"Mənə görə zövqlü görünmək hər zaman trenddə olmaq demək deyil. Moda daim dəyişsə də, əsl üslub zamansız seçimlər üzərində qurulur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer dizayner Gülnarə Xəlilova deyib.

Onun sözlərinə görə, hər kəsin qarderobunda həm funksional, həm də uzunömürlü baza geyimlər mütləq yer almalıdır:
"Bu geyimlərə ilk növbədə keyfiyyətli ağ köynək, klassik kəsimli pencək, yaxşı tikilmiş cins şalvar, qara və ya neytral rəngli klassik şalvar, sadə qara don (kişilər üçün isə xüsusi günlərə uyğun klassik kostyum), kaşmir və ya yun trikotaj, klassik palto, rahat dəri ayaqqabı, keyfiyyətli çanta və minimal baza aksesuarları daxildir.
Bu parçalar illər boyu aktuallığını qoruyur. Çünki onlar dəbdən daha çox funksionallığa, keyfiyyətə və estetik tarazlığa əsaslanır. Sadə kəsimlər və neytral rənglər müxtəlif üslublarla asan uyğunlaşır, mövsümdən və trendlərdən asılı olmayaraq fərqli kombinlər yaratmağa imkan verir.
Mən hesab edirəm ki, müasir qarderobun əsas prinsipi çox geyimə sahib olmaq deyil, düşünülmüş və keyfiyyətli seçimlər etməkdir. Davamlı moda (slow fashion) yanaşması da məhz bunu təşviq edir. Az sayda, lakin uzunömürlü, yüksək keyfiyyətli və müxtəlif situasiyalarda istifadə oluna bilən geyimlərə üstünlük vermək.
Əsl zövq isə trendləri kor-koranə izləməkdə deyil, insanın şəxsiyyətini əks etdirən, illər keçsə belə dəyərini və aktuallığını itirməyən geyimləri düzgün şəkildə bir araya gətirməkdədir".
Lətifə Musayeva