Banan "Ebola" daşıyıcısı ola bilərmi?

"Bananın tərkibində insan orqanizmi üçün lazım olan maddələr, vitaminlər, mikroelementlər çoxdur"
Banan "Ebola" daşıyıcısı ola bilərmi?

"Banan "Ebola" daşıyıcısı ola bilərmi?" sualını tibb elmləri doktoru Adil Qeybulla cavablandırıb. O bildirib ki, rəsmi fakta əsaslanmadan yayılan məlumat real qəbul olunmamalıdır: "Konkret olaraq, aparılan müayinənin nəticəsinə əsaslanıb rəsmi mənbə məlumat verirsə, bu, real qəbul edilə bilər. Əks halda, bu şayiədir. Şayiə xarakterli məlumatların, əlbəttə, heç bir elmi əsası yoxdur. Banan o vaxt "Ebola" daşıyıcısı ola bilər ki, müəyyən halda virusun onun tərkibinə keçməsi üçün şərait yaransın. Bu o dərəcədə də real görünmür. Sadəcə olaraq, "Ebola"nın, həddən ziyadə, çox olduğu yerlərdə, əgər banan yığılması zamanı müəyyən texniki şərtlər gözlənilməyibsə, problem yaşanıbsa, o zaman onun üzərinə virus çökə bilər. Bir müddət sonra bunun canlı orqanizmə keçə bilmə ehtimalı var. Qalan halları, bir o qədər də, real hesab etmirəm".

Bananın insan orqanizminə mənfi təsirlərinə gəlincə, professor qeyd edib ki, əgər bu meyvənin yetişdirilməsi zamanı kimyəvi maddələrdən istifadə olunarsa, insan həyatı üçün təhlükəli hesab edilə bilər: "Bəzi zərərli maddələr torpaqdan köklər vasitəsi ilə də həmin meyvənin tərkibinə keçə bilir. Qalan hallarda bananın tərkibində zərərli maddələrin olması faktı bizə məlum deyil. Bananın tərkibində insan orqanizmi üçün lazım olan maddələr, vitaminlər, mikroelementlər çoxdur. Bu meyvə özü bağırsağın divarında, bir növ, qoruyucu funksiya daşıyır. Hər bir meyvənin tərkibində orqanizm üçün lazımlı maddələr mövcuddur. Selen kimi mikroelement var ki, o, orqanizmin xərçəng xəstəliyinə qarşı müdafiə sisteminə çox yaxşı təsir edir. Bütün meyvələrin öz yeri var, o cümlədən də bananın".

Bütün xəbərlər Facebook səhifəmizdə