Salam doğma məktəb, ey ana məktəb… - REPORTAJ + FOTOLAR

Bu gün Azərbaycanda 2021-22-ci tədris ilinin açılışı oldu. Məktəblərin qarşısı şagirdlər və valideynlərlə doldu. Son 2 ildə pandemiya səbəbindən fəaliyyəti dayandırılmış məktəblər şagirdlər üçün, onlayn dərslərdən sıxılmış şagirdlər isə öz məktəbləri, öz müəllimləri, sinif yoldaşları üçün darıxmışdılar. Bu gün doğma məktəbləri onları yenidən öz qoynuna aldı və dərs ilinə start verildi.

Ən çox sevinənlər isə 1-ci sinifə gedənlər idi. Gözəl məktəb çantaları, məktəbli geyimləri, gül-çiçəklə və şarlarla “silahlanmış” 1-cilərin üzlərindən sevinc tökülürdü. Həyatlarında ilk dəfə fərqli və maraqlı dünyaya qədəm basan bu balacaları müəllimlər qarşıladı və valideynlərdən təhvil aldı. Onlar 11 il burada 2-ci evləri kimi yaşayacaqlar, təlim-tərbiyə alacaqlar və vətənimizə layiqli övladlar kimi yetişəcəklər.

162 nömrəli məktəbin qarşısı şagirdlər və valideynlərlə dolub daşırdı. Bizim də qızımız Elana onların arasında idi. Bu gün onu ilk dərsinə apardıq. İlk övladımız Altay 8 ildir bu məktəbdə təhsil-tərbiyə aldığından bu təhsil müəssisəsindəki vəziyyəti bilirik, bu səbəbdən digər uşağı da oraya qoymaq qərarına gəldik. Bu gün onun həyatında ən sevincli günü idi...

1-cilər üçün məktəbin həyətində gözəl qarşılanma mərasimi təşkil edilmişdi. Məktəb mövzusunda şən uşaq mahnıları, şeirlər səsləndirildi. Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır” şüarı ilə dövlət himnimizin səsləndirilməsini balacalar alqışlarla qarşıladılar.

İlk dəfə məktəbə gələn uşaqlar ətrafa heyrətlə baxır, hər şey onlara qəribə görünürdü. Onların birindən soruşanda ki, məktəbə nə üçün gəlir, cavab verdi ki, burada oxuyub gələcəkdə həkim olacaq, xəstələri sağaldacaq. Çantasını qucaqlayıb səbirsizliklə içəri buraxılmasını gözləyirdi. Digər 1-cilər də eyni həvəslə məktəb binasına daxil olmağı gözləyirdilər.

Nəhayət, 1-ci sinif şagirdləri cərgələrə düzüldü, qruplara bölündü, müəllimələri ilə tanış edildi və öz siniflərinə yola salındı. Söhbətləşdiyimiz müəllimlər məktəblərin açılmasını böyük sevinclə qarşıladıqlarını bildirdilər.

Məktəbin ibtidai sinif müəlliməsi Esmira Yevgeyevna pandemiya səbəbindən məktəblərin bağlı qalmasının və dərslərin onlayn qaydada keçirilməsinin şagirdlər və müəlimlər üçün çətinliklər yaratdığını dedi və əlavə etdi ki, müəllimlər şagirdlərin geri qalmaması üçün onlayn dərslər vasitəsləi əllərindən gələni ediblər. İndi isə ənənəvi dərslərlə çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarını deyən müəllimə əlavə etdi ki, xüsusilə 1-ci siniflər üçün dərslər daha maraqlı keçiriləcək.

Məktəbin rus dili müəlliməsi Təzəgül Əliyeva isə deyir ki, məktəbsiz keçən müddətdə onlayn dərslərlə şagirdlərə tədris proqramını mənimsətmək üçün əllərindən gələni ediblər. İndi həmin dövrdə yaranmış hansısa çatışmazlıqları qısa müddətdə kompensasiya edəcəklər. Müəllimənin sözlərinə görə, məktəbsiz qalan dövrdən sonra şagirdlərin məktəb üçün darıxdığı üzlərindən hiss olunur və onlar bundan sonra daha həvəslə oxuyacaqlar.

Qeyd edək ki, 162 nömrəli orta məktəb Bakının ən qədim və ən yaxşı məktəblərindən biridir. 104 il qabaq açılmış məktəbdə hazırda təxminən 1700 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Pedaqoji heyəti 100 nəfərdən ibarət olan məktəb 5 günlük və 2 növbəli iş rejimində işləyir.

Bu məktəbin məzunları ali məktəblərə imtahanlarda hər il böyük nailiyyətlər əldə edirlər. Məktəbin şagirdləri isə mütamadi olaraq beynəlxalq olimpiadalarda, müxtəlif bilik və idman yarışlarında qalib olub medallar qazanırlar. 1-ci Qarabağ müharibəsi qəhrəmanı, şəhid Etibar Allahverdi oğlu Əliyevin adını daşıyan bu təhsil ocağı Bakıda məzunları Vətən Müharibəsində ən çox şəhid vermiş məktəbdir. Məktəbin həyətində onlara xüsusi güşə düzəldilib və iri fotoları vurulub, haqqında məlumatlar qeyd olunub.

Təxminən 2 il əvvəl məktəbə yeni direktor Arzu Nəzərova təyin olunub. Onun fəaliyyəti nəticəsində məktəbdə nizam-intizam xeyli yaxşılaşıb, dərslərin keyfiyyəti artıb, rüşvət halları aradan qaldırılıb. Bu da öz nəticəsini göstərir. Təsadüfi deyil ki, məktəbdən nisbətən uzaq ərazilərdə yaşayanlar arasında özvladlarını bu məktəbə qoymağa çalışanların sayı artır.

Söhbətləşdiyimiz valideyn Mehman Qarayev də onlardandır. Dediyinə görə, buradan uzaqda yaşasa da, məktəbin yaxınlığında yaşayan bacısının məsləhəti ilə ilk övladını buraya qoyub, keçən 3 ildə məktəbdən çox razı qaldığından 2-ci övladını da buraya gətirib. Məktəb rəhbərliyinə və müəllimlərə yaradılan şəraitə və fədakarlığa görə təşəkkürünü bildirən valideyn uşağının təhsilindən və tərbiyəsindən tam razı qaldığını deyir.

Burada olarkən diqqətimizi bir məqam cəlb etdi. Məktəbin həyəti çox kiçik olduğundan valideynlər və digər şagirdlər həyətə buraxılmadı, yalnız 1-ci sinifə gedənlər içəri buraxıldı. Həyətin kiçik olmasının əsas səbəbi qonşuluqdakı bitişik evlərin həyətin yarısını tutmasıdır. Ya bu məktəb tikiləndə az yer olub, ya da sonradan qaçqın və ya köçkünlər orada ev tikiblər. Bu səbəbdən məktəbin həyəti çox kiçikdir və orada açıq havada kütləvi tədbirlərin keçirilməsi mümkün olmur. Eyni vəziyyət 162-nin yanında yerləşən digər məktəbdə- 51-də də eynidir. Məktəblərin stadionu, açıq hava meydançaları yoxdur, həyət isə çok kiçikdir.

Təhsil Nazirliyi fotoda gördüyünüz evi sahibindən kompensasiya ödəyib almaqla məktəbin həyətinin genişlənməsinə nail ola bilər. Əlavə olaraq, bu üsulla ərazi genişləşdirilə, stadion və kiçik idman meydançaları da yaradıla bilər. Çünki məktəb təkcə nəzəri təhsil üçün deyil, həm də şagirdlərin praktik təcrübəsini və sağlamlıq imkanlarını möhkəmləndirmək üçündür.

Ümumiyyətlə, Bayıl zonasının 20-ci sahəsində olan 2 orta məktəbin şagird tutumu artıq tələbatı ödəyə bilmir. Burada yeni məktəbin inşasına və ya mövcud məktəblərin əlavə korpusların tikilməsinə ehtiyac var.

Ümidvarıq ki, yeni tədris ilində pandemiya dövründə şagirdlərin obyektiv səbəbdən bir qədər zəifləmiş tədris proqramı fədakar müəllimlər tərəfindən kompensasiya ediləcək. Məktəblərdə bunun üçün hər cür şərait var. Doğma məktəblərin bir daha heç vaxt bağlanmaması arzusu ilə.

Lalə Mehralı

Fotolar müəllifindir

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə