"Xəstələrdə ürək getmənin bir neçə səbəbi ola bilər" - KARDİOLOQ DANIŞDI

"Xəstələrdə ürək getmənin bir neçə səbəbi ola bilər". Bu sözləri SİA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva deyib.

Həkim bildirib ki, nevroloji səbəblərdən, aritmiyalar, ürək qapaqlarının qüsurları zamanı, arterial təzyiqin qəfildən enməsi, yəni kollaps zamanı, miokard infarktı, beyin-qan dövranının kəskin pozulması zamanı ürəkgetmə baş verə bilər: "Qanda şəkərin kəskin enməsi, yəni hipoqlikemiya zamanı da ürəkgetmə baş verə bilər. Bayılma zamanı ilkin olaraq xəstəni arxası üstə uzatmalı, aşağı ətrafları nisbətən hündür qoymalı, kəmər varsa çıxarılmalı, boyun nahiyəsi açılmalıdır. Tənəffüs yolu yoxlanılmalıdır. Qusma varsa, baş yana çevrilməlidir, qıcolma varsa, dişlər açılmalı və dilin tənəffüs yolunu tutmasının qarşısı alınmalıdır. Zərərçəkənin üzünə su səpilərək varsa, naşatır spirti iylədərək ayıltmağa çalışmaq lazımdır. Əgər bu yardımlar nəticəsində qısa bir müddətdə insan ayılmırsa, onda təcili yardım çağırılmalıdır".

"Belə hallarda xəstəni tək qoymaq olmaz. Zərərçəkmiş insanın yanında kimsə varsa, ondan xəstə haqqında məlumat toplamaq lazımdır. Anamnesində şəkərli diabet varsa, təcili şəkər yoxlanmalı, aşağıdırsa, qənd və ya şirin çay verilməlidir. Ürək-damar sistemi ilə bağlı olan ürəkgetmələrə müxtəlif aritmiyaları , paroksizmləri nümunə göstərə bilərik. Əgər hər hansı bir insanda ürəkgetmə halları tez-tez baş verərsə, mütləq həkimə müraciət etmək, lazım olan laborator (qanda mikroelementləri, kalium, kalsium, maqnezium təyini, qalxanvari vəzin hormonlarının yoxlanması) və instrumental muayinələri (EKQ, Holter müayinəsi, Tredmil test) keçmək məsləhət olunur. Vaxtında aşkarlanmış xəstəliklərin ağırlaşmasının qarşısının alınması yüzlərlə insanın həyatını xilas edə bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə