Mətanət Duyğulu (Mətanət Mehdi qızı Nəcəfova) qədim Naxçıvanın Kərki kəndində anadan olub. Orta təhsilinin son illəri kəndin təcavüzkar ermənilərin təhdidi ilə üzləşdiyi, ağır mühasirə şəraitində yaşadığı və işğala məruz qaldığı dövrə təsadüf edib. Bu səbəbdən də ali təhsil almaq arzusu həyata keçməyib, lakin tanrı ona duyğu və düşüncələrini poetik dillə ifadə etmək, Vətən həsrətini və qəlbinin bütün ağrı-acılarını şeirə çevirmək istedadı verib.
Onun şeir yazdığından uzun müddət yalnız ailə üzvləri və rəfiqələri xəbərdar olub. İnternetdən istifadə imkanları genişləndikdən sonra isə Mətanət xanım öz poetik duyğularını sosial şəbəklərdə bölüşməyə başlayıb. Şeirlərini bir kitaba yığıb çap etdirməyi də ona vətən həsrətli, sevgi naxışlı şeirlərindən təsirlənən real və virtual dostları tövsiyə ediblər. Amma öz yaradıcılığına böyük məsuliyyətlə yanaşan Mətanət xanım kitabın çapına qərar verməmişdən əvvəl, peşəkar ədəbiyyatşünas rəyi öyrənmək üçün onu tanınmış söz adamı - Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi, Vaqif Məmmədova təqdim edib.
Bu günlərdə çapdan çıxmış "Bu sevdanın adı nə?" adlı kitaba yazdığı "Vətən sevgisinin poetik əksi" sərlövhəli ön sözdə Vaqif müəllim həmyerlisi kimi ailəsini yaxından tanıdığı istedadlı şairənin könül duyğularına dərin səmimiyyət və rəğbətlə dəyər verib, əsl ustad qayğıkeşliyi onun şeirlərini təhlii edib. 82 səhifəlik kitabdakı şeirlər üç bölməyə ayrılıb: "Kərki dağlarının başı dumandır", "Mən sevə bilmərəm səni", "Taleyimə baş daşıyam".
Vaqif müəllim öncə kitabın adına diqqət yetirir və qeyd edir ki, şeirləri diqqətlə oxuyandan və kitabın adı barədə xeyli düşünəndən sonra birmənalı şəkildə, həm də tam məsuliyyətlə, kitabın adının doğurduğu suala cavabım budur: Vətən sevgisidir bu sevdanın adı... Mətanəti şair edən, onu bu sevdalara salan 25 ildir erməni tapdağı altında olan torpağa - Vətənə sonsuz sevgisi və Vətən həsrətinin sağalmaz göynərtiləridir.
Vaqif Məmmədov daha sonra yazır: Vətən haqqında çox şeirlər oxumuşuq, ancaq bu kitabdakı şeirlər fərqlidi onlardan. Təm-təraq, şan-şöhrət, süni bəzək-düzək hissindən çox uzaq olan müəllif Vətən dağlarının zirvədəki qaşından ötrü, ayrı-ayrı fəsillərindən ötrü, adicə daşından ötrü darıxır, hələ çeşmələrinin necə axması da onu narahat edir:
Həsrətəm zirvədə qaşından ötrü,
Yazından, yayından, qışından ötrü.
Darıxdım adicə daşından ötrü,
Bəlkə, çeşmələrin axmayır Vətən?
Onun həsrətini çəkdiyi Vətəndən çox da böyük umacağı yoxdur. Çünki yağı düşmənin tapdağına çevrilmiş obadan - oymaqdan nə ummaq olar ki?..Buna görə də o, yurduna köç edən quşlara üz tutaraq oradan bir Vətən qoxulu çiçək gətirmələrini, o da mümkün olmasa qan rəngli lalənin bircə ləçəyini gətirmələrini təmənna edir:
Yurduma, elimə köç edən quşlar,
Vətən çiçəyini gətirin mənə.
Əgər tapmasanız qanlı lalənin
Bircə ləçəyini gətirin mənə.
İtirilmiş Vətənin həsrəti, dərdi şairənin əbədi nisgili, əbədi dərdidir. Çünki bu nisgil nə qədər köhnəlsə də, qaysaq bağlasa da, sağalmır, toxunan kimi qanayır və artıq qənaət budur ki, çarəsi yoxdu bu vətənsizlik dərdinin:
Qəlbimdə bir yara var,
Adı Vətən yarası.
Toxunsanız qanayar,
Yoxdu onun çarası.
Bax elə beləcə, dərdlərlə üz-üzə, baş-başa qalanda müəllifin üz tuta biləcəyi, təsəlli ala biləcəyi bircə müqəddəs ünvan var ki, o da Vətən ucalıqda, Vətən müqəddəslikdə olan anadır:
Yaman darıxmışam səninçün, ana,
Başımı dizinə qoymağım gəlir.
Körpə uşaq kimi sarılıb sana,
Həsrətin gözünü oymağım gəlir...
Maraqlı cəhət odur ki, Vətən həsrəti ilə kövrəlib ana dizinə baş qoyanda da o, rahatlanmır, yuxularında da əsirlikdə olan kəndini görür, həm də bu yuxuların uzanmasını, heç olmasa yuxularında o müqəddəs məkanla dərdləşməyi, həsrətini, dərdini bölməyi arzulayır:
Sənsiz darıxıram bilirsən necə,
Qəlbimdə gəzirsən hər gündüz-gecə.
Hər gün gəl yuxuma, gəl ki, beləcə,
Qoy sənə danışım həsrətim, dərdim,
Mən səni unuda bilmirəm kəndim.
Kitabın "Mən səni sevə bilmərəm" bölməsində verilmiş şeirlərin əksəriyyəti lirik mövzuya, saf məhəbbətin tərənnümünə həsr olunmuşdur. Bu şeirlərdə sevgi-məhəbbət əzabı, iztirabı, ağrı-acıları, vüsalı, bir sözlə bütün çalarları və rəngləri ilə təsvir edilmiş, əsrlərin sınağından çıxan saf məhəbbətin ucalığı, müqəddəsliyi önə çəkilmişdir. Həmin bölmədəki "Mən səni sevə bilmərəm", "Bu sevdanın nədir adı?", "Sevmə məni", "Niyə gəlmisən?", "Ağlayacaqsan", "Uzun gecələr", "Unudacağam" və s. şeirlər məhəbbət mövzusunda yazılmış ən yaxşı poeziya nümunələri kimi diqqəti çəkir.
Kitabın üçüncü bölməsini müəllif "Taleyimə baş daşıyam" adlandırıb. Bu ad ilk anda nisbətən qeyri-adi görsənsə də, deyimin fəlsəfi mahiyyətinə varanda, eyni adda şeiri və həmin bölmədə verilmiş şeirləri oxuyandan sonra aydın olur ki, həmin şeirlər bir insan taleyinin çətinliklərlə, ağrı-acılarla dolu olsa da şərəflə, ləyaqətlə yaşanmış bir insan ömrünün poetik əks-sədası, real yaşantılarıdır. Kitabda verilmiş şeirlərin, yaxud qeyd etdiyimiz son bölmədəki şeirlərin hamısının müəllifin öz taleyinin yaşantıları olduğunu iddia etmək yanlış qənaət olardı. Maraqlısı odur ki, kitabda verilmiş şeirlərin əksəriyyəti ya müəllifin, ya da ətrafında, çevrəsində olan insanlar tərəfindən yaşanmış real həyat hadisələridir ki, müəllif də özünü həmin insanlar sırasında görərək bu şeirləri bir tale yaşantıları sayır, özünü isə taleyinin "Baş daşı" hesab edir. Baş daşı kimi simvollaşan qələm sahibi sanki daşlaşaraq daha uzaq eralara və gələcəyə doğru bir yol başlayır.
Mətanət Duyğulunun şeirlərini oxuculara təqdim edən tanınmış ədəbiyyatşı və alim Vaqif Məmmədov kitabın maraqla qarşılanacağına və sevilə-sevilə oxunacağına ümidvar olduğunu bildirir. Bir Vətən sevdalısı olan şairəyə bənzərsiz könül duyğularını bundan sonra da təsirli və düşündürücü poetik misralara çevirməkdə uğurlar arzulayırıq.
Sadıq Qarayev,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB