Aİİ şəhid övladlarına hansı güzəştlər edib? - QURUMDAN AÇIQLAMA

Şəhidlər və onların əmanəti hər bir Azərbaycan vətəndaşı üçün önəmlidir. Biz onlara hər zaman borcluyuq və bu borcu əsla ödəyə bilmərik. Bəs bu gün universitetlər onların əmanətləri ilə bağlı hansı işlər görür? Şəhid övladlarına universitetlərdə hansı güzəştlər olunur? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Azərbaycan İlahiyyat İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tamamilə ödənişsiz olduğu üçün hər hansı güzəştlər tətbiq etməyə ehtiyac qalmır. Yəni, tələbənin hər hansı krediti ödəməsi üçün ondan vəsait alınmır, dərsliklər pulsuz paylanır, hər tələbəyə təqaüddən əlavə yemək pulu da ayrılıb.

Müəyyən qrup imtiyazlı tələbələrə, o cümlədən şəhid ailələrindən olanlara müraciətləri əsasında yataqxana xərclərində köməklik edilir.

Həmçinin, ali təhsil müəssisəsi istər 44 günlük Vətən müharibəsi, istərsə də 12-13 sentyabr ermənilərin genişmiqyaslı təxribatının qarşısı alınarkən yaralanan və ya şəhid olanları daim nəzarətdə saxlayır, onlara maddi və mənəvi dəstək olur.

Məlumat üçün bildirək ki, ölkəmizdə qeyd edilən müqəddəs bayramlarda şəhid ailələri və ehtiyacı olanlara yardım verilir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə