Alovlar tutuşur sönən ocaqda
Bir məşəl əbədi közünü seçir.
Vağzalı çalınır qonşu otaqda,
Bir evə, bir evin ümidi köçür.
Vağzalı ruhumu sarsıdır yaman,
Bəyaz gəlinliyim yadıma düşür.
Göz yaşı dünyamı eyləyir viran
Sevincim kədərin badına düşür.
Nəmlidir duvağın bəyaz kətanı,
Göz yaşı gəlinin olub mehmanı.
Bağlayıb özgəyə əhdi-peymanı,
Ağlayıb gözünün yaşından keçir.
Vağzalı yol alır sevincdən qəmə,
Gözündə göz qalmış əmanət itir.
Bir evin boyanıb duvağı nəmə,
Bir evin sevinci, xoş günü bitir.
Buludlar dağılır tüfəng səsindən,
Bir həfəs odlanır yad nəfəsindən.
Bir insan əl üzüb ilk sevgisindən,
Qəmdən ilmə-ilmə vağzalı sökür.
Nigar Məhərrəmli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB