Son illər Azərbaycanda istər ana, istərsə də uşa qölümü göstəriciləri təsirli dərəcədə enib. SIA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün Milli Məclisdə ana və uşaq ölümləri mövzusuna həsr olunan dəyirmi masada çıxış edərkən deyib. Ə.Əmiraslanovun sözlərinə görə, bu göstəricilərin enməsi o demək deyil ki, Azərbaycanda bu sahədə problemlər yoxdur: "Bu problemlər var. Amma dövlət tərəfindən tədbirlərin görülməsi bu problemlərinin həllinə gətirib çıxaracaq. Bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətini həkimlərin üzərlərinə qoyurlar. Bu, düzgün deyil".
Ə.Əmiraslanov qeyd edib ki, hər bir ölkənin əsas inkişaf göstəricilərindən biri də ana və uşaq ölümü göstəricisidir. Ə.Əmiraslanov qeyd edib ki, ölkəmizdə ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təminatı sahəsində ciddi tədbirlər görülüb.
Komitə sədri əlavə edib ki, dünyadakı bütün ana ölümlərinin 50 faizi Afrika qitəsində yaşanların payına düşür. İnkişaf etmiş ölkələrdə bu göstərici cəmi 1 faizdir: "Hər bir ana və uşaq ölümü böyük faciədir. Əgər uşaq ölümünün göstəricilərinin coğrafiyasına nəzər salsaq görərik ki, ölkələr arasında böyük fərqlər var. 1990-cı ilin məlumatına görə, bir gündə dünyada 5 yaşına çatmamış uşaq 18 min dünyasını dəyişirdi. Əslində, bu ölümlərə təsir edən tibbi faktorlar var. Bu gün də uşaq ölümlərinin əsas səbəbləri pnevmaniya, malyariya və s-dir. Çox təəssüflə qeyd etmək istərdim ki, hər bir uşaq və ana ölümlərinin 55 faizi səhiyyə xidmətləri ilə bağlıdırsa, 45 faizi qida çatışmazlığı ilə bağlıdır. Şübhəsiz ki, bunlar hamısı çox mürəkkəb məsələrdir. Bu gün bütün dünya rəhbərləri bu barədə fikirləşirlər".
Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, sağlamlıq və təhsil olmayan yerdə inkişafdan danışmaq olmaz: "Bu kimi tədbirlərdə diqqət daha çox problemlərin həllinə yönəldilməli və səylərin birləşdirilməsinə çalışılmalıdır. Parlament bütün istiqamətlərdə qanunlar qəbul etməklə yanaşı, konkret sahələri də tənzimləyən qanunlar qəbul edib. Hazırda səhiyyə sahəsi üzrə kifayət qədər ciddi qanunverici bazamız mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB