Məktəbəqədər hazırlığa qeydiyyatdan keçməyənlərin aqibəti necə olacaq? - SORĞU
Məktəb müasir cəmiyyətdə uşaqların təhsil almaq hüquqlarını təmin etməkdə əsas rol oynayır. Bəs, məktəbəqədər hazırlıq qruplarına qeydiyyat vacibdirmi? Bunun üçün nə etmək lazımdır? Qeydiyyatdan keçməyənlərin aqibəti necə olacaq? SİA mövzu ilə bağlı təhsil üzrə mütəxəssis və eskpertlərin fikirlərini öyrənib.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi: "Məktəbəhazırlıq 5 yaşlı şagirdlərin məktəbəhazırlıq qruplarına qoşulmasıdır. Bunun da dövlət, yaxud özəl bağça olması fərq etməz. Əgər dövlət bağçalarında oxumaq istəyən şagirdlər varsa, onlar müvafiq olaraq dövlətin müəyyən etdiyi elektron formada qeydiyyatdan keçirlər və özlərinə yaxın ərazi, yaxud da təhsil almaq istədikləri ərazi üzrə sorğu göndərirlər. Qeydiyyatdan keçdikdən sonra isə müvafiq tələb olunan sənədləri həmin təhsil müəssisəsinə təqdim edib dərslərə başlayırlar.
Bu illəri oktyabr ayının 3-dən etibarən məktəbəhazırlıq qrupları üzrə təxminən 90 min nəfərə yaxın şagird dərslərə başladı. Bu il həmin o dərsə başlayan şagirdlər 2023-cü ildə məktəbə qədəm qoyacaqlar. Əgər kimsə məktəbəqədər hazırlıq qrupunda qeydiyyatdan keçməyibsə, bu o demək deyil ki, o növbəti il 1-ci sinifə yaşı tamam olduğu halda qəbul olmayacaq. Xeyr, belə deyil. Bu şəxsin özündən asılıdır. Yəni, könüllülük prinsipi əsasındadır. Kim istəsə məktəbəhazırlıq qrupuna qoşula, yaxud qoşulmaya bilər.
Əgər hər hansı bir şəxs məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçməyibsə və indi məktəbəhazırlıq qrupuna yazılmaq istəyirsə, təbii ki, bununla bağlı məktəb rəhbərliyinə, eyni zamanda hansı ərazidə yaşayırsa, oranın Regional təhsil idarəsinə müraciət etməlidir. Məktəbdə vakant yer sayı varsa, o zaman qəbul edilə bilər. Əks halda qəbul olunmayacaq. Çünki elektron qaydada proses artıq yekunlaşıb.
Məktəbəqədər hazırlıq qruplarına, yəni bağçalara gəldikdə isə bura yenə də müraciət edə bilərlər. Orada elektron qaydada hələ də qeydiyyat aparılır və müvafiq ərazilər üzrə boş yerlər var. Yəni sorğu göndərə bilərlər".
Təhsil eksperti Kamran Əsədov: "İlk növbədə qeyd edim ki, artıq bir neçə ildir orta ümumtəhsil məktəblərinin nəzdində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Bu uşaq bağçalarından fərqli bir sistemi özündə əks etdirir. Belə ki, məktəbəqədər hazırlıq və uşaq bağçalarındakı məktəbəqədər qruplar tamamilə fərqlidir.
Qeyd edim ki, Bakı şəhərində 290, eyni zamanda ölkə üzrə 2500-dən çox məktəbdə məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərir. Bunun əsas məqsədi uşaqlarda məktəbə fiziki və psixoloji hazırlığı təmin etmək, onlarda ilkin bilik və bacarıqları formalaşdırmaqdır. Bu prosesə qoşulmaq üçün valideynlər mütləq şəkildə "məktəbəqəbul.edu.az" portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Amma bu o demək deyil ki, məktəbəqədər hazırlığa qeydiyyatdan keçməmək hər hansı bir üstünlük yaratmır. Bəzən valideynlər övladlarını həmin məktəbdə avtomatik olaraq 1-ci sinifə daha tez keçməsi üçün özəl hazırlıq kursları və repetitorların məktəbəqədər hazırlığına qeydiyyatdan keçirib orada ödənişli olaraq xidmət verirlər.
Qeyd edim ki, məktəbəqədər hazırlıq pulsuzdur və dövlət məktəblərində dövlət büdcəsinin vəsaiti hesabına təşkil edilir. Bunun üçün qeydiyyatdan keçib keçməmək 1-ci sinifdə təhsil almaq üçün heç bir problem yaratmır. Yəni, heç kim düşünməsin ki, "Mənim övladım məktəbəqədər hazırlığa qeydiyyatdan keçməyibsə, o 1-ci sinifə gedə bilməz". Belə bir tələb yoxdur. Yaşı həmin ildə 5 olan bütün uşaqlar rahatlıqla elektron qaydada qeydiyyatdan keçib məktəb seçə bilərlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə