Yaqub Öməroğlunun Çankayadakı imza gününə sözardı

Adı bütün dünyada dillər əzbəri olan Çankaya təkcə siyasi fəaliyyət dairəsi ilə deyil, qardaş Türkiyə mədəniyyətinin inkişafında da böyük payı olan əzəmətli məkandır. Paytaxt Ankaranın ən gözəl rayonlarından sayılan bu məkan zaman-zaman əzəmətli toplantı və mərasimlərə ev sahibliyi etməklə də insanların könlünü oxşaya bilib. Keçmiş SSRİ-nin süqutundan sonra türk dövlətləri arasında formalaşan inteqrasiya sayəsində Çankaya bütün türk xalqları tərəfindən xüsusi bir məhəbbətlə həm sevilir, həm də sevir!

Ankaranın Çankaya bölgəsində keçirilən budəfəki kitab sərgi-festivalının yaddaqalan hadisələrindən biri də gözəl insan və yazar Yaqub Öməroğlunun imza günü oldu. Bəli, o, ilk növbədə məhz nəcib xüsusiyyətləri, xeyirxahlığı, təmkinli davranışı, yüksək dinləmək mədəniyyəti, səs tonundakı ahəstəliklə gözəl insan imici qazanıb. Təcrübəli naşir, həssas tərcüməçi, yazıçı-publisist, teleaparıcı, radio-reportyor kimi istedadları isə sadəcə olaraq Yaqub Öməroğlunun yaşadığı ömrün faydalılığını üzə çıxarıb və belə də davam edir.

Çankayada keçirilən budəfəki kitab sərgi-festivalda Yaqubsevərlər “C-28” nömrəli bölməyə tələsirdilər. Daha çox Ankaranın tarixi Altındağ bölgəsində yerləşən Avrasiya Yazarlar Birliyində (AYB) qarşıladığı qonaqlarını Çankaya sərgi-festivalında müsafir etmək Yaqub Öməroğlu üçün yenilik deyildi. Çünki...

Bu üç nöqtənin ardınca daha nələr yazmaq olmaz ki? Sözün və hikmətin imkan verdiyi hər bir xoş ifadə yazımızın bu yerinə yaraşır və yapışır. Avrasiya Yazarlar Birliyinin nəşriyyat və poliqrafiya qurumu olan “Bengü” Nəşrlər Evi məhz Yaqub Öməroğlunun rəhbərliyi ilə nadir çap məhsulları ilə türk dünyasının tarixini, mədəniyyətini, şəxsiyyətlərini tanıdır, sevdirir və sevilir.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu “İki çinar” hekayələr toplumu ilə azərbaycanlı oxucuya yaxşı tanışdır. Sadə insanın ağrılarını, hiss və həyəcanlarını axıcı təhkiyə ilə qələmə alan müəllif bu hekayələrdə yalnız öz ölkəsinin deyil, ümumilikdə bəşəri problemlərə, insan övladını maraqlandıran və narahat edən həssas məsələlərə toxunur. Təsadüfi deyil ki, bu kitabın təqdimatına Türkiyə, Azərbaycan, Türkməneli, Qaqauz Yeri, Çuvaşıstan, Şimali Makedoniya, Kosovo, Niderland, Almaniya, Avstriya və başqa ölkələrdən yazıçılar, ədəbiyyatşünaslar, tərcüməçilər və kitabsevərlər qatılıblar.

Təqdimatı giriş sözü ilə açan Yaqub Öməroğlu ilk hekayə kitabının Azərbaycanda çap olunmasından böyük qürur duyduğunu deyib, kitabın çapında zəhməti keçən hər kəsə təşəkkürünü bildirib: "Kitabı Türkiyədən öncə Azərbaycanda çıxan ilk yazar Nazim Hikmətdir. O, şeir kitabı idi. Belə görünür ki, ilk hekayə kitabı Azərbaycanda çap olunan yazıçı isə mənəm. Bundan böyük qürur hissi keçirirəm. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid başda olmaqla, qardaş Azərbaycandakı dostların bu işdə böyük əməkləri oldu, onlara təşəkkür edirəm. Bəzi hekayələrim çap olunmuşdu, saytlardan, dərgidən tapdılar. Bəzilərini isə sırf bu kitab üçün yazıb göndərdim".

Yazının sonunda böyük məmnuniyyətlə Yaqub Öməroğlunun böyük və müqəddəs Qarabağ Zəfəri ilə bağlı açıqlamasını xatırlatmaq istərdim. Bu yerdə yenə də daha bir “çünki”... Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, millətimizin və ümmətimizin şərafət qapısıdır. Bu Zəfər münasibətilə müzəffər ordumuzu və xalqımızı təbrik edən Avrasiya Yazarlar Birliyin sədri deyib: “Bu Zəfəri və Qələbənin yaratdığı sülhü məmnunluqla qarşılayırıq. Avrasiya Yazıçılar Birliyi olaraq hər an Azərbaycanın yanında olduq. “Qardaş qələmlər” jurnalımızın bir nömrəsini Qarabağın azadlığına həsr etdik. Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərərək hərb dastanı yaradıb. Bu parlaq Qələbə barədə əsərlər yazmaqla Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.

Çankayada keçirilən kitab sərgi-festivalında “Türküstan” kitabı ilə oxucuların qonağı olan Yaqub bəyin bu təqdimatında böyük bir rəmzi məna var. Ömrünün uzun illərini türk mədəniyyətinin inkişafına həsr edən yazıçı həmkarım Ankaradan bütün Türküstana qardaşlıq mesajı göndərir. Zəkasından və könlündən süzülənləri kağıza köçürərək deyir: “Ey türk oğlu, tarixinə sahib çıxıb gələcəyini nur içində qorumaq üçün yaz, yarat, güclü ol və yenilmə. Bunun üçün bir ol, diri ol, mübariz ol!”

Qələminiz qüvvətli, zəkanız iti, qəlbiniz hər zaman geniş və ritmli olsun, Yaqub bəy. Təbriklər! Dayanmaq yox, durmaq yaraşmaz.

Sabir Şahtaxtı

Yazıçı-publisist, siyasi elmlər üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə