Səcdənə gəlmişəm Şuşam - (Şeirlər)

REDAKSİYADAN
Çox maraqlı şeirlərin, nəsr əsərlərinin və “Sənə məktub yazacam” adlı maraqlı kitabın müəllifi, tanınmış sahibkar, Milan Hospitalın yaradıcısı Xuraman xanım Muradovanı Azərbaycan Yazıçılar Birliyinin üzvü olması münasibətilə təbrik edirik. Onun bir neçə şeirini çoxminli oxucularımıza təqdim edirik.

XURAMAN MURADOVA

Səcdənə gəlmişəm Şuşam

Həsrətdən üşüyən arzularımı,
Götürüb səcdənə gəlmişəm, Şuşam.
Neçə baharımı, neçə yazımı,
Sənsiz həyatımdan silmişəm, Şuşam.

Mərmi gülüşlərin göz dağım olub,
Hər damla göz yaşın bulağım olub,
Sənsiz kaş bilsəydin nə çağım olub,
Dərdinlə can verib ölmüşəm, Şuşam.

Anam tək sinəmə bağladım səni,
Hər gecə, hər gündüz qoxladım səni,
Otuz il ürəkdən ağladım səni,
Otuz il ürəksiz gülmüşəm, Şuşam.

Qarlı dağlarına çökən duman-çən,
Mənim ürəyimə çökmüşdü nədən,
Ruhumu özüylə aparıb gedən,
Dünyanı öz dünyam bilmişəm, Şuşam.

Olub keçənləri unudaq daha,
Bağışla, deyəsən batdım günaha,
Bilsəydin açılan bu xoş sabaha,
Nə qədər qurbanlar kəsmişəm, Şuşam.

Xoşdur azadlığın, xoşdur bu sədan,
Səni gözlərimdə yaşatdım hər an,
Səcdənə durubdur qızın Xuraman,
Səni candan artıq sevmişəm, Şuşam.

Yaz, dərdimi

Yaz notlara dərdimi,
Mənə ümid bəstələ...
Dərdlərimə nəfəs ver,
Nəğmələrində səslə...

Küsən xəyallarımla
Dumanlarda gəz məni.
Soyuğunda azdığım
Həsrətinlə kəs məni.

Gecənin yaxasından
Asılan ulduz kimi.
Qaranlıqlar içində
Susmuşam yalqız kimi.

Dərdimin tumarı var
Yağan yağışlarında.
Həsrətim buz bağlayıb,
Donan baxışlarında.

Dərdimin notlarını
Heç kəsə vermə, saxla.
Bu, bir ömür sirrimdi,
Darıxsan oxu, ağla.

Darıxmaq

Darıxmağın rəngi olmur əzizim.
Darıxmaq şeh tutan gülə bənzəyir.
Yandırar qəlbini gözə görünməz.
Ocağında sönmüş külə bənzəyir.

İnsana ayrılmaz bir yoldaş olar,
Sığınar dərdinlə bir sirdaş olar,
Darıxmaq qəlbində dərin iz salar.
Tufanla sovrulan yelə bənzəyir.

Çox dayaz görsənər, amma dərindi,
Həsrəti ömürlük qəlbdə yerindi,
Üşüyər hər zaman, yeri sərindi,
Darıxmaq bir çaya, gölə bənzəyir.

Yaralar adamı öz can evindən,
Əridər, məhv edər, saça salar dən,
Susarsan, ürəyin dolar kədərdən.
Darıxmaq lal olmuş dilə bənzəyir.

Eyləyər qəlbini lap oyuq-oyuq,
Hərdən qaynar olar, hərdən də soyuq,
Eyləməz özünü heç nəyə layiq
Darıxmaq, səhraya, çölə bənzəyir.

SƏNƏ MƏKTUB YAZACAM

Sənə məktub yazacam...
Yazacam şirin dillə.
Könlünü ovunduran-
Yazacam, üç-beş cümlə.

Sənə məktub yazacam...
Yağışın yağmasından.
Küləyin əsməsindən,
Günəşin doğmasından…

Nəbilim daha nədən,
Yazılası çox şey var….
Amma yazmayacam mən,
Sənə olan sevgimdən...

Sənə məktub yazacam,
Ya bu gün, ya da sabah.
Əsas odur yazacam,
Amma oxu, sən Allah.

Sənə məktub yazacam,
Xatirəmdəki izdən.
Sənə məktub yazacam,
Yerdən, göydən, dənizdən.

Sevdiyim nələr varsa
Yazacağam ondan mən.
Xəyallarda baş alıb
Gedən ümidlərimdən.

Sənə məktub yazacam,
Səndən uzaq yerlərdən.
Sənə məktub yazacam,
Sənsiz keçən günlərdən.
Amma yazmayacam mən
Sənə olan sevgimdən.

SƏNDƏN ELƏ KÜSƏRƏM

Mən elə küsərəm səndən, əzizim,
Bir daha üzümü görə bilməzsən.
Mən elə küsərəm səndən əzizim,
İstəsən də geri dönə bilməzsən.

Sənə olan sevgim sonsuz olsa da,
Danışa bilməzsən, dinə bilməzsən.
Yanarsan qəlbində səniçin- için,
Dərdini kimsəylə bölə bilməzsən.

Mən elə küsərəm səndən əzizim,
Durnalar ağlayar göyün üzündə.
Gözü yaşlı qalan bu sevdamızın,
Zülmətə çevrilər dünya gözündə.

Son payızda əsən soyuq küləklər,
Aparar sevgimi cox uzaqlara.
Fikrin bir nöqtədə ilişib qalar,
Gözlərin tikilər uzaq yollara.

Mən elə küsərəm səndən əzizim,
Bulud tək hönkürər sevda yağışın.
Qalarsan hicranın ümidlərində,
Dikilər yollara həsrət baxışın.

Bir gün olmayacam

Bir gün arzulayarsan məni...
Cadar-cadar torpaqlar
yağışı arzuladığı kimi.
Bir gün arzulayarsan məni...
Çarəsiz bir xəstənin
Gözlərini pəncərəyə dikib
Günəşin doğuşunu gözlədiyi kimi.
Bir gün arzulayarsan məni...
Bir məhbusun dəmir barmaqlıqlardan
Azadlığa həsrət qalmış
baxışları kimi.
Bir gün arzulayarsan məni...
Neçə illərin sevgi nəşəsindən
alışan dodağların buz nəfəsli
naxışları kimi...
Amma o gün mən olmayacam...
Nə də yağış yağmayacaq.
Məni yetirən o ana,
Daha məni doğmayacaq…

YENİDƏN DÜNYAYA GƏLMƏK İSTƏYİRƏM

Yenidən dünyaya gəlmək istəyirəm...
Səninlə görüşmək üçün.
Bitib bu sevginin çiçək düzündə
Qalıb sevgimizin dəniz gözündə,
Səni görmək istəyirəm...
Əssin həsrətimizin vüsal yeli,
Çırpılaq sevginin sahillərinə
Düşək eşqin əllərinə..
İtək sevginin şirin ayrılığında...
Döyünən ürəyimizin
Sən o tayında, mən də bu tayında...

Yenidən dünyaya gəlmək istəyirəm...
Sənli günlərimin sığalı olmaq üçün.
Sevgimizin titrəyən qollarında,
Bitməyən yollarında,
O günlərimin hər saatını,
Baxışlarıma çəkmək istərəm.
Həsrətimizə yağan yağışların
Qaranlıq gecəsində sən ay ol, mən ulduz...
Baxaq sevgimizin göy qurşağına,
Açıb qucağımızı taleyin xoş vaxtına
Xatirələri endirək payıza
Özümüz üz tutaq üzü yaza....

Yenidən dünyaya gəlmək istəyirəm...

Sevib, sevilmək üçün.
Eşqin mirvari dənələrini
Baxışlarından yığıb
Sevgi bağçamızın
çiçək ürəyinə əkilmək üçün.
Nəfəsimin lal kimi susan
Bulaq gözündən
Süzülüb gələn ayrılıqları
Ömrümdən silmək üçün.
Səni ruhuma çəkmək üçün.

Yaşamaq istərsən...

Yaşadığın bir gün ömrə dəyərsə
Bir günlə həyatın əgər dönərsə...
Taleyin üzünə nə vaxtsa gülüb,
Xəyyalların sənə qonaq gələrsə.
Yaşamaq istərsən...

Kədərin əlindən inciyib, küsüb,
Arzuna nə vaxtsa çata bilərsən..
Qaçıb arzuların şirin üzünə,
Onun əllərindən tuta bilərsən.
Yaşamaq istərsən...

Bəzən lal olarsan, bəzən susarsan,
Bəzən ümman kimi dolub daşarsan.
Ürəyin darıxar, ruhun sıxılar,
Bəzən dəniz kimi elə coşarsan..
Yaşamaq istərsən…

Bir ömür əbədi xəyal qurarsan,
Üzü çiçəkləyər ayrılıqların.
Acı gülüşlərin yolları üstə,
Yağarsan yağış tək, sən narın-narın.
Yaşamaq istərsən...

BİR GÜN ÇIXIB GEDƏSƏN

Bir gün çıxıb gedəsən,
Bu şəhərin səsindən.
Gedəsən uzaqlara…
Nə maşın səsi gələ,
nə də ki uğultusu…
Səninçün həyat ola
Bir də bir içim su...
Gedəsən yavaş-yavaş
Səni yollar apara.
Tək yollar duya səni,
Səni qəmdən qopara.

Bir gün çıxıb gedəsən…
Bu şəhərin özündən.
Saxta yalandan gülən,
İnsanların üzündən.

Uzaq yerə gedəsən…
Bilməyələr izini.
Unudasan hər kəsi,
Tək tapasan özünü.

Heç geriyə baxmadan
Bir gün çıxıb gedəsən…
Getmək nə çətin imiş…
Bəlkə də asanimiş…

Bir gün çıxıb gedəsən…
Heç bir kəsə demədən.
Sakit, səssiz-səmirsiz,
Bir gün çıxıb gedəsən,
Ayrılığın dadını,
Hər kəsə bildirəsən…

Mən gedər oldum

Quşlara deyin uçmasın,
Güllərə deyin açmasın,
Sulara deyin axmasın,
Mən gedər oldum....

Dənizlər çağlamasın,
Buludlar ağlamasın,
Dostlarım saxlamasın,
Mən gedər oldum...

Ruzgara deyin əsməsin,
Yollarımı kəsməsin,
Sevdiklərim küsməsin,
Mən gedər oldum...

Gözlərim yaz yağışıdı,
Buludların naxışıdı,
Sevgilim, son baxışımdı,
Mən gedər oldum...

Aləm eşitsin səsimi,
Anam duysun nəfəsimi,
Torpaq açıb sinəsini,
Mən gedər oldum...
Mən göyləri sevərəm

Mən göyləri sevərəm,
Mən yerləri sevərəm.
Əl çatmayan müqəddəs,
Hər şeyləri sevərəm.

Ay-ulduzlu gecəni,
Göy səmanı sevərəm.
Dünya gözəlliyini,
Asimanı sevərəm.

Nurundan boy atdığım,
Günəşimi sevərəm.
Qəlbimdə Vətən adlı
Atəşimi sevərəm.

Hər şeyin asan deyil,
Çətinini sevərəm,
Haqq yolunun əbədi,
Gülşənini sevirəm.

Güclü ruzigar deyil,
Sakit mehi sevərəm.
Güllər üstə gülümsər,
Narın şehi sevərəm.

Ülvi sevgilər kimi,
Mən sevməyi sevərəm.
Tanrı sevgisi qədər,
Sevilməyi sevərəm.

O şeyləri sevdim ki,
Bu dünyada qalmağa.
Dünyanın sərvətləri
Yetməz onu almağa.

Bütün xəbərlər Facebook səhifəmizdə