Distant təhsili bərpa etmək vəziyyətdən çıxış yolu deyil - FİKİR - SORĞU
“Brifinqdəki çıxışları, sual-cavabları diqqətlə izlədim. Təhsil naziri Emin Əmrullayev pandemiya şəraitində təhsilin təşkili ilə bağlı kifayət qədər əsaslandırılmış izahatlar verdi, məktəblərin, yeni tədris ilinin başlanması tarixlərini də elan etdi. Reallıq budur: bizim məktəbli şagirdlərimiz keçən ilin martından canlı, üzbəüz dərslər üçün çox darıxıblar və böyük həsrətlə yeni tədris ilini gözləyirlər”. Bu sözləri SİA-ya açıqlamasında Respublikanın əməkdar müəllimi Asif Cahangirov deyib.
Ekspertin dediyinə görə, bir çox insanlar onlayn təhsili böyük bir fəlakət kimi qəbul edir. Halbuki, futuroloqların proqnozlarına, araşdırmalara görə 10 ilə yaxın bir müddət ərzində gələcəyin məktəbi onlayn və offlayn təhsilin inteqrasiyası formasında təşkil olunacaqdır”.
Asif müəllim sözlərinə belə davam edib: “Bizim təhsil sistemində informasiya texnologiyalarının tətbiqi çox ləng gedirdi. Böyük sayda komputerlər alınmış olsa da, onlardan səmərəli və məqsədli istifadə sahəsində xeyli geriləməmiz var idi. Pandemiya dövründə isə qısa bir zamanda ümumi təhsilin onlayn formatda qurulmasında əhəmiyyətli irəliləyiş əldə olundu.
Onlayn təhsillə bağlı dəfələrlə demişəm ki, o, yalnız müəllim və şagirdlərin komputer qarşısında əyləşib dərs keçməsi kimi başa düşülməməlidir. Şagirdlərin saatlarla komputer qarşısında əyləşməsi onların sağlamlığına böyük ziyan vurur. Ona görə də dərslərdə müəyyən işgüzar fasilələr verilməli idi. Şagirdlərin komputerdən aralanıb müxtəlif fərdi və qrup tapşırıqlarının icrasına, dəqiq vəzifə bölgüsü aparılmaqla komanda fəaliyyətinin təşkilinə, layihələr üzərində işlərə, sms yazışmaları vasitəsilə müxtəlif müzakirələrin, diskussiyaların aparılmasına böyük diqqət yetirilməli idi. Onlayn təhsil interaktiv mühitdə qurulmalı idi.
Pandemiya şəraitində ən böyük zərbə məktəbəqədər yaşlı uşaqlara və birinci sinif şagirdlərinə vurulmuşdur. Çünki ev şəraitində keçirilən dərslərdə, məşğələlərdə onların sosiallaşması üçün imkanlar xeyli məhdudlaşmışdı. Erkən yaşlı uşaqlar canlı ünsiyyətdən, həmyaşıdları ilə birgə fəaliyyətlərdən, sosial bacarıq və səriştələri sistemli şəkildə mənimsəməkdən tamamilə təcrid olunmuşdular. Çox şadam ki, bizim məktəbəqədər yaşlı uşaqlarımız və birinci sinif şagirdləri nəhayət ki, qrup və sinif otaqlarına toplaşacaq, müəllim və həmyaşıdları ilə canlı ünsiyyət qurulacaq, birgə təhsil almaq imkanları bərpa olunacaqdır”.
Asif müəllim sonda offlayn təhsil mühitində koronavirus pandemiyası ilə bağlı qaydaların ciddi gözlənilməsinin vacibliyini xüsusi vurğuladı. “Bəzi mənbələrə görə pandemiya 2024-cü ilədək davam edə bilər, başqa mənbələr isə hətta 2028-ci ilə işarə edir. Bu məsələlərə hamımız çox böyük həssaslıqla yanaşmalıyıq. Müəllimlər də, valideynlər də unutmamalıdır ki, şagirdlərdə koronavirus əksər hallarda simptomsuz keçir. Hamımız çox diqqətli olmalı, sinifdaxili təhsil prosesində, tənəffüslər zamanı şagird və müəllimlər, bütün məktəb heyəti mövcud tələblərə tam riayət etməlidir. Brifinqdə səsləndirildi ki, şagirdlərin maska taxıb-taxmamasına dair qərarı valideyn özü verməlidir. Məncə, burada müəyyən tələsikliyə yol verilmişdir. Dünya miqyasında aparılmış xeyli sayda tədqiqatlar göstərir ki, maskada olan insanın koronavirusa yoluxma ehtimalı çox azdır. Qəti əminəm ki, məktəblərdə, sinif daxilində, qrup şəklində istənilən fəaliyyətlər zamanı şagird və müəllimlər mütləq qaydada maskadan istifadə etməlidirlər”.
Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi də münasibət bildirib: “Dünənki brifinqdəki qərarlar düşünürəm ki, təhsil üçün uğurlu olacaq. O baxımdan ki, dərslərin ənənəvi qaydada bərpa olunması, onun təmin olunmasına imkan yaradır. Biz distant formada təhsili təmin edə bilmirdik. İndi isə qismən bu təmin olundu. Amma ənənəvi qaydada dərslər şagirdlər tərəfindən daha yaxşı mənimsənilir”.
“Eyni zamanda, burada həm təhsil verənlər, həm təhsil alanlar canlı ünsiyyətdə olduğu üçün dərslərin ümumi tədris planında nəzərdə tutulan mövzuların keçirilməsi daha əlverişli imkan yaradır. Hazırda verilmiş qərarlara baxsaq düşünürəm ki, biz gələcəkdə yoluxma hallarında daha çox artım olarsa, o zaman yenidən distant formada təhsilə keçid ola bilər. Çünki Təhsil Nazirliyi tərəfindən belə bir fikir də vurğulandı. Amma hal-hazırki nəticə etibarilə distant təhsili bərpa etmək vəziyyətdən çıxış yolu deyil. Bizim təklifimiz ondan ibarətdir ki, hər hansı bir məktəbdə müəllim və yaxud da şagird yoluxubsa yalnız onlar karantinə alınmalıdır və onlara görə bütün tədris prosesi distant formaya keçirilməli deyil. Yəni dərslər ənənəvi qaydada davamlı olmalıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB