Azad görmək istədi
Şair ana yurdunu.
Qələmlə qarşıladı
O, silahlı ordunu.
Sinəsində ürəyi
Yaraq, yasağa döndü.
Düz amalı, məsləyi
Əldə bayrağa döndü.
Bütöv görmək istədi
Doğma ana torpağı.
Dedi: "Qoymaram olsun
Yurdum düşmən tapdağı.
Müqəddəs torpağıma
Dəyməz mənfur ayağı".
Şair düşsə də bir gün
O dəhşətli zindana,
Qəlbinin səsi ilə,
Zəfər həvəsi ilə,
Güclü nərəsi ilə,
İlham çeşməsi ilə,
O bitib-tükənməyən
Sevgi nəğməsi ilə,
Bahar nəfəsi ilə
Zindanı döndərirdi
Bir güllü gülüstana.
Cavanlıq şövqü ilə,
Yaratmaq eşqi ilə
Daim əlində qələm,
Əhdə vəfalı yarın
Xəyalı ona həmdəm
Yazırdı, yaradırdı.
Nə həvəsdən düşürdü,
Nə də ki, usanırdı.
Ürəyi sinəsində
Məşəl kimi yanırdı.
Onun həyat eşqindən,
Zəfər şərqilərindən
Bir çox qəlbi daşlar da,
Üzə vurmasalar da
İçində utanırdı.
Onlar məğrur şairi
Sındırmaq istədilər,
Sındıra bilmədilər.
Onun şah vüqarını
Lap, qırmaq istədilər,
Heç qıra bilmədilər.
Hədə-qorxu gəldilər,
Bacara bilmədilər.
Böyük şair söylədi:
"Bizdə qayda belədir":-
Dəmir kimi gəlmişəm,
Polad kimi çıxacam.
Düşmənlərin başına
İldırım tək çaxacam".
Polad kimi çıxdı o,
İldırım tək çaxdı o.
Neçə dəfə ölümün
Gözünə şax baxdı o.
Əyə bilməsələr də
Onlar böyük şairi,
Şair söz ilə qırdı
Biləyindən zənciri.
Daha da məğrur oldu,
Daha da mətinləşdi.
Dalğalara səd olan
Qaya kimi sərtləşdi.
Şair önündə durmaq
Daha da çətinləşdi.
İlhamı, hey, çağladı,
Çoşub-daşan çay oldu.
İşıq saçdı zülmətə,
Şair parlaq Ay oldu.
Bu soyuq, dar qəfəsdə
Xəyalən azad oldu.
Parlaq fikri, amalı
Ona qol-qanad oldu.
Elinə, obasına,
Elin ər balasına
Qəhrəmanlar diyarı
Şanlı Azərbaycanın
Müqəddəs torpağına,
Ucalan bayrağına
Qəhrəmanlıq, cəsarət,
Torpağına sədaqət
Andını yaza-yaza,
Azadlıq carçısına
Çevrildi Xəlil Rza.
Şerlər yazdı şair,
Ağırlığı neçə ton.
İlham dolu ürəyi
Bir yenilməz batalyon.
Bir an boş dayanmadı,
Yazdı yurduna dair.
Yazdı yurdun oğluna,
Qoçaq qızına dair.
Böyük ürəkli şair,
Polad diləkli şair.
Şairin dar günündə,
Möhnətə yar günündə
Vəfalı can yoldaşı,
Dişi aslan yoldaşı
Nə yatdı, nə dincəldi,
Qəlbinə axdı yaşı.
Doqquz ayda yanına
On səkkiz dəfə gəldi.
Etibar etməyirdi
Şairi heç bir kəsə.
Uça-uça gəlirdi
O, hər dəfə məhbəsə.
Zirvəsindən ayırıb
Salsalar da qəfəsə
Elə qartaldır qartal!
Buna yox şübhə, sual.
Başındakı qeylü-qal
Zərrə göründü ona.
Barmaqlıq arasından
O, yazdı yana-yana.
Hey, yazdı yorulmadan,
Yazdı Azərbaycana,
Yazdı doğma xalqına.
Döndü onun qələmi
Koroğlu qılıncına.
Şair qorxu bilmədi,
Şairdən qorxdu zindan.
Yenilməzlik önündə
Məğlub olundu nadan.
Gözəl dərmandı zaman.
Haqq aldı öz yerini.
Onu gözləyən ellər,
Onu sevən nəsillər
Azad gördü xalqının
Mübariz şairini.
Bu gün şair olsa da
Uca haqq dərgahında,
Yaşayacaq xalqının
İşıqlı sabahında.
Saf niyyəti bizdədir,
Adı qəlbimizdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB