Zənnimcə, yaradıcı insanların daxili aləmləri onların ərsəyə gətirdikləri işlərdə, əməllərdə olur. Bir rəssamın qəlbi onun rəsm əsərlərində, rejissorun dünyası çəkdiyi filmlərdə, şairlərin ürəyi isə yazdıqları şeirlədə gizlənir... Elə haqqında yazmağa çalışdığım kövrək qəlbə, dolğun poeziyaya, səmimi rəftara sahib olan şairə-jurnalıst Jalə Rzabəyli kimi.

"Əziz oxucum! Əlinizə alıb vərəqləyəcəyiniz, vərəqlədikcə bələd olacağınız duyğularımdan sizlərə bir şeir çələngi hazırladım. Ancaq bu şerlər oxunmaq xətrinə yazılmadı. Hər sətirdə, hər bənddə qəlbimdən keçən duyğuları dilə gətirməyə çalışdım... Bu aləmdə hamıdan gizlətdiklərimi, etiraflarımı, etirazlarımı, hiss etdiyim hər nə varsa hamısını sizlərlə paylaşıram. Buna nə qədər nail oldum bilmiriəm. Bircə onu bilirəm ki, hisslər qəlbimə sığmayanda , içimdə başqa bir aləmin olduğunu biləndə yarandı bütün bunlar...". Bu sözlər şairə-jurnalist Jalə Rzabəylinin "Yol ver dağlar "adlı kitabında yazdığı cümlələrdir.

- Poeziya aləmində cəsarətli addımlar atan gənc şairə Jalə Rzabəylinin şeirləri ilə ilkin tanışlıqdan sonra bu qənaətə gəldim ki, o, içində kök salan böyük bir kədərin bədii portretini çəkmişdir. Bu kədərin mayasında Vətən məhəbbəti və itirilmiş torpaqlar, yarımçıq talelər dayansa da şeirlərin əksəriyyətindən incidilmiş və tənha qalmış ürəyin fəryadı boylanır. Əlbəttə biz bu kədər yükünün təkcə Jalə xanıma aid olması fikrindən xeyli uzağıq. Şairənin vətən üçün yazdığı bir şeirdə belə deyilir:

Bu kədər ürəkdən çətin silinə,

Şuşasız, Laçınsız keçən ilinə,

Haqqı, ədaləti deyən dilinə,

Dərddən düyünlənən qaşına qurban.

Təkcə öz misrasında "dərddən düyünlənən qaşı"ı öz oxucusuna göstərən şairə poeziyaya gəlişini ciddi əsaslara söykəndiyini bəyan edir. Onun hər bir şeiri məhz belə orijinal poetik tapıntı ilə xarakterikdir. "Yetim suallarıma böyun bükür cavablar" deyən Jalə əslində bu günümüzün reallığının irəli sürdüyü çoxsaylı suallara cavab tapa bilməməyimizin fərqinə varır. Mən Jalənin şeirləri ilə tanış oldum və mənə elə ğəldi ki, qəlbən şair olan Jaləni poeziya öz ağuşuna almışdır və həssas qəlbli oxucular üçün hifs etmişdir. Jalə Rzabəylinin, əsasən, tənhalığa etirazı üzərində köklənmiş şeirləri mənə XIX əsrin şairəsi Emili Dikinsonu xatırlatdı. E. Dikinson az qala bütün ömrünü tənhalıqla keçirmiş, daha çox Allaha müraciət edərək özünəməxsus, təkrarsız poeziyasını yaratmışdır. Jalə isə daha çox onun şair qəlbinə toxunmuş vəfasız aşiqi öz müsahibinə çevirir və tənhalığının mahiyyətini qiymətləndirməyə çalışır:

Düşməsin yadana acı sözlərim,

Qəlbində ən şirin sözümü saxla.

Kədərə bürünmüş baxışımı yox,

Gözündə sevdalı gözümü saxla.

Və ya:

Qəlbimdə xəstəlik axtarma, təbib,

Yorma gözlərinin sən qarasını.

Tibbin məharəti o gücdə deyil,

Cihazlar anlamaz "söz yarası"nı...

Belə bəndlər, yeni ifadələr şairənin yaradıcılığında az deyil. Bu isə poeziyada yeni sözün, yeni nəfəsin gəldiyini göstərir. Jalənin nikbin ruhda yazdığı şeirlərinə rast gələndə onun kədərin fövqündə dayanmağına baxmayaraq nikbinliyini itirmədiyini də gördüm. Bəzi şeirlərində şairə fərəhini bölməyə tələsir.

Şəlalədən axışımı,

İz qoyduğum naxışımı,

Nəzərlərdən baxışımı,

Seçə-seçə axtar məni.

Uzaq olma sən Jalədən,

İylə təzə-tər lalədən,

Eşq şərbətin piyalədən,

İçə-içə axtar məni.

Bu kitabdakı şeirlərlə təmasa girəcək hər bir oxucunun bundan sonra da Jalənin imzasını axtaracağına, onun poeziyasının qəmini dağıtmağa və sevincini bölüşdürməyə tələsəcəyinə inanıram. Doğulub böyüdüyü Naxçıvana, ata ocağına olan dərin ehtiramı, sevgisi Jalənin yaradıcılığında öz əksini parlaq şəkildə tapmışdır.

Sonra dəyişşək də hamımız eyni

Gəlirik dünyaya ana bətnindən.

Günbəgün könlümüz qızır, isinir,

Ata ocağının hərarətindən.

Və ya:

Ana dediyimiz doğma vətənin

Qəmli gözlərinin yaşına qurban.

Sınıq ürəyinə, kövrək qəlbinə,

Kədərdən ağaran başına qurban.

Zeydulla Ağayev, filologiya elmləri doktoru, professor

Bütün xəbərlər Facebook səhifəmizdə