Qubada 190 kq süd məhsulunda nöqsan aşkarlanıb - FOTO

Qubada fəaliyyət göstərən müəssisədə 190 kq süd məhsulunda nöqsan aşkarlanıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, müəssisədə istehsal olunan kəsmə pendir və qaymaq məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq müəyyən edilib.

Həmçinin anbar sahəsində satışa hazırlanan “Quba Süd” əmtəə nişanlı 80 kq kəsmə pendir, 47 kq şor, 25 kq kərə yağı və 38 kq qaymaq məhsulunun üzərində etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi aşkarlanıb.

Bundan başqa, müəssisədə südün ilkin qəbulu və pendir məhsullarının emalı prosesi zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qablaşdırma vasitələrinin müşayiətedici sənədlərinin olmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi, eləcə də digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə