2011-ci ilin mart ayının 12-də dünyasını dəyişən və artıq haqq dünyasına qovuşan dostum, millət təəssübkeşliyi çəkən Allahqulu Nəcəfqulu oğlu Zeynalovun həyatdan vaxtsız getməsi təkcə mənə yox, onu tanıyan minlərlə insanlara çox pis təsir etmişdi. Heç kim onun cismani yoxluğu ilə barışa bilmirdi…
Dünyasını dəyişdiyi 40 gün müddətində 58 il ömür sürmüş uşaqlıq dostumun gördüyü böyük işləri yazmaq, yazıya köçürmək istəsəm də, bu mənə müəssər olmadı. Çünki hər dəfə fikirlərimi toplayıb, kompüter qarşısında əyləşəndə, yazmağa çətinlik çəkirdim. İstədiyim, beynimdə olan fikirləri yazıya köçürə bilmirdim. Onunla bağlı epizodlar, illərlə kəsdiyimiz duz-çörək, dostluq, qohumluq əlaqələrimiz yada düşəndə və bundan sonra Masallıya gedəndə daha onunla görüşə bilməyəcəyimin reallığını biləndə, kövrəlirdim... Nəhayət ki, onun dünyasını dəyişməsindən 3 ay keçəndən sonra Allahqulu ilə bağlı çəkilən şəkillərə və onun yaratdığı əbədiyaşar əsərin şəkillərinə baxanda, nələri yazacağımı tapdım…
Allahqulunun çətin və mənalı ömür yolu
Zeynalovlar nəsli təkcə Seybətin kəndində yox, Masallıda həmişə sayılıb-seçilən nəsillərdən biri kimi tanınıb. Allahqulunun böyük əmisi Sadıq kişi Böyük Vətən Müharibəsində igidliklər göstərib, Vətənə qayıdanda Masallıda ağsaqqal kimi tanınırdı və çoxlu insanlar müşkülə düşən işlərinə görə ona müraciət edirdilər. Sadıq kişi də çox böyük səbrlə onlara lazım olan köməklikləri edirdi. Atası Nəcəfqulu kişi böyük zəhmətkeş olmaqla, övladlarını da bu ruhda tərbiyə edirdi.
Kiçik əmisi Məhərrəm müəllim 5 kəndi birləşdirən (Masallı, Seybətin, Digah, Dadva və İsgəndərli) Nizami adına sovxozun baş baytarı olmaqla, həm də yüksək mütəxəssis kimi sayılıb-seçilən insan idi. Seybətin kəndi ilə Digah demək olar ki, bir-birinə qarışdığından bu kəndlərdə yaşayan insanlar bir-birini yaxşı tanıyırdılar və bir-birilə çoxlu qohumluq əlaqləri də vardı. Baxmayaraq ki, o, məndən 3 yaş balaca idi, amma uşaqlıq illərimiz bir yerdə keçirdi. Həddindən artıq zəhmətkeş oğlan olan Allahqulu həmyaşıdları kimi idman oyunlarına az vaxt ayırırdı. O, əsasən atasına çox köməklik edir, özlərinin at arabasında atası ilə birlikdə Muğan kəndlərindən un gətirib satırdılar. Çünki həmin vaxtlar taxıl, un çox qıt olduğundan adamlar məcbur olub unu mağazalardan yox, belə formada gətirənlərdən alırdılar. Beləliklə o, yavaş-yavaş ticarətə alışır və artıq araba ilə təkcə un yox, həm də mövsümi meyvələr gətirib satırdı. O, elə bil ki, artıq həmyaşıdlarından özünün ağlı, diribaşlığı ilə seçilirdi. Həm də vaxt tapan kimi idmanın güləş növü ilə məşğul olur və təkcə həmyaşıdlarını yox, hətta özündən yaşca böyüklərə qalib gəlirdi. Hamımız onun gələcəkdə çox məşhur güləşçi olacağına inanırdıq.
Onda yüksək intuisiya olduğundan o, nədən necə pul çıxarmağı yaxşı bilirdi. Artıq ticarətin yollarını öyrəndiyindən qardaşları ilə birlikdə əmisi uşaqlarını da bu işə cəlb etmişdi.
Qurucu insanlar heç vaxt unudulmur
Tarixlər boyu sübut olunmuş bir həqiqətdir ki, insan təkcə dünyaya gətirdiyi yaxşı övladları ilə yox, tikdirdiyi, qurduğu böyük işlərlə, quruculuqla da yaddaşlarda əbədi qalır. Gəlin elə öz keçmişimizə nəzər salaq. Bayıl qalasını, Qız qalasını, Şirvanşahlar sarayını, Atəşgahı, Ramana qalasını, Mərdəkan qalasını, Xudafərin körpüsünü, Möminə Xatun türbəsini, Bəzz qalasını, Ərk qalasını, Cavanşir qalasını və onlarca belə qalaları, türbələri tikən və tikdirən insanları yada salaq. Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin və bir çox varlı, imkanlı adamlarımızın tikdirib bizim üçün yadigar qoyduğu möhtəşəm binaları yada salaq. Əsrlər, qərinələr keçsə də bu insanlar heç vaxt yaddan çıxmayacaq və bu xeyirxah işləri görənlərə həmişə Ulu Tanrıdan rəhmət diləyəcəklər. Bax Allahqulu da təkcə Masallıda yox, həm də respublikada tanınmış iş adamı, sahibkar olmaqla bərabər, həm də qurucu, yenilikçi insan kimi hamı tərəfindən sevilirdi və qəbul olunurdu. Çünki o, bir-birindən yaraşıqlı yeni binalar tikdirməyi, heç kimin fikirləşmədiyi yeni formalı iş yerləri açmağı və bu yolla da adamlara köməklik etməyi çox xoşlayırdı. Ot kökü üstündə bitər – deyib, atalar. Övladları Nadir və Qadir də atalarının bu xeyirxah yolunu hələ onun sağlığından uğurla davam etdirirdilər.
Bu gün Masallı rayonunda və rayonun Seybətin kəndində Allahqulu Zeynalovun tikdirdiyi çox yaraşıqlı, Avropa standartlarına cavab verən tikililər rayon camaatına xidmət edir. Bu obyektlərdə xeyli insanlar işləyib, öz ailələrini dolandırırlar.
Allahqulunun ən böyük arzularından biri oğlu Nadirin ideyası ilə tikilən "LANUR" şadlıq sarayının tikilib sona yetməsini, açılışını görmək idi. Bu sarayın açılışı 2011-ci ilin may ayının sonunda oldu. Əfsus ki, əziz dostum bu şadlıq sarayının açılışını görə bilmədi. Amma həmin günü çox səbirsizliklə gözləyirdi Allahqulu. Gecə-gündüz gedən işlərlə yaxından tanış olur və bəzən xəstəliyinə baxmayaraq, burada işləyənlərə özü də köməklik edirdi. Mən Masallıya gedəndə çox vaxt onu elə bu şadlıq sarayı tikilən yerdə görürdüm. Hətta o, xəstə olmasına baxmayaraq, özü də ustalara, fəhlələrə köməklik edirdi. O, idman müəllimi, yaxşı güləşçi olmaqla bərabər həm də yaxşı sənətkar idi. Daş, dəmir işini, mühəndisliyi çox yaxşı bacarırdı və cavanlıq illərində bu işlərlə də məşğul olmuşdu. Ona görə də istəyirdi ki, həmin şadlıq sarayı çox möhtəşəm olsun və gələcək nəsillərə bir sənət nümunəsi kimi yadigar qalsın.
Onun qurub-yaratdığı bütün bu işlərin ən böyük şah əsəri isə mənim fikrimcə "Yanardağ" Yeni İsti Su Müalicəvi Sanatoriyasıdır. Bu əbədiyaşar əsər onun ideyası, 10 ildən artıq çəkdiyi ağır zəhmət, məşəqqətli illərin hesabına ərsəyə gəlmişdi. Allahqulu Zeynalov bu müalicəvi sanatoriyaya, tədqiqatçı həkim-alim, tibb elmləri namizədi, şair-bəstəkar Mir Kazım Aslanlı-Sarəngin adını verməklə, özünün bir daha böyüklüyünü, sadəliyini, uzaqgörənliyini sübut etmişdi. Bu tarixi hadisə də mənimlə etdiyi söhbət nəticəsində, birdən-birə ağlına gəldi və dedi: "Müəllim, bu "Yanardağ" Müalicəvi Sanatoriyanı Mir Kazım Aslanlı-Sarəngin adına vermək istəyirəm. Çünki bu, onun halal-haqqıdır. Bu yerləri və bu müalicəvi suları vaxtı ilə o, böyük alim kəşf edib". Həmin vaxt mən onun bu ideyasını alqışladım və rəssam-heykəltaraş, gözəl dizayn ustası Azər Xankişiyevi "Yanardağ" Müalicəvi Sanatoriyaya dəvət etdik.
"Yanardağ" Müalicəvi Sanatoriyasının tarixinə bir baxış
…Bu vaxt fikrim birdən-birə 2000-ci ilə qayıdır. Həmin tarixi illər yadıma düşür…
Yadımdadır ki, təxminən 2001-ci ilin may ayının əvvəllərində Masallıya getmişdim. O, qardaşı Rahim və mən maşınla "Yanardağ" deyilən yerə gəldik. Allahqulu dedi ki, bu yeri icarəyə götürüb və burada böyük tikinti işləri görmək və müalicəvi sanatoriya yaratmaq istəyir. Biz bir neçə saat orada gəzdik və Allahqulu burada görəcəyi işlərdən danışdı. Əlbəttə, mən görürdüm ki, burada böyük işlər görmək üçün çoxlu sərmayə lazımdir. Amma həmin sərmayə Allahquluda yox idi. Lakin o, elə böyük həvəslə, inamla, özünə güvənərək danışırdı ki, mən sal qayalıq, dərə-təpəlik, keçilməz yolları, kol-koslu sahələri olan, Viləş çayının gur axan sahilində yerin təkindən çıxaraq çaya qarışan müalicəvi suyu ram etməyin elə də çətin olmadığına onun məntiqli sözlərindən sonra inandım və ona görəcəyi bu çətin işlərdə uğurlar dilədim.
Bir müddət keçdi və mən Masallıya gedəndə o, yenidən məni həmin "Yanardağ" deyilən yerə apardı. Açığı mən gözlərimə inanmadım. Çünki artıq burada çoxlu katejlərin, 12 vannası olan müalicəvi otaqların, çayın hər iki sahilini birləşdirən körpünün tikintisi gedirdi. "Yanardağ" deyilən ziyarətgaha daşdan pilləkənlər düzəldilirdi. Çox yaraşıqlı yeməkxana, çayın sahilində taxtadan yaraşıqlı alaçıqlar tikilirdi. Masallı-Yardımlı yolundan bura yol çəkilirdi. Bir sözlə burada sözün həqiqi mənasında yaxşı canlanma vardı və çox böyük işlər görülürdü. Bütün bunları görəndən sonra mən Allahqulu Zeynalovun bacarığına, təşkilatçılığına, böyük işgüzarlığına bir daha inandım və ona olan hörmətim daha da artdı.
Bir ildən sonra isə o, məni "Yanardağ" Yeni İsti Su Müalicəvi Sanatoriyasının açılışına dəvət etdi. Burada görülən işləri çox bəyəndim və qəzetlərdə bu haqda bir neçə məqalə də yazdım. Elə həmin il ailəm, uşaqlarımla bura gəldim və 15 gün müalicələr aldım. Ürək, oynaq ağrılarım tam sağaldı və qan təzyiqim qaydasına düşdü. Bu müalicəvi suyun möcüzəsinə bir daha inandım.
"Yanardağ" Müalicəvi Sanatoriyasının başqalarından fərqi
Analoqu olmayan bu məhlulun tərkibində hidrogen sulfit, kalsium, natrium, xlor, xlor birləşmələri, yod, maqnezium, metan və hətta tibb aləminə hələ də məlum olmayan, amma insan orqanizminə yaxşı təsir göstərən, onun sağalmasına köməklik edən bir sıra elementlər var. Bu məhlulun yüksək temperatur tərkibinin yuxarıda dediyimiz elementlərlə zəngin olması bizə əsas verir deyək ki, burada bir sıra xəstəlikləri dərmansız, iynəsiz müalicə etmək olar. Bu xəstəliklər də 5 qrupa bölünür. Aşağıda adlarını yazdığımız beş qrup xəstəliyin müalicəsinə çox köməklik edir.
Birinci qrup - dayaq-hərəkət sistemi olan xəstəliklərdir. Bunlar- revmatizm, revmatit, revmatik poliartrozlar, artirozlar, osteoxandrozlar, Bexterev xəstəlikləri və spandiliozlardır.
İkinci qrup - pereferik sinir sistemlərinin sinir əzələlər sistemi xəstəlikləridir. Bunlara nevritlər, polinevritlər, nevralgiyalar, miozitlər və polimiozitlər daxildir.
Üçüncü qrup - dəri xəstəliklərinin müalicəsidir. Belə ki, bu məhlulun tərkibində olan kükürdün, natriumun, yodun və digər mineralların, bioloji aktiv maddələrin olması, dəridə olan allergik xəstəliklərin sağalmasına köməklik edir. Vaxtı ilə bu məhlula ulu babalarımız, "Qoturu təmizləyən su", "Min bir dərdin dərmanı olan məhlul" da deyirdilər.
Dördüncü qrup - qadınlarda və kişilərdə cinsiyyət sisteminin qeyri - spesifik iltihabı, prostatitlər, qadınlarda, kişilərdə sonsuzluq, qadın cinsiyyət orqanlarının qeyri-spesifik xəstəliklərinin müalicəsidir. Bu iltihabı xəstəliklər də aktiv fazada yox, remisiya dövründə olanda müalicəsi daha yaxşı olur. Bu üsulla sağalan xəstələr, xroniki pialo nefritləri, fizziklər, kişiləri ən çox narahat edən prostatitlər, qadınlarda və kişilərdə qeyri-spesifik iltihablı səbəbli sonsuzluqlardır. Qadınlarda qadın cinsiyyət orqanının qeyri-spesifik iltihabı xəstəliklərini də bu məhlulla sağaltmaq olar.
Beşinci qrup - beyin insultu, ürək infarktı keçirmiş və travma almış, sümük sınıqları olan xəstələrin müalicəsidir. Bu xəstəliklərdən – beyin katastrofunda, beyin insultundan ən azı bir il və infaktdan ən azı 6 ay sonra məhlul doldurulmuş 10-12 vanna qəbul edib massaj, fizeoterapiyalar almaq yolu ilə dərmansız, inyəsiz tam sağalmaq olur.
İnsan orqanizminə iynəsiz, dərmansız çox böyük müalicəvi təsiri olan, yuxarıda yazılanların şahidi olmaq, bu xəstəliklərdən tam sağalmaq istəyirsinizsə, Masallı rayonundakı Talış dağlarının füsunkar qoynunda, Viləş çayının sahilində yerləşən, yüksək komfortlu katejləri olan və Allahqulu Zeynalovun ideyası, böyük zəhməti ilə ərsəyə gələn Mir Kazım Aslanlı-Sarəng adına "Yanar dağ" Yeni İsti Su Müalicəvi Sanatoriyasına gəlin. İnanırıq ki, hər cür şəraiti olan, çox ucuz, sərfəli qiymətlərlə burada müalicə olunmağınız və istirahət etməyiniz ürəyinizcə olacaq. Atalar da deyib ki, insanın ən böyük sərvəti, onun sağlamlığıdır. Sağlamlığının qayğısına qalmaq isə hər bir insanın ömrünü uzadır.
Məşhur iş adamı Allahqulu Zeynalov belə bir möcüzəli məkanı, analoqu olmayan müalicəvi sanatoriyanı bizim üçün əbədi yadigar qoyub və haqq dünyasına qovuşub. İnanıram ki, tezliklə bu müalicə ocağının girəcəyindəki Mir Kazım Aslanlı- Sarəngin portretinin yanında Allahqulu Zeynalovun da portreti asılacaq və onun altından bu sözlər yazılacaq: "Bu əsrarəngiz, cənnətməkan yerin, müalicəvi sanatoriyanın yaradıcısı, qurucusu Allahqulu Zeynalov olub".
Ora istirahətə, müalicəyə gələn insanlar da onlar üçün belə qiymətsiz, min bir dərdin dərmanı olan müalicə ocağı qoyub getdiyinə görə ona min rəhmət diləyəcəklər. Bütün bu rəhmətləri və behişti sən elə sağlığında qazanmışdın, əziz dostum Allahqulu. Dahilər deyir ki: "Böyümək şərt deyil, şəxsiyyət kimi formalaşmaq şərtdir".
Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi
Masallı, Digah
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB