İsti hava zob xəstələrinə necə təsir edir? - HƏKİM AÇIQLADI

İsti hava zob xəstələrinə necə təsir edir? - HƏKİM AÇIQLADI

İlk növbədə qeyd etmək lazımdır ki, xalq arasında tez-tez işlədilən “zob” sözü əslində konkret bir xəstəliyin adı deyil. Bu termin qalxanabənzər vəzin böyüməsini ifadə edir və müxtəlif qalxanabənzər vəzi xəstəlikləri zamanı müşahidə oluna bilər. Buna görə də isti havanın təsiri bütün “zob” xəstələrində eyni olmur.

Bu sözləri SİA-ya endokrinoloq Turan Bağırova deyib.

O bildirib ki, məsələn, hipotireozu olan insanlarda (xalq arasında bəzən “tənbəl zob” adlandırılır) isti hava adətən xəstəliyin gedişinə ciddi təsir göstərmir. Əsas məsələ təyin olunan müalicəni davam etdirmək, dərmanları düzgün qəbul etmək və mütəmadi həkim nəzarətində olmaqdır:

“Hipertireoz və ya tireotoksikozu olan xəstələrdə (xalq arasında “zəhərli zob” kimi tanınır) isə isti hava bəzi əlamətləri daha qabarıq göstərə bilər. Tərləmə, ürəkdöyünmə, istiliyə dözümsüzlük, əsəbilik və halsızlıq arta bilər. Buna görə yay aylarında kifayət qədər maye qəbul etmək, uzun müddət birbaşa günəş altında qalmamaq və müalicəyə riayət etmək xüsusilə vacibdir.

Əgər söhbət düyünlü zobdan gedirsə və qalxanabənzər vəzin hormonal fəaliyyəti normaldırsa, isti hava və ya günəş şüaları düyünlərin böyüməsinə və ya bədxassəli dəyişməsinə səbəb olmur. Belə insanlar yay mövsümündə dənizdə istirahət edə və günəşdən faydalana bilərlər. Lakin hər kəs kimi onlara da günəşin ən aktiv olduğu saatlarda (11:00–16:00) uzun müddət günəş altında qalmamaq tövsiyə olunur. Bu məhdudiyyət qalxanabənzər vəzi üçün deyil, günəş şüalarının dəriyə və ümumi sağlamlığa mənfi təsirini azaltmaq məqsədi daşıyır.

Autoimmun tireoiditi olan insanlarda da yay mövsümü adətən xüsusi məhdudiyyət tələb etmir. Əsas məqsəd həkim tərəfindən təyin olunan müalicəni davam etdirmək və qalxanabənzər vəzin funksiyasını mütəmadi nəzarətdə saxlamaqdır.

Ümumiyyətlə, isti hava qalxanabənzər vəzi xəstəliklərinin səbəbi deyil və xəstəliyi birbaşa ağırlaşdırmır. Lakin bəzi xəstəliklərdə mövcud simptomlar yay aylarında daha nəzərəçarpan ola bilər. Buna görə də hər kəsə eyni tövsiyəni vermək düzgün deyil. İlk növbədə hansı qalxanabənzər vəzi xəstəliyindən söhbət getdiyi müəyyən edilməli, bundan sonra fərdi yanaşma seçilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə