Əli Şimşək

Əli Şimşək (Əli Yusif oğlu Bayramov) 26 sentyabr1945-ci ildə Masallı rayonunun Təklə kəndində anadan olub. 1974-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1974-2005-ci illərdə prokurorluq orqanlarında müstəntiq, prokuror köməkçisi, Yardımlı, Qax və Lənkəran rayonlarının prokuroru və sairə vəzifələrdə işləyib. 2006-cı ildən 2015-cı ilə kimi Azərbaycan Respublikası Ali Məhkəməsində işləyib. Yazıçılar Birliyinin üzvdür. "Əllinci patronun izi ilə", "Acı göz yaşları", "Şamilin səsi", "Vahimə", "Qan ləkəsi", "Min illərdən min illərə kim yaşayab kim qalacaq" və "Kimsəsiz körpələr" adlı içərisində çoxlu poemalar, detektiv roman, povest və hekayələr toplanmış 7 kitab müəllifidir. Onun bir şeirini oxuculara təqdim edirik.

DÜŞÜNƏK

(İş yerimi Azərbaycanımızın şimali-qərbindən cənubuna dəyişmişlər)

Dərd əlindən Qaxdan qaçdım

Lənkarana, Astaraya – talışa.

Dərdlər gəldi

mənlə bura birbaşa.

Taleyim tuş oldu çovğuna-qışa:

Sərhəd dirəkləri sıxdı qəlbimi,

batdı ürəyimə dərdimlə qoşa.

Gəldi keçmişlərdən ulular səsi,

canlandı xəyalımda

Vətənimin dərdi, səri,

yüz illərin, min illərin

neçə-neıə abidəsi, xəritəsi:

Özümüzü didə-didə didildik,

biz Vətəni bölə-bölə

xanlıqlara, bəyliklərə, tayfalara

xırdalandıq, parçalandıq, bölündük.

Nə torpaq tanıdıq, nə dövlət bildik.

Düşün, qardaş:

"Ayrılığın səbəbkarı"

Xan Arazın göz yaşları,

Əlincənin qayaları,

Qanıxçayın, Qusarçayın sal daşları

mavi gözlü Xəzərimin

Xan Lənkaran sahilində

iki qardaş arasında

millətimin parçalanmış yarasında

axı niyə sərhəd dirəyi oldu?!

(Baxdıqca gözlərim

qan yaıla doldu...)

Axı niyə bu sərhəd bura gəldi?!

Axı niyə Vətənimiz

günü-gündən kiçildi?!

Axı niyə sərhədləri daraldı,

üstümüzü boran aldı,

çovğun aldı,

qış aldı?!

Vətənimin baş yolu tək

Niyə dilim gödəldi?!

Niyə Təbriz yad ölkədi?!

Niyə Dərbənd uzaq düşüb

bu gün bizdən?!

Niyə çıxıb Göyçə gölüm,

Zəngəzurum əlimizdən?!

Kimin oldu Borçalımız, Qarayazı?!

(Gözəl olur hər fəsili,

Qışı, yazı...)

Axı niyə Qarabağım qan ağlayır?!

(Köçkün körpə, nəmli çadır...)

Axı niyə bəziləri elə bu gün

özgələrə dəm tutandır?!

Düşün, qardaş,düşün ki, sən

Heydər, Nəriman, Xətaitək

Vətən üçün cavabdehsən,

Vətən üçün yaşamalı,

Vətən üçün ölməlisən!

Düşün ki, biz

etməmişik Vətən üçün

nə gəlirsə əlimizdən.

Qandal, qıfıl asılmışdır

düz danışan dilimizdən!

Bir düşün sən:

Cavidanlar, nizamilər,

şəhriyarlar

Vətən umur bu gün bizdən,

bax bu günki nəslimizdən!

Lənkaran, "Meşəçi" mehmanxanası.

Bütün xəbərlər Facebook səhifəmizdə