniz, hə…
Mən oğlanın fikrindən heç nə anlamayıb öz növbəmdə nəzakətlə ona cavab verdim:
- Salam oğlum. Çox sağ ol.
- Bağışlayın xanım, bayaqkı kişiyə yaman acıqlı cavab verdiniz. Bəs mən necə xoşunuza gəlirəmmi? Zəhmət olmasa, deyin görək, nə vaxt və harda görüşürük?
Mən oğlanın sifətinə tərs bir şillə ilişdirdim. Ona deyəcəyim sözləri dilimin ucuna heç gətirməmiş, oğlan bir əli sifətində, bir əlini isə yaxama uzadıb:-bəs bu nədir?.
O, yaxamdan "10 man" yazılmış kağızı çıxarıb, az qala gözümə soxacaqdı.
Mən oğlanın əlindən "10 man"atlıq kağızı alıb, ona baxa-baxa fikrim paltoların yanına getdi. Sən demə bayaqdan mənə dikilən baxışlar bu qiymətə görə imiş. Vaxseyyy, deyib, kağıza dönə-dönə diqqət elədim. Sanki kağız yox, pul tapmışdım. Əsəbimdən kağızı cırıq-cırıq edib, təmkinimi pozmadan, özümü itirmədən:
- Oğlum bu mənim yox, bayaq metroda baxdığım paltoların qiymətidir. Əynində 3000 mantalıq şuba, başında 200 manatlıq norka qoyan qadının qiyməti bu ola bilməz axı. Görün nə qədər düşüncəsizdi bizim bu kişilər…
Bir yandan onlara yazığım gəldi, bir yandan özümə. Fikirləşdim ki, qonşuların bahalı şeylərini əyninə geyib, üstümə qoyduğum qiymətə bax. Şoğəribə bax ha… Heç olmasa bahalı qiymət yapışsaydı nə dərdim vardi…
Elə belə öz-özümə gülə-gülə görüş yerinə yaxınlaşdım. Dostlar məni görüb sevincək qucaqlaşdıq. Bayramımızı təbrik edib, içəri təşrif buyurduq. Oğluma bəyənəsi qıza diqqət elədim. Pis deyildi. Sən demə, oğlum məndən qabaq gəlib qıraqda dayanıb qıza tamaşa edibmiş. Daha xəbəri yoxdu ki, mən də qonşunun bahalı şubasıyla özümə əməlli-başlı müştəri yığmışdım.
Başıma gələnləri dostlara danışıb, xeyli gülüşdük. Bu mənim onlara bayramda gülüş payım idi. Amma, öz aramızdı ha, oğlumu deyə bilmərəm, mənim bəxtim yaman açılmışdı, ha…
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB