Seroloji testlərin keçirilməsi həm əhali, həm də dövlətimiz üçün çox vacibdir - AÇIQLAMA

Seroloji testlərin keçirilməsi həm əhali, həm də dövlətimiz üçün çox vacibdir - AÇIQLAMA

"Seroloji testlərin mahiyyəti, daha əvvəl insanın koronavirusla qarşılaşıb-qarşılaşmadığı barədə məlumat verməsindən ibarətdir. Yəni, insanlarda virusa qarşı qanında anti-cisim yaranır ki, bu anti-cisimləri müəyyən etməyin yolu seroloji testlərin aparılmasıdır". Bunu SİA-ya açıqlamasında "Yeni Klinika"da koronavirusla mübarizədə ön cəbhədə fəaliyyət göstərən həkim Vasif Əliyev deyib.

Həkimin sözlərinə görə, bu test nəticəsində şəxs özü haqqında məlumat alır: "Bu testlər təsadüfi seçilmiş insanlar arasında könüllülük prinsipi əsasında həyata keçirilir. Seroloji testə razılıq vermək və ya testdən imtina etmək şəxsin özündən asılıdır. Lakin mən düşünürəm ki, testin mahiyyətini doğru dərk edən bir insan testin keçirilməsinə mütləq razılıq verəcək. Məsələn, mən şəxsən özüm virusa yoluxub-yoluxmadığımı bilmək üçün öz hesabıma seroloji test etmişəm. Amma dövlət tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi zəmnində mənim fikrimcə insanlar bu testin keçirilməsinə razılıq verəcək".

V.Əliyev vurğulayıb ki, biz tibb işçiləri ölkədə faiz etibarilə nə qədər insanın bu virusla qarşılaşıb-qarşılaşmaması barədə məlumat əldə etmiş oluruq: "Nəticədə isə bir sonrakı virus dalğasının cəmiyyət üçün nə qədər təhlükəli olub-olmayacağını proqnozlaşdıra biləcəyik. Fərd bu test nəticəsində gələcəkdə virusa yoluxa bilərmi? və ya virusa qarşı qoruyuculuğu varmı? kimi suallar cavab tapacaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu testlərin keçirilməsi həm əhali, həm də dövlətimiz üçün çox vacibdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə