"Moda estetikadan daha artığını daşıyır" - AYDINLIQ GƏTİRİLDİ

"Moda bu gün sadəcə geyim yaratmaq anlayışından çoxdan çıxıb. O, cəmiyyətin düşüncə tərzini, dövrün estetik zövqünü və insanın özünü ifadə etmə formasını əks etdirən güclü bir dildir". Bunu SİA-ya açıqlamasında rəssam modelyer Səkinə Əliyeva deyib.

Onun sözlərinə görə, bu baxımdan moda ilk növbədə sənətdir: "Hər bir dizayn ideyadan doğur, hissdən formalaşır və yaradıcı baxışın nəticəsi kimi ortaya çıxır. Parça, rəng, siluet və detal dizayner üçün sadəcə texniki vasitə deyil, fikrin daşıyıcısıdır.

Moda sənət kimi insanı düşündürür, təsirləndirir və bəzən cəmiyyətə mesaj verir. Tarixin müxtəlif dövrlərində moda sosial dəyişikliklərin, azadlıq axtarışlarının və mədəni transformasiyaların güzgüsü olub. Bir geyim təkcə bədəni örtmür, o, mövqeni, kimliyi və baxışı da ifadə edir.

Lakin müasir dünyada moda yalnız estetik dəyər üzərində mövcud ola bilməz. Burada biznes amili qaçılmazdır. Dizaynın istehsala keçməsi, kolleksiyanın bazara çıxması, brendin tanınması və davamlılığın qorunması üçün maliyyə, strategiya və planlama lazımdır. Moda sənayesi artıq fərdi yaradıcılıq sahəsi olmaqdan çıxaraq böyük iqtisadi sistemə çevrilib. Bu nöqtədə əsas məsələ sənət və biznesin bir-birini sıxışdırması deyil, tamamlamasıdır. Biznes modaya struktur və davamlılıq verir, sənət isə ona dəyər və fərqlilik qazandırır. Yalnız kommersiya yönümlü moda tez istehlak olunan, ruhsuz məhsula çevrilir. Yalnız sənət yönümlü moda isə geniş kütləyə çatmadan məhdud çərçivədə qalır.

Moda nə təkcə sənətdir, nə də yalnız biznes. O, yaradıcılıqla real dünyanın kəsişdiyi nöqtədir. Müasir modanın gücü məhz bu tarazlıqda gizlidir: ideyanın azadlığı ilə bazarın reallığını eyni dərəcədə hiss edib idarə edə bilməkdə".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə