Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının mülki müdafiə sahəsində məsul vəzifəli şəxsləri, rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyalarının sədrləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolundan və bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarında Nazirliyin fəaliyyətindən danışıb.
Baş idarə rəisi vurğulayıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir.
Çıxışında Baş idarə rəisi ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində aidiyyəti qurumların vəzifələri, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və görülən işlər haqqında geniş məlumat verib, mülki müdafiə sahəsinin inkişafının əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə