Quldurlar evə basqın edib

Şirvan sakininin evinə quldur şəxslər basqın edib. SİA-nın Aran bürosuna Şirvan şəhər polis şöbəsinin əməliyyat işləri üzrə müavini Kamran Zeynalovun verdiyi məlumata görə, 11 iyul 2014-cü il tarixində, gecə saat 00:30 radələrində Şirvan şəhəri, Xəqani küçəsi 4 ünvanında yerləşən Əliyev Vahid Abdulla oğluna məxsus evin naməlum şəxslər tərəfindən qarət olunması barədə məlumat daxil olub. Evə basqın edən 2 nəfər quldur, evdə yaşayan ailə üzvlərinə zor tətbiq etməklə 6 min manat nağd pulu, 5 min manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları, eyni zamanda mobil telefon, notebook və qol saatı götürərək aradan çıxıblar. Aparılan əməliyyat axtarış tədbirləri zamanı müəyyən edilib ki, evə basqın edən şəxslər Şirvan sakinləri 1989-cu il təvəllüdlü Əmənov Əlizamin İlham oğlu və onun tanışı 1988-ci il təvəllüdlü Həsənov Etibar Təbriz oğludur. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Şirvan Polis Şöbəsinin və Binəqədi Polis Şöbəsinin 4-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri zamanı həmin şəxslər yaxalanaraq istintaqa təhvil veriliblər.
Qeyd edək ki, faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə