Astarada oğru iş başında tutuldu

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Astara sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək Bakı şəhərində olduğu zaman Astara rayonunun Maşxan kəndində yerləşən evindən 1 ədəd notbuk, 3 ədəd müxtəlif markalı telefonların oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayonunun Viyən kənd sakini, əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuş Ramid Əzizov olduğu müəyyən edilib. Oğurladığı əşyalar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə