AQTA əhaliyə müraciət etdi

AQTA əhaliyə müraciət etdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalini qida təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yay mövsümündə havaların isti keçməsi qida məhsullarında bakteriya və digər mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Bu cür şəraitdə isə qidalar daha tez xarab olur və zəhərlənmə riskinin artmasına səbəb olur. Xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, mayonezli salatlar və kremli şirniyyatlar isti hava şəraitində daha tez xarab olan məhsullar sırasındadır. Bu səbəbdən həmin məhsulların saxlanma temperaturuna və yararlılıq müddətinə xüsusi diqqət yetirmək lazımdır.

Vətəndaşlara qida məhsullarının qablaşdırılmasına, istehsal və son istifadə tarixlərinə baxmaq tövsiyə olunur. Eyni zamanda, hazır və çiy məhsulların xüsusi ayrı qabda saxlanılması, qidaların uyğun temperatur rejimində qorunması və şəxsi gigiyena qaydalarına riayət edilməsi qida mənşəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Xüsusilə açıq havada keçirilən tədbirlər, pikniklər və uzunmüddətli səfərlər zamanı tez xarab olan qidaların soyuq şəraitdə saxlanılması, günəş altında uzun müddət qalmasının qarşısının alınması xüsusilə vacibdir.

Qida zəhərlənməsinin qarşısının alınması hər bir vətəndaşın diqqət və məsuliyyətindən asılıdır. Unutmayaq ki, təhlükəsiz qida sağlamlığın əsas şərtlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə