“Həzrət Sabir” də "ilişdi"

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqla məşğul olan şəxsi yaxalayıblar
“Həzrət Sabir” də "ilişdi"

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqla məşğul olan şəxsi yaxalayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bakıda yaşayan, Binəqədi rayonunda fəaliyyət göstərən "Cənnət Parapsixologiya Mərkəzi" MMC-nin direktoru, özünü "Həzrət Sabir" kimi təqdim edən 48 yaşlı Sabir Abbasov qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. Guya mistik qüvvələrin köməyi ilə insanları şər qüvvələrdən təmizləməklə bəxtlərini açacağını, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb. Belə hüquqazidd əməllərinin müqabilində Sabir Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tadbiri nəticəsində o, cinayət başında tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə