Tiroid vəzi patologiyası üçün kimlər risk altındadır? - HƏKİM DANIŞDI

"Tiroid vəzi orqanizmin hormonal statusunu müəyyən edən vəzilərin ən vacibidir. Orqanizmin neyrohumorol vəziyyətini tənzimləyən ən vacib orqandır". Bu sözləri SİA-ya açıqlamasında Diaqnoz Tibb Mərkəzinin həkim-allerqoloqu Şahvələd Məmmədov deyib.

O bildirib ki, Azərbaycan şəraitində Şimal bölgəsi, Qax-Zaqatala, Balakən, Şəki bölgələrində yod çatışmamazlığı səbəbindən tiroid patologiyaları daha çox yayılıb: "Ümumilikdə götürdükdə son vaxtlar tiroid vəzinin müxtəlif patologiyaları aşkarlanır. O cümlədən tiroid vəzinin Autoimmun tiroidit deyilən Haşimoto zobu çox yayılmışdır. Nəzərə alsaq ki, qəbul etdiyimiz qidalarda yodun çatışmamazlığı daha çoxdur. O cümlədən qəbul etdiyimiz suda yod çatışmamazlığını nəzərə alsaq, tiroid vəzi patologiyaları daha çox artmışdır. Ona görə 12-14 yaş üstündə məsləhət görülür ki, insanlarda ildə heç olmasa, bir dəfə tiroid vəzi yoxlansın.

Bəzi hallarda irsi, genetik faktorların da rolu var. Valideynlərdən birində tiroid vəzi patologiyası olan insanlarda daha çox rast gəlinir. Zamanında tiroid vəzi patologiyası aşkarlanarsa, müalicə tətbiq olunarsa, gələcəkdə heç bir ciddi problemlə qarşılaşma gözlənilmir.

Tiroid vəzi patologiyalarının müalicəsi növündən asılıdır. Müalicə ancaq dərman müalicəsidir. Aydın məsələdir ki, ağır hallarında endemik zob, ciddi dəyişikliklər olarsa, əməliyyata girmək göstərişdir. Vaxtında müalicə almayanda o cür törəmələrin gələcəkdə bəd xəstəliklərin törətməsinə keçmək ehtimalı var".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə