"İldə 600-650 nəfər böyrək çatışmazlığından dünyasını dəyişir"

"İldə 600-650 nəfər böyrək çatışmazlığından dünyasını dəyişir"

Hazırda Azərbaycanda 3044 hemodializ xəstəsi var ki, onlar 35 hemodializ mərkəzində dövlət hesabına müalicə alırlar". SİA-nın xəbərinə görə, bu barədə M.C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə verdiyi açıqlamasında deyib.

O bildirib ki, ölkədə fəaliyyət göstərən 35 hemodializ mərkəzindən 7-si Bakıda, 28-i isə respublikanın regionlarında fəaliyyət göstərir: "Azərbaycanda xroniki böyrək çatışmazlığı ilə bağlı tədbirlər 2006-cı ildə Nazirlər Kabineti tərəfindən qəbul edilən dövlət proqramına uyğun şəkildə aparılır. Cari ilin yanvar ayının 17-də Nazirlər Kabinetinin yeni qərarı ilə proqramın 2016-2020-ci illəri əhatə edən III mərhələsi qəbul olunub. Buna uyğun olaraq respublikanın bütün regionlarında dializ mərkəzlərinin açılması planlaşdırılır".

F. Babayev söyləyib ki, Azərbaycanda 1 milyon əhaliyə 450-500 nəfər böyrək çatışmazlığı xəstəsi düşür ki, onların da təxminən 50-55 faizinin hemodializə ehtiyacı olur: "Hazırda Azərbaycanda ən cavan böyrək xəstəsinin 6, ən yaşlısının isə 84 yaşı var. Bu gün 15 yaşa qədər 9 uşaq dializ alır. Əhalinin sıxlıq müşahidə olunan regionlarında, xüsusən Azərbaycanın qərb bölgəsində böyrək xəstələrinə daha çox rast gəlinir. Dünyanın ən aparıcı ölkələrində böyrək xəstələri arasında ölüm sayı 29-35 faizdirsə, Azərbaycanda bu rəqəm 22-23 faiz təşkil edir. Bir ildə 600-650 xəstə böyrək çatışmazlığı xəstəliyindən dünyasını dəyişir. Bu rəqəm də dünya statistik rəqəmlərindən aşağıdır. Ölkədə olan şərait böyrək xəstəliyindən əziyyət çəkənlərin yüksək şəkildə müalicə alması üçün imkanlar yaradır. Xəstələrin xarici ölkələr üz tutmasına heç bir ehtiyac yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə