Keçən əsrin 90-cı illərinin axırlarında ölkəmizdə malyariya xəstəliyi epidemiyası baş verib. 1993-cü ildə 23 hadisə qeydə alındığı halda 1994- cü ildə 667 nəfərdə yerli yoluxma halları baş verib. 1996-cı ildə yoluxma ən yüksək həddə çataraq 13135 hadisə qeydə alınıb. Epidemiyanın yayılması ilk növbədə həmin dövrdə sosial-iqtisadi vəziyyətin pisləşməsi, hərbi münaqişələr, qaçqın və məcburi köçkün axının yaranması və xaotik miqrasiya, malyariya üzərində epidemioloji nəzarətin, eləcə də epidemiya əleyhinə tədbirlərin zəifləməsi, dərman preparatları və laboratoriyalar, dezinseksiya maddələrinin çatışmazlığı və vaxtında lazımi tədbirlərin görülməməsi ilə əlaqədar olub.
SİA xəbər verir ki, bu məlumatları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Malyariya ilə Ümumdünya Mübarizə Günü münasibətilə keçirilən mətbuat konfransında səsləndirib. Sonra Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov xəstəliyin əlamətləri, gedişi, yayılma formaları, diaqnostikası, profilaktikası və onunla mübarizə formaları barədə ətraflı söhbət açıb. Şöbə müdiri ölkə ərazisinin 80 faizinin xəstəlik üçün endemik zona hesab edildiyini söyləyib. O, ötən əsrin 90-cı illərinin axırlarından bu günə qədər bu sahədə görülən işlər, aparılan mübarizə tədbirləri barədə ətraflı bəhs edib. Qeyd olunub ki, Səhiyyə Nazirliyinin hazırladığı Malyariya ilə mübarizə üzrə Milli Proqrama uyğun olaraq kompleks tədbirlərin nəticəsində xəstələnmə səviyyəsi ilbəil azalaraq 2010-cu ildən sonra sporadik, yəni tək-tək hallarda qeyd olunmağa başlayıb və 2013- cü ildən etibarən bəri yerli yoluxma halları qeydə alınmayıb.
S. Məmmədov mətbuat konfransında deyib: "Ölkəmiz 2005-ci ildə Daşkənddə qəbul edilmiş "Avropa regionunda malyariya ilə mübarizədən onun eliminasiyasına doğru" Bəyannaməsinə qoşulub və respublika ərazisində malyariyanın tam eliminasiyasına nail olunub. 2016-cı ilin iyulunda isə Aşqabadda "Eliminasiyadan sonrakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması" üzrə yeni Bəyannamə qəbul edilib və ölkəmiz malyariyadan azad ölkə statusu qazanıb. 2016-2020-ci illər üçün "Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması" üzrə Milli Strategiya işlənib hazırlanıb və onun icrasına başlanılıb".
Şöbə müdiri onu da qeyd edib ki, xəstəliyin tam eliminasiyasına nail olunmasına baxmayaraq, digər region ölkələrində hələ də xəstələnmə hallarının və əhali arasında intensiv miqrasiyanı nəzərə alaraq xəstəlik əleyhinə tədbirlərin zəiflədilməməsi və onun davamlı şəkildə aparılmasını tələb edir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara da cavablar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB