KİV nümayəndələri Bakı Sağlamlıq Mərkəzində olublar

KİV nümayəndələri Bakı Sağlamlıq Mərkəzində olublar

Bu gün Səhiyyə Nazirliyi Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Açıq qapı" günü keçirib. SİA-nın məlumatına görə, görüşdə mərkəzin direktoru Tərlan Bəbirov tədbirin Prezidentin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Açıq Hökumət 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində keçirildiyini diqqətə çatdırıb.

O bildirib ki, belə tədbirlərin keçirilməsi şəffaflığın artırılmasına xidmət edir: "Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunub. Dövlət başçısı 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak edib. Bu il mart ayının 17-də isə mərkəz əhalinin istifadəsinə verilib. 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunub. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılıb. Bütün şöbələr dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təchiz olunub. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq edilir.

Bunların arasında müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş sterilləşdirmə sistemi mühüm yer tutur. Bundan əlavə, Bakı Sağlamlıq Mərkəzində istifadəyə verilən kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları və digər müasir tibbi cihazlar xəstələrin müalicəsində əhəmiyyətli rol oynayacaq. Cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər və reanimasiya otaqları mərkəzin əhəmiyyətini daha da artırır".

Mətbuat nümayəndələrinin suallarını cavablandıran T. Bəbirov əlavə edib ki, mərkəzdə əhalinin müayinə və müalicəsi pulsuz aparılır.

Sonra jurnalistlər Bakı Sağlamlıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə