MSK daha iki məntəqənin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb. SİA-nın məlumatına görə, həmin dairədən deputatlığa namizəd Başxanım Abbasovanın MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Validə Kazımova bildirib ki, müraciət komissiya tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. V.Kazmova həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.

MSK 29 saylı Səbail seçki dairəsindən namizəd Elçin Rəhimov və digərlərinin müraciətinə baxıb. Məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib və namizədlərin müraciətində səsvermə günü bütün seçki məntəqlərində qanun pozuntularının olduğunu iddia edib: "Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib".

İclasda daha sonra həmin dairənin 1 seçki ( 23 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə