“Hazırda yayılan xəstəlik kəskin respirator virus infeksiyalarıdır" AÇIQLAMA
"Hazırda insanlar arasında yayılan kəskin respirator virus infeksiyalarıdır". Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, bu mövsümdə bir qədər ağır gedişli respirator virus infeksiyalı xəstələrdən 250-dən çox laborator müayinə aparılıb və pandemik qrip aşkar edilməyib.
Onun sözlərinə görə, hazırda mövcud olan respirator virus infeksiyaları bir o qədər də ağır keçmir: "Əlbəttə vaxtında həkimə müraciət, yataq rejiminə riayət etmədikdə, müalicə almadıqda xəstəlik nisbətən ağır keçir. Lakin bütün göstərişlərə əməl etdikdə həm xəstəlik ağırlaşmır, həm də virusun yayılmasının qarşısı alınır".
A. Əliyeva qeyd edib ki, hazırda xəstəliklə bağlı vəziyyət ötən illə müqayisədə iki dəfə azdır: "Ötən ilin müvafiq dövründə vəziyyət daha ağır idi. Amma ümumilikdə qış aylarında xəstəlik digər mövsümlərlə müqayisədə nisbətən artıq qeydə alınır. Ötən ilin yanvar-fevral ayı ilə müqayisə etsək, bu il azalma müşahidə olunur".
Direktor müavini söyləyib ki, qış aylarında insanlar oturduqları otağın havasını tez-tez dəyişməlidir: "İnsanlar kütləvi, infeksiya daşıyıcısı olan yerlərdən uzaq olmağa çalışmalıdırlar. Xəstə şəxslər gigiyenik maskalardan istifadə etməlidirlər".
Xəstəliyin 60-70 faizinin əsasən uşaqlar arasında qeydə alındığını deyən A. Əliyeva söyləyib ki, əsasən qidalanması zəif olan körpələr belə respirator virus infeksiyalarına daha tez yoluxurlar: "Bu xəstəliyin qarşısının alınması məqsədilə şəhər dezinfeksiya stansiyaları tərəfindən hələ noyabr ayında bütün orta və məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə, uşaq bağçalarında 2 dəfə dezinfeksiya işləri aparılıb. Amma bundan əlavə hazırda bütün təhsil müəssisələrində gündəlik dezinfeksiya işləri aparılır. Bundan əlavə il boyu tibb müəssisələrində dezinfeksiya işləri aparılır. Artıq neçə ildir ki, mərkəz tərəfindən həm rayonlarımızda həm də Bakı şəhərində fəaliyyət göstərən həm uşaq, həm böyük klinikalarında, həm də böyük xəstəxanalarda kəşfiyyat xarakterli epidemioloji nəzarət tədbirləri təşkil olunur. Bu sahədə nəzarət tədbirləri yüksək şəkildə həyata keçirilir. Bu baxımdan deyə bilərəm ki, bu gün mövcud olan xəstəlik epidemioloji həddə çatmayıb. Hazırda epidemioloji vəziyyət tam sabitdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB