Bayramda qida rasionumuza necə diqqət etməliyik? - DİETOLOQ AYDINLIQ GƏTİRDİ
“Yeni il bayramına az qaldı. Bayramların əsas atributlarından biri də gözəl süfrələrdir. Günümüzün reallığında süfrələrin gözəl olması ilə yanaşı, sağlamlığa zərər verməməsi də əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Dietoloq qeyd edib ki, Dünya Azərbaycanlılarının Yeni il bayramı ərəfəsində yeməkləri hazırlayarkən nələri nəzərdən qaçırmamağın faydalı olmasına gəlin aydınlıq gətirək: “Süfrənin bəzədilməsi işi marketlərdən başlayır. Adətən marketlərdə bazarlıq zamanı ilk növbədə məhsulların istehsal və son istifadə tarixlərinə baxmaq lazımdır. Çünki zəhərlənmə, mədə-bağırsaq pozulmaları baş verə bilər. Yeni ildən sonra ishal, müxtəlif problemlərlə qarşılaşmamaq üçün məhsulun təzəliyinə, keyfiyyətinə, yeməklərin və salatların hazırlanmasına diqqət etmək vacibdir. Biz azərbaycanlılar süfrədə iki-üç növ salat, balıq, toyuq, aş, kabab və s. olmasını xoşlayırıq. Süfrənin bol çeşiddə bəzədilməsinə mənfi baxmıram. Amma bu bolluq insan orqanizmi üçün zərərli deyil, faydalı olmalıdır.
Yağlı yeməklərdən kənar olmaq lazımdır. Salatların hazırlanması üçün mayonezdən istifadə şərt deyil. Biz mayonezli salatları xoşlayırıq. Daha çox da mayonez ağırlıqlı paytaxt, mimoza salatlarına üstünlük veririk. Amma hazırda insanların əsasən arıqlamaq istədiklərini nəzərə alsaq, mayonezsiz salatlara üstünlük verməliyik. Belə ki, çox gözəl tərəvəz salatlarımız var və onları mayonezsiz də hazırlamaq mümkündür. Məsələn, kahı, kök, kələm, içərisinə bir az ton balığı, pomidor, xiyar da əlavə etməklə çox gözəl salat hazırlamaq olar. Kələm salatı deyəndə insanlara sadə gəlir. Amma kələmin üzərinə qarğıdalı və ya göy noxud əlavə etməklə çox gözəl salat hazırlamaq olar. Ənginar, brokoli kimi məhsullardan dadlı salatlar hazırlana bilər. Ailədə qaraciyər xəstəliyindən əziyyət çəkən varsa, kələm və kərəvizdən də salat hazırlamaq mümkündür. Ümumiyyətlə, yağlı yeməklərdən kənar durmaq və sobada hazırlanan yeməklərə üstünlük vermək lazımdır. Qazlı içkilərin qəbulunu da məsləhət görməzdim. Daha çox təbii üsulla hazırlanmış kompotlara üstünlük verilməsi yaxşıdır. Əgər yeməkdən sonra çay içiləcəksə, mütləq 1 saat fasilə verib gözləyin. Yemək üzərinə maye içilməz! ( kompot, su,çay,qazlı ickilər, və s.)
Hər kəsə xoş və sağlam şəkildə bayram keçirməyi arzu edirəm. Qoy bu il 2023 hər kəsə düşərli olsun!”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB