İcbari tibbi sığortaya keçid: görülən işlər və əldə edəcəklərimiz - ARAŞDIRMA

Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ciddi islahatlar həyata keçirilir. Bu islahatlardan biri yaxın zamanda bütün ölkəni əhatə edəcək icbari tibbi sığorta ilə bağlıdır. Hazırda bəzi rayonda pilot layihə kimi həyata keçirilən icbari tibbi sığortanın Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən 1 yanvar 2020-ci ildən ölkə üzrə tətbiqinə başlanılacağı gözlənilir. Bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə istifadə edilən icbari tibbi sığortanın ölkəmizdə tətbiqi ilə bağlı son günlər geniş şəkildə məlumatlar, müxtəlif tədbirlər, müzakirələr aparılmasına baxmayaraq hələ də yeni sistem haqqında məlumatlı olmayanlara və islahatların mahiyyətini düzgün anlamayanlara rast gəlmək mümkündür. Bütün bunları nəzərə alaraq SİA oxucularına yeni sistemin tətbiq ilə görülən işlər və icbari tibbi sığortanın əhəmiyyəti haqqında araşdırma təqdim edir.

İcbari tibbi sığorta nədir və bu sistem ölkəmizə necə tənzimlənəcək?

İcbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir. 1 yanvar 2020-ci ildən etibarən İTS-nin bütün ölkə üzrə tətbiqinə başlanılacaq. Bu məqsədlə 2018-ci ilin sonlarında İTS-in ölkə üzrə tətbiqinə şərait yaradan "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunda dəyişiklik edilməsi barədə qanun qəbul edildi, mühüm fərmanlar imzalanıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci il 20 dekabr tarixli 418 №-li "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalanıb. Fərmana əsasən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflərin hazırlanması, İTS-in tətbiqi üçün lazım olan normativ hüquqi aktların, tibbi protokolların və digər sənədlərin tətbiqi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması, İTS-in məlumat bazasının yaradılması və xəstəxanaların həmin məlumat bazasına inteqrasiyası, tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatının hazırlanması və Fərmandan irəli gələn digər məsələlərin həlli İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sözügedən fərmana uyğun olaraq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradıldı və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib. 2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi İTS-in tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir. TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini İTS sisteminin tələblərinə uyğunlaşdıracaq. Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.

Baza zərfinə hansı tibbi xidmətlər daxildir?

Baza zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tətbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı 1829-dur.

Pilot layihə icbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:

Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);

İlkin səhiyyə (ailə həkimi) xidməti;

Ambulator şəraitdə müayinə və müalicə;

Stasionar müalicə;

Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);

Fizioterapevtik xidmətlər;

Laborator müayinələr;

Hamiləlik və doğuş xidməti;

Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);

Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;

Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);

Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Bu xidmətlərdən insanlar nə vaxt yararlanacaqlar?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentlik 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir: “Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 rayonda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Qeyd olunan regionlara Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. Qeyd edək ki, hazırda pilot layihənin həyata keçirildiyi inzibati ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) də icbari tibbi sığorta sisteminin tətbiqi 1 yanvar 2020-ci ildən başlanacaq. İlkin mərhələdə ölkə əhalisinin 23,82 faizinə tibbi xidmət göstəriləcək.

İkinci mərhələdə - aprel-iyun aylarında 17 rayon – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortadan yararlanacaq.

İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 rayonda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabadda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə sistem çərçivəsində tibbi xidmət göstəriləcək.

Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir”.

İcbari tibbi sığorta haqları necə ödənəcək?

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov söyləyib ki, hazırda Milli Məclis tərəfindən I oxunuşda qəbul edilən “Tibbi sığorta haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi qədər icbari tibbi sığorta haqqının tutulması nəzərdə tutulur”.

Komitə sədri qeyd edib ki, qanun layihəsinin 15-2.5-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən - bu Qanunun 15-2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə təqvim ili üçün adambaşına 90 manat, 15-2.3.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - minimum aylıq əməkhaqqının 4 faizi, 15-2.3.5-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi, 15-2.3.6-cı maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - 2023-cü ildən etibarən minimum aylıq əməkhaqqının 48 faizinin tutulması nəzərdə tutulub.

Yeni sistem bizə nə verəcək?

Milli Məclisin deputatı Musa Quliyev vurğulayıb ki, icbari tibbi sığortaya keçid Azərbaycan üçün labüddür: ”Neçə ildir ki, bu məsələ üzərində iş gedir. Prezident İlham Əliyevin bununla bağlı fərman və sərəncamları var. Əvvəlcə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, daha sonra publik hüquqi şəxs yaranıb, qanunlara yüzə yaxın dəyişiklik olub. İcbari tibbi sığorta pilot layihə kimi 3 rayonda fəaliyyət göstərir. Bununla bağlı çox gözəl təcrübə və nəticələr var. Gələn ildən artıq Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib. Burada bir çox dünya ölkəsinin təcrübəsi toplansa da, sırf Azərbaycan modelidir, heç bir ölkənin 100 faizlik istifadə edilən modeli deyil. Burada Azərbaycan reallığı, əhalinin məşğulluğu, əməkhaqqı gəlirləri, ölkədə tibbin problemləri, üstünlükləri və s. bir sıra nüanslar nəzərə alınıb. Təbii ki, ilk başlayanda 6 ay, 1 il müəyyən çətinliklər, problemlər ortaya çıxacaq. Amma bunlar hamısı həll olunası məsələlərdir”.

Deputat bildirib ki, əhalinin icbari tibbi sığortaya çox ehtiyacı, ümidi və ciddi gözləntiləri var: “Gələn ildən tətbiqinə başlanacaq icbari tibbi sığorta Azərbaycanda uğurla fəaliyyətə başlayacaq. Yarana biləcək hər hansı xırda problemə hər kəs obyektiv və vicdanlı yanaşmalı, bunun həllinə çalışmalıdır. Bu gün də səhiyyənin çətinlikləri, problemləri var. İcbari tibbi sığortanın tətbiqindən sonra isə bu çətinliklər, problemlər indikindən çox daha az olacaq, xidmətin səviyyəsi, keyfiyyəti yüksələcək, sağlam rəqabət yaranacaq. Səhiyyədə uzun illərdir kök salan və öz həllini tapa bilməyən bürokratik əngəllər, digər mənfi meyllər tamamilə aradan qaldırılacaq. Düşünürəm ki, icbari tibbi sığorta Azərbaycan xalqının ümidlərini doğruldacaq”.

Xəstəxanalar yeni sistemə hazırdırmı?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən açıqlanan məlumatda bildirilir ki, gələn ildən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması üzrə işlər aparılır. Belə ki, artıq bir sıra region xəstəxanalarında müəssisələrin fəaliyyətinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı yaradılıb və qeydiyyat masaları qurulub. Xəstəxanalara müraciət edən vətəndaşların elektron qaydada qeydiyyatının aparılması zamanı şəxsiyyət vəsiqəsinin qeydiyyatçıya təqdim olunması mütləqdir. Bunun üçün hər bir vətəndaşdan tibb müəssisəsinə gəldikdə şəxsiyyət vəsiqəsinin gətirilməsi xahiş olunur.

Qeyd edək ki, proqram təminatı vasitəsilə vətəndaşın elektron qaydada qeydiyyatının aparılması pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator, diaqnostik və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Həmçinin vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqqında məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...