Ədəbiyyatımızda dedektiv janrının ən mahir yazarlarından biri (Portret cizgiləri)

Əli Şimşək (Bayramov): "Yalnız bir şeyə heyifsilənirəm ki, gərək elə mən cavanlıqdan bu əsərləri yazıb, xalqıma ərməğan eləyəydim..."

Onun dedektiv əsərlərini oxuduqca, böyük təəssüf hissi keçirirəm ki, axı niyə bu əsərlər hələ də teatr pyeslərinə və kinossenarilərə çevrilməyib? Niyə bu əsərlər teatrlarda tamaşaya qoyulmur və bu əsərlər əsasında kinofilmlər çəkilmir? Bunun günahkarları kimlərdir? Sonra da öz sualımın cavabını özüm verirəm. Çünki biz yazarlar, mətbuatla məşğul olanlar hələ də Azərbaycan oxucularına Əli Şimşəyi (Bayramovu) lazım olan səviyyədə tanıtmamışıq. Azərbaycan oxucusu, teatr və kino rejissorlarımız onun əsərləri ilə daha yaxından tanış deyil. Əslində bu, müstəqillik dövrümüzün ən böyük bəlası, problemi, faciəsidır ki, yazıçılarımızın əsərləri yalnız öz hesablarına və ya hansısa sponsorun cüzi maliyyəsi sayəsində 200- 300 nüsxə çap olunur. Bu kitablar da dostlara, tanışlara paylanılır. Ona görə də oxucusu çox azdır. Əslində bu kitablar dövlət hesabına ən azı 5-10 min nüsxə çap olunmalı, respublikadakı bütün kitabxanalara göndərilməli və bütün kitab mağazalarında satılmalıdır. Belə götürəndə Azərbaycanda artıq kitab mağazaları da qalmayıb. Məmləkətimizdə oxucu kütləsi çox azdır və ən böyük problemlərdən biridir. Bax bu, müstəqilliyimiz dövründə ən böyük faciələrimizndən biridir. Bu faciə də yazçıların, şairlərin taleyinə düşüb... Bəyənmədiyimiz Sovetlər Birliyində biz yazıçılar yazdığımız əsərlərə görə aldığımız qonorarla çox yaxşı dolanırdıq. Hər il ən azı bir dəfə sanatoriyalarda dövlət hesabına dincəlirdik. Yaradıcılıq ezamiyyətlərinə gedirdik. Orada hər gün üç dəfə pulsuz yemək yeməklə, öz əsərlərimizi oturub yazırdıq. Bu yazacağımız bədii əsərlərə görə bizə kitabımızı çap eləyəcək nəşriyyat tərəfindən əvvəlcədən 30-40 faiz qonorar da verilirdi. Bütün bunlar bizi yaradıcılığa daha çox həvəsləndirir, ruhlandırırdı.

Amma indi yazıçıların demək olar ki, çoxu böyük ehtiyac içində yaşayırlar. Belə vəziyyətdə onlardan şedevr əsərlər gözləmək absurddur. Əlbəttə, mən inanıram ki, zaman gələcək, biz buna görə çox böyük təəssüf hissi keçirəcəyik. Və Əli Şimşək (Bayramov) kimi çox maraqlı yazıçılarımızı, belə maraqlı dedektiv əsərlər yazan sənətkarımızı vaxtında Azərbaycan oxucularına tanıda bilmədiyimizə görə yeni gələn nəsillər bizi bağışlamayacaq. Çünki Əli Şimşəyin (Bayramovun) artıq ömrünün elə bir dövrüdürki, onun əsərləri bugün hər bir azərbaycanlının evində olmalı və sevə-sevə oxunmalıdır. Buna görə də mən birinci növbədə bugünkü jurnalistikamızı qınayıram. Əksər jurnalistlərimiz vaxtlarını dedi-qodulara, ucuz sensasiyalara, təhqiramiz yazılara sərf edirlər. Onlar bu yolla gündəmdə qalmaq istəyirlər. Amma bubiçarələr onu da bilmirlər ki, əgər öz yazılarını maariflənməyə, çox istedadlı insanlarımızın xalq tərəfindən daha yaxşı tanınmasına həsr eləslər tarixdə daha yaxşı və böyük sevgi ilə qala bilərlər. Necə ki, XX əsrin əvvəlində Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyr bəy Hacıbəyli, Çingiz bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Ömər Faiq Nemanzadəvə, Firudun bəy Köçərli, Teymur bəy Bayraməlibəyov və başqalarının adını çəkə bilərik.Onlar Azərbaycan ədəbiyyatını, incəsənətini, mədəniyyətini təmənnasız, yorulmadan təbliğ edirdilər. Eləcə də Sovet dövrünün jurnalistləri - Nəsir İmanquliyev, Osman Mirzəyev, Nurəddin Babayev, Ağəddin Mansurzadə, Nəcəf Nəcəfov, Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Salatın Əsgərova, Mehman Əliyev, Rəhman Orxan, Eyruz Məmmədov və başqalarının adını çəkə bilərəm. Bu jurnalistlər Azərbaycanda maarifçilik, xalqın elminin, təhsilinin, ədəbiyyatının, incəsənətinin, idmanının təbliğində çox böyük işlər görüblər. Məşhur jurnalist, 30 ildən çox "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru işləmiş böyük ziyalı Nəsir İmanquliyev bütün fəaliyyəti boyu təkcə istedadlı jurnalistlər yetişdirməyib, həm də Azərbaycan ədəbiyyatının, jurnalistikasının ən böyük təbliğatçısı olub. Çoxlu şairlərin, nasirlərin ilk əsərləri bu qəzetlərdə çap olunub. Eləcə də Xalq şairi Nəriman Həsənzadə "Ədəbiyyat və incəsənət" qəzetinə rəhbərlik etdiyi vaxt çoxlu nasirlərin, şairlərin əsərlərini qəzetdə böyük həvəslə çap edib. Mən də lap cavan yaşraımda bu iki qəzetin hər ikisindən layiqincə bəhrlənmişəm. Tövsiyəm budur ki, cavan və orta nəsil jurnalistlərimiz də onların yolunu davam etdirməklə, qələmlərini xeyirxah işlərə yönəltsinlər. Bu, onlara yalnız başucalığı və böyük şöhrət gətirə bilər.

Budur. Qarşımda artıq ömrünün müdrik illərini yaşayan, həyatın bütün sınaqlarından çox şərəflə, böyük mübarizliklə çıxan, yüksək təfəkkürlü, danışdığı hər bir sözü ölçüb-biçən böyük ziyalı əyləşib. O, Əli Şimşək Bayramovdur. Sentyabr ayının 26-da 78 yaşı tamam olacaq mahir dedektiv əsərlərin müəllifini bir daha çoxminli oxucularla daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Əli Şimşək (Bayramov) 1945-ci ilin sentyabr ayının 26-da Masallı rayonunun Böyük Təklə kəndində anadan olub. Bədii yaradıcılığa orta məktəb illərindən başlasa da Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, prokurorluq orqanlarında çalışdığından yazdığı şeirləri, poemaları, dedektiv hekayələri, povestləri, romanlarını mətbuatda çap etdirməyib. Amma müstəqillik illərimizdə dostu, şair-jurnalist Sahib Əliyevin təkidi ilə o, bədii əsərlərini çap etdirməyə başlayıb. Bu gün Əli Şimşəyin ( Bayramovun) 10-dan çox kitabı işıq üzü görüb. Mən onun "Şamilin səsi", "Vahimə", "Göz yaşları", "Qan ləkəsi", "Kimsəsiz körpələr", "Əllinci patronun izi ilə", "Milyonların mənbəyi" və başqa kitablarını oxumuşam. Bu kitabların hər biri yüksək peşəkarlıqla və çox maraqlı, kofliktli, kəskin dialoqlarla yazıldığına görə maraqlı səhnə əsərləri və kino filmlər üçün çox maraqlı ssenarilər ola bilər. Ona görə də bu gün teatrlar üçün gərəkli pyeslər və kino filmlər üçün ssenarilər az olduğu vaxtlarda, teatrlar üçün pyes yazan dramaturqlara və kino dramaturqlara tövsiyəm budur ki, Əli Şimşəyin yaradıcılığına müraciət etsinlər. Çünki bu gün Azərbaycanda dedektiv janrını ən mükəmməl bilən yazıçılardan deyərdim ki, birincilərindəndir məhz Əli Şimşək.

78 illik ömründə Əli Şimşəyin (Bayramovun) həyatındakı hadisələr dəfələrlə təkrarlanıb. Bu haqda o, özü belə deyir:
- Bilmirəm bu tale yazısıdır və ya elə belə olmalı idi. Mənim həyatımdakı hadisələr, həm orta məktəb illərində, həm ali təhsil illərində və həm də prokurorluq sistemində işləyəndə dəfələrlə təkrarlanıb. Bununla bağlı yəqin ki, gələcəkdə bir yazı işləyəcəm. İndi sizə onu da vurğulayım ki, mən yaradıcılığa hələ orta məktəb illərindən başlamışam. O vaxtlar məktəbin divar qəzetlərinə şeirlər yazırdım. Həmin şeirlərimi də respublikada çap olunan qəzetlərə göndərirdim. Eləcə də rəsm əsərləri çəkib, yenə də qəzetlərə göndərirdim. Məktəbdə olan ədəbiyyat, riyaziyyat, rus dili və başqa fənnlərin dərnəklərində yaxından iştirak edirdim. Yəni o vaxtların cavanları olan biz, çox qaynar bir həyat yaşayırdıq. Dərslərimi demək olar ki, əla qiymətlərlə oxuyurdum. Sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul oldum və başım dərslərimə çox qarışdı. Çünki istəyirdim hüquq sistemini çox mükəmməl öyrənim. Günümün çox hissəsi kitabxanlarda keçirdi. Hüquqa aid kitablar oxuyurdum. Ona görə də əbədiyyata, şeirə vaxt sərf eləyə bilmirdim. Amma daxilimdə bir nisgil yatırdı. Ali məktəbi bitirəndən sonra müstəntiq, prokuror işlədim. Lakin yenə də prokurorluq işi ilə yaradıcılıq elə bil ki, tutmurdu. Çünki işlərim də həddindən artıq çox idi. Bir mütəxəssis kimi özümü prokurorluq sahəsində təsdiq etmək istəyirdim. Bütün bunlara baxmayaraq, qısa vaxt tapan kimi dəftərlərdə şeirlər, dedeiktiv hekayələr yazırdım, gələcəkdə yazacağım hansısa əsərlərin qeydlərini aparırdım. Hətta bəzən raykom iclasları gedən vaxtı mənə necə təb gəlirdisə, boş söhbətlərə qulaq asmaqdansa şeir yazırdım. Məndə indi 10-dan artıq böyük kitabçalar var ki, həmin vaxtlar ora şeirlər yazmışam. Nəsr əsərlərimlə bağlı qeydlər aparmışam.

Yardımlı rayonunda gənc vaxtlarımda 7 il prokuror işləmişəm. Orada Sahib Əliyev adlı maraqlı, istedadlı bir şair var. Onunla tez-tez təmasda olurduq. O, Yardımlı rayon qəzetinin baş redaktoru idi. Bir binada otururduq. Redaksiya ilə bizim aramız üç metrə idi. O, tez-tez şeirlərini gətirib, mənim üçün oxuyurdu. Həmin şeirləri müzakirə edirdik. Sahib müəllim mənim də şeirlərimi dinləyirdi. Məni məcbur edirdi və deyirdi ki, "şeirlərinizi verin qəzetdə çap etdirək". Amma həmin vaxt Sovet dövrü idi. Fikirləşirdim ki, deyəcəklər "vəzifəsindən sui istifadə edir. Niyə özünün prokurorluq işi ilə ciddi məşğul olmur, hələ bir şeir də yazır". Sonra Yardımlıdan işdən çıxıb, respublika prokurorluğunda işlədim. Daha sonra isə Qax rayonuna prokuror göndərildim. Orada işləyəndə məzuniyyətdə idim və Bakıya gəlmişdim. Təsadüfən Bakıda Sahib Əliyelə rastlaşdım. Çox mehriban görüşdük. Mənim maşınıma əyləşdik. Xahiş etdi ki, onu iş yerinə aparım. Soruşdum harada işləyirsən? Dedi ki, mən "Siyasət" nəşriyyatının rəhbəriyəm. Onun iş yerinə getdik. O, məcbur elədi ki, "bilirəm əvvəlki kimi yenə şeirlər, hekayələr yazırsız, verin onları çap edək". Yenə də razılaşmadım. Sahib müəllim israrla dedi ki, "axı indi Sovet dövrü deyil. Müstəqillikdir. Axı burada nə var ki? Görün, dünyada nə qədər insanlar var ki, başqa işlərdə də çalışırlar və bədii yaradıcılıqla da məşğul olurlar, böyük uğurlar əldə edirlər". O, məni çap olunmağa təkid elədi. O vaxt yadıma saldım, məşhur Xalq rəssamı, böyük ziyalı Hüseyn Əliyevin mənə dediyi sözləri. O, mənim şeirlərimi oxuyandan sonra belə demişdi: "Əli, Allah əgər sənə bu istedadı veribsə, hökmən yazmalısan. Və bunu da xalqdan gizlətməməlisən. Yaradıcılığı xalqdan gizlətmək elə özü böyük cinayətdir".

Mən də bir həftə oturub, dəftərlərimi vərəqlədim. Orada xoşuma gələn, məni qane eləyən, zamanla səsləşən hekayələrimdən altısını seçib, Sahib Əliyevə verdim. Qısa vaxtda həmin hekayələr kitab kimi çap olundu, çox maraqla qarşılandı və bu da məni həvəsləndirdi ki, oturub bədii yaradıcılığım haqqında ciddi düşünüm.

Beləliklə, "Şamilin səsi", "Vahimə", "Göz yaşları", "Qan ləkəsi", "Kimsəsiz körpələr", "Əllinci patronun izi ilə" və başqa kitablarımı çap etdirdim. Bu kitablarda hekayələrim, povestlərim, poemalarım, romanlarım toplanıb. İndi yaradıcılıqla daha ciddi məşğul oluram. Çoxlu şeirim var ki, vaxtilə qəzetlərdə dərc edilib. İndi onları kitab halına salıb çap etdirmək istəyirəm. Bir neçə yarımçıq povestlərim, romanlarım, əlyazma hekayələrim var ki, onların üzərində ciddi işləyirəm. Beləliklə, həyat davam eləyir. Ömrümün artıq 78-ci ilinə gəlib çatmışam. Prokurorluq, polis sistemlərində uzun illər işləmişəm. Tərif üçün demirəm. Yaxşı işləmişəm. Yuxarı təşkilatlar həmişə işimdən razı qalıblar. Çünki heç vaxt haqqı nahaqqa verməmişəm. Günahkar adamlara qarşı həmişə amansız olmuşam və onların pis əməlləri ilə heç vaxt barışmamışam. Yuxarı dadediyim kimi, başım özişimə çox qarışıq olduğuna görə yüzlərlə maraqlı hekayələrin, povestlərin, romanların, poemaların mövzusu olabiləcək çoxlu qeyd götürmüşəm. UluTanrıdan diləyim, arzum budur ki, mənə möhlət versin, həmin bədii əsərlərimin işıq üzü görməsini reallaşdıra bilim. Yalnız bir şeyəheyifsilənirəm ki, gərək elə mən cavanlıqdan bu əsərləri yazıb, xalqıma ərməğan eləyəydim...

Dahi yazıçı Lev Tolstoyun belə bir kəlamı var: "Bədii yaradıcılıqla məşğul olan adam, həmin əsərləri çap etdirmirsə, xalqına çatdırmırsa, o, böyük cinayət edir".

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

P.S. Bəli, Əli müəllim. Atalarımızın da belə bir maraqlı məsəli var və çoxumuz buna əvvəldən, yəni cavanlıq illərindən əməl etmirik. Atalarımız belə deyib: " İtirilən qızılı geri qaytarmaq olar, amma itirilən vaxtı heç vaxt geri qaytarmaq olmaz". Heç olmasa siz indiki vaxtdan səmərəli istifadə eləyib, bədii yazılarınızı çap etdirin.
Biz isə çox istedadlı şair-nasir Əli Şimşəyi 78 yaşının tamam olması münasibəti ilə çoxminli oxucularımız adından təbrik edirik. Ona bundan sonra da möhkəm can sağlığı və bir-birindən maraqlı əsərlər yazmağı arzulayırıq. Yazıçı xalqının düşünən beyni, görən gözü və danışan dilidir. Tarix boyu elə məşhur yazıçılar olub ki, onlara görə doğulduğu ölkəni tanıyıblar, seviblər. Deməli, yazıçı Ulu Tanrının yerdə müqəddəs elçisidir. Bunu əgər bizim yüksək rütbəli məmurlar dərk eləsələr, yazıçılarımıza lazım olan bütün şəraitləri yaratsalar, onlar da öz əsərləri ilə məmləkətimizi dünyada layiqincə tanıdarlar.

Bütün xəbərlər Facebook səhifəmizdə