Son bir an
(Hekayə)
... Ayıldı. Yenə səhər idi. Günəşin ilıq şüaları onun ağbəniz çöhrəsində şıltaqlıqla oynadı. O, gülümsündü. Çoxdan idi heç gülmürdü. Sonuncu dəfə nə zaman güldüyü heç yadına belə gəlmirdi. Yatağından qalxan kimi illərlə topladığı çiçəklərə baxdı, düşündü... və nədənsə məhz bu səhər düşündü... O, həyatda olmasa- bircə bu çiçəklər xatırladacaq onu. Ancaq yox, niyə tək çiçəklər? Bəs tərbiyəli övladları? Bəs vəzifəli əri? Bəs dostları, qohum- qardaşları necə? Xatırlamayacaqlar? Eh, onların hərəsi öz- özlüyündə tamamilə fərqli idilər. Axı onlarla heç söhbəti belə alınmırdı. Yəqin başına bir iş gəlsə, gəlib yalandan ağlayıb- sızlayıb, sonra da ürəklərində- "nə yaxşı oldu"- deyəcəklər. İkiüzlülər-, deyə düşündü. Yenə çiçəklərə tərəf boylandı. Onlar insanlardan daha doğma idi onun üçün. Və məhz onun qulluğuna ehtiyacları var idi, bu zərif çiçəklərin. O, onları uzun illər idi toplayırdı. Çiçəkləri xarici ölkələrdən də gətizdirirdi. Burada hər cür çiçək var idi: orxideyadan tutmuş iri bahalı havay bambukları, hətda kiçik ətirli dağ bənövşələrinə kimi. Çiçəklər hər yerdə səpələnmişdi. Pəncərə boyu, eyvanı, birinci mərtəbəni, hətta mətbəxi də özünə ram etmiş bu qeyri-adi canlı bitkilər hərdən onunla əri arasında narazılıq yaradırdı. "Evi botanika bağına döndərmisən ki", - deyə əri hərdən qileylənirdi. Amma, o həyat yoldaşının bu sözlərinə əhəmiyyət vermirdi. Heç ona çiçəkləri haradan və hansı məbləğə gətirdiyini belə izah etmək istəmirdi. Buna onun nə vaxtı, nə də həvəsi olmurdu. Axı o, çiçəklərdən nə anlayır ki! Yetər ki, onunla lazımsız suallara yol veməsin, vəssalam. O, ümumiyyətlə sual sevmirdi. Və çox tez- tez çağrılan televiziya verilişlərinə getdikdə, düşünürdü: "yenə qeyri- səmimi suallar ilə məni yalan danışmağa məcbur edəcəklər". Bəli, bu onun həyatı idi... hamı üçün kənardan maraqlı görünən, xoşbəxt sayılan, özü üçün isə darıxdırıcı, hətta bəzən mənasız saydığı qəribə həyatı.
İki gün əvvəl xaricdə yaşayan bacısı ilə danışdı. – Açığı heç nəyə görə yaşayıram, bilmirəm,- dedi.
Bacısı: Naşükürv olma, dedi,- əstəğfürüllah de. Nəyin yoxdur ki?
- Məgər bununla bitir? Bəs anlam? Bəs qayğı? O başa düşdü ki, bacısı da onu heç anlamır və tezbazar onunla sağollaşıb, dəstəyi asdı. Çiçəkərə yaxınlaşdı. Onları iki gün idi ki, suvarmırdı. Tez işə başladı. Əvvəl bu işi köməkçisinə həvalə edirdi, amma son bir il idi ki, heç kəsə etibar etmirdi. Xoşagəlməz hadisədən doğrudan da bir il keçirdi. Söz necə də vaxtına çəkərmiş- atalar yaman doğru deyib. Bir il əvvəl rəfiqəsinin xahişi ilə evinə köməkçi götürmüşdü. Qadın çox sakit və nəzakətli idi, demək olmaz ki, bütövlükdə xoş təsir bağışlayırdı, bununla belə, o, söz vermişdi, qadına iş lazım idi- ona köməkçi. Odur ki, hər ikisi də dözürdü. Ancaq, bir gün oyanıb, o dəhşətli mənzərə ilə üzləşdi. Onun qeyri- adi, çox çətinliklə uzaq ölkələrdən gətirdiyi çiçəklərin yarısından çoxu saralıb solmuşdu. Sən demə, köməkçi qadın evin xanımının qılığına girmək üçün, daha aydın desək, bu "buz ledinin" donmuş ürəyini əritmək üçün, onun zəif damarı sayılan sevimli çiçəklərinin yarpaqlarını təmizləyərkən, onları korlamışdı. Bir sözlə, qaş düzəltmək istərkən, sən demə, vurub görən gözü çıxarıbmış.
O, köməkçisinə nə dediyini dəqiq xatırlamır. Yalnız bir şey yadında idi: səsinə qonşu otaqlardan uşaqları da gəlmişdi. Çox maraqlıdır, necə oldu ki, onda onun ürəyi dayanmadı? Hər halda, o özü belə düşünürdü. Sözsüz ki, elə həmin dəqiqə qadın öz iş yerindən uzaqlaşdırıldı. Evin sahibəsi üçün isə təcili yardıma zəng vurmalı oldular. Bütün bu hadisələr nədənsə indi onun xatirinə yenidən qonaq gəldi. Qəfil gələn qonaq kimi də, xoşagəlməz tərzdə onu narahat etməyə, daxildən sıxmağa, didib- parçalamağa başladı. Dönüb saata baxdı: artıq tələsməli idi: tez əl- üzünü yudu. Səhər yeməyini yemədən evdən çıxdı. Avtomobilinə əyləşib, mühərriki işə saldı. Çox maraqlıdır, amma elə bil bu gün fərqlənirdi başqa günlərdən. Sanki məhz bu gün nə isə baş verəcəkdi. Qəlbində xoşagəlməz bir hiss vardı. Maşın evin həyətindən çıxdıqda, son dəfə evinə nəzər saldı. Bu böyük yaraşıqlı evdə çoxlarının gözü vardı. Amma evinə baxdıqda, nədənsə həmişəki kimi təkəbbür hissi yaşamadı. Elə hey fikirlərini toplamağa cəhd edirdi. Budur, artıq maşın axınına qatılıb, o da, sanki ağacdan qopan yarpaq kimi, digər yarpaqlarla havada uçuşur, onlarla elə bil ki yarışa girirdi. O, indi enli döngəyə burulmalıdır, fikirləri isə ona rahatlıq gətirmirdi. O, sanki bir yuxu görürdü, dəhşətli bir yuxu və oyana bilmirdi. Birdən, oyandı, daha doğrusu, oyandırdılar. Dəhşətli, tükürpədici insan fəryadı onu yuxudan oyanmağa məcbur etdi, tamamilə xülyalardan ayırdı. Deyəsən, bədbəxt hadisə baş vermişdi, özü də bir göz qırpımında. Hardansa qəfildən çıxan bir yaşlı kişi elə bil avtomobilə çırpmışdı özünü. Qəribəsi bundadı ki, o, bu cür çırpılmanı hiss etməmişdi. İlahi, o, necə də fikirli imiş! Sürətlə gedən avtomobilini kənara çəkmək istədikdə isə, başqa bir avtomobillə bərk toqquşdu. Ağrını dərhal hiss etmədi. Əlləri, ayaqları elə bil suyun içində idi və bu su çox isti idi. Elə bil, bütün bədənini yandırırdı. Gözücu bir anlıq nəzər saldı əllərinə. Yox, bu su deyil, bu başının yarasından axan al qan idi. Artıq ürəyinin döyüntüsünü aşkarca hiss edirdi. O, çox yavaş döyünürdü. Ətrafda nə baş verdiyini görə bilmirdi, daha doğrusu, görmək istəsə belə, buna taqəti çatmırdı. Dəhşətli ağrılar onu özündən getməyə məcbur etdi. Amma son anda bir anlıq düşündü: məktəbə qızına görə getməli idi, neçə vaxt idi ki, sinif rəhbəri onu çağırırdı, amma o heç cür vaxt tapa bilmirdi. Əri ilə soyuq münasibətlərə bir istilik gətirmək məqsədilə, ona ad gününə hədiyyə olaraq, bahalı ətir və firma istehsallı əla kostyum almağı nəzərində tutmuşdu. Oğlu çoxdan idi ki, öz şəxsi avtomobilinin olmasını arzulayırdı. O, ona da söz vermişdi. Hələ işdəki əlaltılarını, bağ evindəki işlətdiyi fəhlələrini, şəxsi həkimini, kosmetoloqunu, saç ustasını, hətta həyətində çalışan yaşlı bağbanı da xatırladı. Həmişəki tək bu gün bağbanla salamlaşmağa macal tapmamışdı. Bəlkə də salamlaşmasaydı, bir anlıq hal- əhval tutub, sonra yolunu davam etsəydi, onda kim bilir, ola bilər ki, indi, heç bu cür əzab da çəkməzdi. O, son anda çiçəkləri haqda da düşündü. Bircə kiminsə ağlına gələydi ki, onları eyvandan mətbəxə keçirsin.
Artıq havalar soyuyur, qünəş də əvvəlki tək isindirmirdi cahanı. Elə bil küsüb- inciyib, dincəlmək üçün möhlət almışdı. İlahi, o, bir anda neçə insan, neçə hadisə haqqında düşünməyə macal tapdı. Demək, bir anda neçə problem həll etmək olarmış, neçə insanın taleyinə işıq sala biləcək məsələyə nəzər salmaq olarmış! O heç vaxt ağlına belə gətirə bilməzdi ki, insan son anda bu qədər düşünə bilər, özü də belə dərindən düşünə bilər! Taleyin amansızlığı imkan vermədi ki, o, son arzularını həyata keçirsin! Amma o, həyatın yalnız bircə anının insan üçün nə qədər böyük rol oynayacağını bilsəydi, onsuz da qısa olan ömrünün bir anını belə boş keçirməzdi. Əri ilə dava- dalaş etməyin yerinə çoxdan bəri yardım fonduna üzv olması haqqında irəli sürdüyü ərizə üçün çarpışıb- vuruşardı. Heş efirlərdə belə görünməzdi. Axı onlar da boş vaxt itkisi idi. Hamı onsuz da bilirdi ki, nə nədir, bunu həmişə özü də qeyd edirdi. İnsan olmadığı kimi göründükdə, bu dərhal gözə çarpır,- müsahibələrin birində belə bir fikirlə çıxış edərkən, aparıcı qızın ona ünvanlandırdığı kinayəli gülümsəməsi diqqətindən yayınmamışdı. Efir bitən kimi, kanalın rəhbərliyi ilə danışıb, aparıcıya qarşı "müəyyən tədbirlərin görülməsi üçün" əlindən gələni də etməyi unutmamışdı. İlahi! Axı bütün bunlar nəyə lazım idi! Kim bilir? Bəlkə də onun faciəvi ölümünə hamıdan çox o gənc qız sevinəcək, çünki məhz onun "sayəsində" aparıcı işdən uzaqlaşdırılmışdı. Axı niyə o, nüfüz sahibi idi? Bəlkə də sadə, səhər işə, axşam evə tələsən, başı ərinə, uşaqlarının pal- paltarına, yemək- içməyinə qarışan bir qadın olsaydı, hər şey başqa cür olardı onun üçün? Kim bilir? Bəlkə də məhz bu hökm sahibi olmaq onda bu qədər qəddarlıq yaradıb, içində, vicdan adlanan hissin pas atmasına səbəb olmuşdu? Bilmək olmaz! Hər halda indi, onu al qan apararkən, bilmək olmazdı, çünki, başqa vaxt, başqa zaman çərçivəsində, o, kiməsə müraciət etdikdə, bu məsələyə bəlkə də aydınlıq gətirmək olardı. Misal üçün, çoxdandır psixoloqa getmək istəyirdi, amma, getmirdi, çəkinirdi, "görən nə deyər",- amma kaş gedəydi, indi düşünürdü, onda qəlbi də rahat olardı, vicdanı da tam pas tutmazdı. Və çox guman ki, kiməsə pislik etmək əvəzinə, bəlkə də yaxşılıq haqqında da düşünərdi. Bəli, düşünərdi, axı bu özü də müsbətə doğru bir addımdır. Düşünmək... maraqlıdır, o əvvəllər heç düşünmürdü də. Bunu onun yerinə katibəsi edirdi. Yaxud da ki, evindəki köməkçilər.
Necə də səhv bir fikirdir: kiminsə kiməsə görə düşünməsi, kiminsə kimin üçünsə götür- qoy etməsi. O, bütün bunları indi çox yaxşı dərk edirdi, gec də olsa, dərk edirdi. Bacısının son sözlərini xatırladı: "Naşükür olma! Nəyin çatmır ki...?"
Allah kəlməsini dilinə gətirməyə çalışdı, bacarmadı, dili, dodaqları kəskin ağrıdan şişmişdi. Görəsən kosmetoloqu onu bu halda görsəydi, nə deyərdi? Yəqin, həftədə beş- altı saatlıq əziyyətinə heyfi gələrdi. Ya da ki, kim bilir, bəlkı də qəlbində, "nə yaxşı bu ərköyündən canım qurtardı",- deyəcəkdi. Hər halda o, belə düşünürdü. Düşündü və yenə də özünü qınadı. Axı niyə öz fikirlərimlə ölçüb- biçməliyəm hamını? Bəlkə də xəbəri eşitcək, yazığın əli- ayağı titrəyəcək? Ən çox zərbə isə sözsüz ki, ailəsinə, uşaqları və daim əsəbləşdirdiyi ərinə dəyəcək. Məhvedici son zərbə isə, çox güman ki, həyatı qədər sevdiyi gül- çiçəklərinə toxunacaq.
O, son qalan bir anın içində bir anıq bu haqda da düşündü...
Həyatının son bir anında...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB