"Moda daim yenilənsə də, əsl üslub zamansız seçimlər üzərində qurulur. Düşünürəm ki, hər kəsin qarderobunda həm funksional, həm də uzunömürlü olan baza geyimlər mütləq yer almalıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova bildirib.
Onun sözlərinə görə, bunlara ilk növbədə keyfiyyətli ağ köynək, klassik kəsimli pencək, yaxşı tikilmiş cins şalvar, qara və ya neytral rəngli şalvar, sadə bir qara don (və ya qadın və kişi fərqindən asılı olmayaraq xüsusi günlər üçün klassik geyim), kaşmir və ya yun trikotaj, klassik palto, rahat dəri ayaqqabı və keyfiyyətli çanta, baza aksesuarlar daxildir:
"Bu geyimlər illər boyu aktuallığını qoruyur, çünki onlar dəbdən daha çox funksionallığa və estetik balansına əsaslanır. Sadə formalar və neytral rənglər müxtəlif üslublarla asan uyğunlaşır, mövsümdən və trenddən asılı olmayaraq yeni kombinlər yaratmağa imkan verir.
Mən hesab edirəm ki, müasir qarderobun əsas prinsipi çox geyimə sahib olmaq deyil, keyfiyyətli və düşünülmüş seçimlər etməkdir.
Davamlı moda (slow fashion) yanaşması da məhz bunu təşviq edir: az, lakin uzunömürlü, yüksək keyfiyyətli və müxtəlif situasiyalarda istifadə oluna bilən geyimlər seçmək. Əsl zövq isə trendləri kor-koranə izləməkdə deyil, insanın şəxsiyyətini ifadə edən, illər keçsə də dəyərini itirməyən geyimləri doğru şəkildə bir araya gətirməkdədir".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB