Şou-biznes əhli Rəhim Rəhimli ilə belə vidalaşdı -SORĞU

Azərbaycan estradasının tanınmış siması, bəstəkar, ifaçı eyni zamanda da aparıcı Rəhim Rəhimli dünyasını dəyişib. Bu gün mərhumun vida mərasimi keçirilib və cənazəsi Bülbülə qəbirsanlığında dəfn edilib. Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı sənət dostlarıda iştirak ediblər. SİA mərhumun vida mərasiminə gələn sənət dostlarının fikirlərini öyrənmək üçün sorğu keçirib.

Reper Qurd (Fərid Eminov): Allah Rəhimə rəhmət eləsin, məkanı cənnət olsun. AZƏrbaycan şou-biznesi bu gün çox böyük itki verdi. Rəhim Rəhimli Azərbaycan estradasının əfsanəvi şəxslərindən biri idi. Bizim Rəhimlə böyük proyektlərimiz olub, dəfələrlə eyni səhnəni bölüşmüşük. Mən onu 2 ay öncə görmüşdüm. Onu son dəfə görəndə əvvəl ki, kimi yaxşı görünmürdü. Mən xəstə olduğunu bilmirdim. Bu gün öyrəndim ki, müəyyən xəstəlikdən əziyyət çəkirmiş”.

İfaçı Əhməd Mustafayev: “Rəhim Rəhimli çox istedadlı bir insan idi. Mən sənətə gəldiyim ilk günlərdən onu tanımışam. Çox səmimi və mehriban, pozitiv insan idi. Mən düşünürəm ki, o bizim aramızdan çox tez ayrıldı. Mən müsahibələrimin birində giley etmişdim ki, nəyə görə sənətə qayıtmırsan, yenidən mahnı yazıb səhnələrə çıxmırsan. Sən demə o hər şeyi içində çəkirmiş. Gecdə olsa səndən üzr istəyirəm Rəhim. Biz onunla tez-tez görüşməsək də, nə zaman məni görsə dayanma, çalış deyirdi. Elə bir insanın bizim aramızdan getməyi çox böyük bir itkidir. Rəhim Rəhimli hər zaman mənə mənəvi cəhətdən çox böyük dəstək olurdu. Şou-biznesdə yeganə tanıdığım insan idi ki, onda paxıllıq deyən bir şey yox idi. Rəhim sən dünyadan tez ayrıldın amma mən əminəm ki, sənin yaratdığın əsərlər hər zaman yaşayacaq. Mən şəxsən öz adımdan deyirəm ki, onun bəstələrini və musiqilərini yaşadacam. Allah ona rəhmət eləsin. Ailəsinə də, səbr versin”.

İfaçı Ramil Nabran: “Rəhim böyük bir məktəb qoyub getdi. Onun yaradıcılığı bütün hamıya tanış idi. Bu gün onun bu dünyadan gedişi hamımızı çox təsirləndirib. Səhər eşidəndə ki, Rəhim vəfat edib inanmağım gəlmədi. Biz onunla sonuncu dəfə yayda danışmışdıq. Onunla danışan zamanda mənə məsləhətlər verdi, söhbət etdik. Allah məkanını cənnət etsin”.

Xalq artisti Ədalət Şükürov: “Mən Azərbaycan 20 il bundan öncə gəldiyim zaman sənət camiyasında ilk dəfə Rəhim Rəhimli ilə tanış olmuşam. Bizim onunla çox gözəl münasibətimiz var idi. Rəhim çox istedadlı bəstəkar-müğənni olmaqla yanaşı həm də çox gözəl insan idi. Təəssüflər olsun ki, mən bu gün onun ölüm xəbərini eşitdim. Bir çox müğənnilərimiz onun bəstələrini ifa ediblər. Biz onunla sonuncu dəfə bir ay bundan qabaq tədbir zamanı görüşmüşdük. Həmin zamanda Rəhim çox yaxşı görünürdü. O heç vaxt bizə xəstə olduğunu bildirməyib”.

İfaçı Niyam Salami: “Bu gün mənim üçün Rəhim haqqında danışmaq çox çətindir. O ailəsinə, dostlarına, yaxınlarına qarşı öz adı kimi rəhimli olub. Onun kimi insan bir daha bu dünyaya gəlməyəcək. Mənim üçün onun itkisi çox ağırdır. Hələ də buna inan bilmirəm. Başqa heçnə deyə bilmərəm”.

Tele-aparıcı Zaur Naiboğlu: “Bayaq özünüzdə gördüyünüz kimi hər kəs Rəhim Rəhimlini son vida mərasimində alqışladılar. Rəhim Rəhimli sözün əsl mənasında Azərbaycan şou-biznesini yaradan kişi müğənnisi idi. O, bildiyiniz ulduz idi. Rəhim heç vaxt əlinə mikrafon alıb efirlərə çıxmayıb. O hər zaman rəqs qrupları ilə xüsusi şoular ilə tamaşaçıların qarşısına çıxıb. Rəhimin itkisi çox ağırdır. Allah ona rəhmət eləsin. Çox heyif ki, belə bir insan artıq bizim aramızda olmayacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə