“Əgər hamı peyvənd olunsa,...” - DEPUTATDAN AÇIQLAMA

“İlk növbədə onu qeyd edim ki, çox sevindirici haldır ki, artıq son zamanlar koronavirusa yoluxanların sayında ciddi azalma var. Sağalanların sayı isə yoluxanlardan dəfələrlə çoxdur. Eləcə də, həyatını itirənlərin sayında azalma öz əksini tapıb. Əlbəttə, bütün bunlar hamısı ölkədə koronavirusa qarşı ilk gündən aparılan tədbirlərin nəticəsidir. Çünki, cənab Prezident İlham Əliyev ilk yoluxan xəstə qeyd olunan vaxtdan koronavirusa qarşı ehtiyyat tədbirləri gördürüb. Məhz bunların nəticəsidir ki, bu gün ÜST-ün də qeyd etdiyi kimi, Azərbaycanda bu xəstəliyə qarşı mübarizə yüksək səviyyədədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün sevindirici haldır ki, Müstəqil Dövlətlər Birliyi arasında Azərbaycan vaksinasiya ilə əlaqədar ilk sıralardadır: “Bu da cənab Prezident İlham Əliyev tərəfindən aparılan tədbirlərin nəticəsində baş verir. Baxmayaraq ki, bir sıra digər inkişaf etmiş Avropa ölkələri hələ bu peyvəndi almamışdı, amma Azərbaycan peyvəndin alınmasında da ilk dövlətlərdən olub. Eləcə də, bu il yanvar ayının 18-dən Azərbaycanda vaksinasiya başlanılıb. Bütün bu yoluxmaların azalması uğurlu addımların nəticəsidir”.

Kamilə Əliyeva sözlərinə belə davam edib: “Vaksinasiya könüllülük prinsipi ilə olsa da, çox sürətli gedir. İnsanlar arasında təbliğat işlərinin aparılması Azərbaycanda peyvəndləmə işlərinin sürətlənməsinə səbəb olub. Dünya şöhrətli inkişaf etmiş ölkələr belə vaksinasiya məsələsində bu uğuru qazana bilməyiblər. Hətta orada peyvənd problemi də var. Lakin, Azərbaycanda dövlət başçısının səyi və şəxsi nüfuzu sayəsində biz bu peyvəndləri zamanında almış olduq. Onun nəticəsidir ki, artıq may ayının sonundan xeyli yumşalmalar olub. Yeganə insanları narahat edən toy və yas məsələləridir ki, düşünürəm toyların da müəyyən qaydalar və say çərçivəsində keçirilməsi müzakirə olunacaq. Bu məsələ insanları çox maraqlandırır və yaxın vaxtlarda öz həllini tapacağına ümid edirəm. İnsanlar yumşalmalara əsaslanıb ehtiyyatı əldən verməməlidirlər. Əgər, qaydalara riayət olunmasa əvvəlki yoluxma vəziyyəti geri qayıda bilər. Qapalı şəraitdə mütləq maska taxmalı və digər gigiyenik qaydalara riayət etməliyik. Peyvənd olunmayanlar da mütləq şəkildə bunu etməlidirlər ki, ölkədə vəziyyət sabit olaraq qalsın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...