(Lirik-epik poema)
Yaxın keçmişlərə gedir xəyalım,
Düşəndə yadıma cənnət Xocalım!
Dayanır ürəyim, dəyişir halım,
Düşmən tapdağında qalan Xocalım!
Biz ona dost dedik, o bizə düşmən,
Xain ermənilər aldatdı bizi.
Çörəyi dizinin üstündən düşən,
Bu alçaq dığalar qırdılar bizi.
Hücum planını qurub öncədən,
Bir qış gecəsində hücum etdilər.
Qırıldı millətim o gün, heç nədən,
Bizi qanımıza qəltan etdilər.
İyirmi altı fevral, sərt qış gecəsi,
Şaxta qılınc kimi kəsir dörd yanı.
Doxsan ikinci il, bayram öncəsi,
Axdı su yerinə millətin qanı.
İsti yatağında yatan körpələr,
Top, tüfəng səsindən diksindi birdən.
Ağsaqqal babalar, qoca nənələr,
Tez ayağa qalxdı güllə səsindən.
Əvvəl yalvardılar, bəlkə dəyməzlər,
Gördülər azğınlıq baş alıb gedir.
Qaranlıq gecədə parlaq süngülər,
İnsan bədənindən "baş alıb" gedir.
Can şirin olsa da, övlad lap şirin,
Bir gəlin bağrına basdı körpəsin.
Yıxıldı üstünə, düşmən görməsin,
Ağzında qoydular "Allah"kəlməsin.
Külək də kəsməyir uğultusunu,
Tırtılların səsi qulaq batırır.
Eşitdikcə güllə vıyıltısını,
Hamı Allah deyib, tez yerə yatır.
Pirani bir qoca əlində çomaq,
Ayaqyalın, çılpaq çölə atılır.
Bayırda pusquda duran bir alçaq,
Onun sinəsinə süngü batırır.
Bulanır qanına bu cansız qoca,
Gecənin bu zülmət qaranlığında.
Oğlu yatağından qalxıb durunca,
Atası can verir düz qabağında.
Oğul dəli olur bu mənzərədən,
Əlinə keçəni tullayır ona.
Birdən ağrı qopur düz kürəyindən,
Onu da keçirir düşmən süngüdən.
Bir bacı, bir qardaş, yolunu azıb
Qaçıb meşəlikdə daldalanıblar.
Ayaqlar yalındır, yaxalar açıq,
Bu zülmət gecədə çaşıb, qalıblar.
Qardaşın çiynində ovçu tüfəngi,
Onu əsmə tutub, yoxdur taqəti.
Ağ-appaq kağızdır, qaçıbdır rəngi,
Barmağın tətikdə tutub xəlvəti.
Bacının gözləri alçalanıbdır,
Sinəsin əliylə örtür bayaqdan.
Ayaqlar yalındır, qançırlanıbdır,
Gizləyir üzünü, o qardaşından.
Qardaşın ürəyi çıxır, yerindən,
O, vicdan əzabı çəkir bu anda.
Bəzən də diksinir güllə səsindən,
Diz çökür bacının düz qabağında.
Bilmir özün vursun, yoxsa bacısın,
Düşmənə o, təslim olmamaq üçün.
Çəkir bu zülümün indi acısın,
Düşünür o, əsir qalmamaq üçün.
Qəfildən atışma səsləri gəlir,
Ulaşır düşmənlər ac canavar tək.
Bacı inildəyir, onu səsləyir,
Qıvrılır yerində o, can verərək.
Gözlərini yumub qardaş bayaqdan,
Tüfəngi tuşlayır, bacıya sarı.
Bir gicilti keçir, ayaqdan, başdan,
Xəbəri yoxdur ki, olub sap-sarı.
Yaxın keçmişlərə gedir xəyalım,
Düşəndə yadıma cənnət Xocalım!
Ağrıyır ürəyim, dəyişir halım,
Düşmən torpağında qalan Xocalım!
Tətiyi çəkməyə ürəyi gəlmir,
Deyir:- əsir düşsək görən nə olar.
Birdən nəyisə o, tez fikirləşir,
Deyir:-igid ölər, adı ki, qalar.
Bağlayır tətiyə ipək ipliyi,
Tutur dişlərinin arasında o.
Qıcanır dişləri, çəkir tətiyi,
Od-alov içində sanki yanır o.
O, donub, hiss etmir daha heç nəyi,
Ağlamaq istəyir, gülür nədənsə.
Bircə tüfəngidir onun köməyi.
Qaçır meşə boyu o, bir nəfəsə.
Yorulub oturur, baxır tüfəngə,
Bir patron da qoyur, güllə yerinə .
Karıma bu patron gələcək bəlkə :
-Deyib tüfəngini atır çiyninə.
Yenə kəsilməyir atışma səsi,
İnsan bağırtısı qulaq batırır.
Qəfildən səs gəlir, bir layla səsi,
Yaralı bir ana körpə yatırır,
Deyirəm bu dünya düzələn deyil,
İnsanlar qaynayıb, qarışmır niyə?!
Allah da bu işdən xəbərsiz deyil,
Xəbəri varsa da, qarışmır niyə?!
Yəqin seyr eləyir o bu cahanı,
Görür beşdən biri düzəlmir hələ.
Bəs niyə yaratdı görən insanı?!
Bəlkə bunu etdi, o bilə-bilə.
İnsanlıq tükənir, nadanlıq artır,
Bu dünya uçurum kənarındadır.
Kimisi ac qalıb, çörək axtarır.
Kimisi var dövlət harayındadır.
Biləklər bağlanır dəmir qandalla,
Danışan ağıza qıfıl asırlar.
Biz hara gedirik bu minivalla?!,
Haqqı söyləyənə "damğa" basırlar.
Yenə də edirlər ayrı seçkilik,
Dünyada dinlərin savaşı gedir.
Sonra nə olacaq heç kim bilməyir,
Hər yanda din, məshəb davası gedir.
Tək Allah eşqiylə yaşayan insan,
İndi milyon yerə parçalanıbdır.
Dünya məhvərindən çıxır, baxırsan
O da neçə yerdən paralanıbdır.
Ağlımız kəsəndən biz Allah dedik,
Dedik bölünmərik onun eşqinə.
Asi olduq ona əməl etmədik,
Nə məshəbə gəldik, nədə ki, dinə.
Yalanlar söylənir Allah adından,
Biri digərinin evini yıxır.
Arvadlar söz verir kişi adından,
Axırda kişilər günahkar çıxır.
Nə keçir, insanın fikrindən görən?!,
Bu gözəl dünyanı məhv eləməkmi?!
Əbədi yaranıb dünya mən bilən
Görən onun sonu görünəcəkmi?!
Deyirəm bu dünya düzələn deyil,
İnsanlar qaynayıb qarışmır niyə?!
Allah da bu işdən xəbərsiz deyil,
Xəbəri varsa da qarışmır niyə?!
Ey bəşər övladı, dinlə sən məni,
Kimlərə qalmışdır bu fani dünya.
Bir anlıq gəl eşit, sən mən deyəni,
Qaynayın, qarışın şad olsun dünya.
Çıxarın siz yaddan kin küdurəti,
Tək Allahı eşqinə barışın barı.
Unudun əbədi siz ədavəti,
Dünyada qalacaq, dünyanın malı.
Siyəzən şəhəri
30. 04.2015
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB