"Əmək bazarında trendlər o qədər sürətli gedir ki,..." - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Ölkəmizdə təhsil sisteminin əmək bazarı və ümumiyyətlə, işçi qüvvəsinə tələblə birbaşa əlaqə yoxdur. Və bu, əmək bazarı ilə bağlı ən böyük çatışmayan cəhətdir. Bu zaman nə etməli?

Məsələ ilə bağlı SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bunları deyib: "Burada söhbət yalnız ali təhsildən deyil, həm də peşə təhsilindən gedir. Çünki, əmək bazarının böyük bir hissəsi peşətəhsilli kadrlarla təmin olunur. Bu baxımdan hesab edirəm ki, peşə təhsili istiqamətində son illərdə Azərbaycanda görülən işlər cənab Prezidentin bu sahəyə diqqət və qayğısından irəli gəlir. Təhsil nazirinin bu barədə gördüyü işlər isə əslində birbaşa əmək bazarının tələbinə cavab verən peşə ümumi kadrların hazırlanmasına hədəflənib. Burada birbaşa əmək bazarının tələbləri nəzərə alınaraq peşəyönümlü kadrlar hazırlanır".

Onun sözlərinə görə, ali təhsil pilləsində əmək bazarı ilə uzlaşmamaq məsələsində müəyyən problemlər var: “Xüsusilə də, bizim ali təhsil müəssisələrinin kadrların, məzunların sonrakı fəaliyyətinin izlənməsi ilə bağlı problemlər mövcuddur. Bir neçə ali təhsil müəssisəsi istisna olmaqla, böyük əksəriyyətdə bu sahədə ciddi boşluqlar var”.

“Hesab edirəm ki, ali təhsil müəssisələri əmək bazarındakı trendləri tutmalıdırlar. Xüsusilə, kadr hazırlığı prosesində buna önəm verilməlidir. Bütövlükdə Azərbaycanda əmək bazarının gələcəyi ilə bağlı proqnozlar çox çətindir və inkişaf o qədər sürətlidir ki, bu trendləri bəzən tutmaq olmur. Amma, hər halda bu sahədə ali təhsil müəssisələri öz fəaliyyətlərini qurmalıdırlar”.

Ekspert sözlərinə belə davam edib: “O ki qaldı məzunların peşəkarlıq səviyyəsi ilə bağlı məsələlərdə, ali təhsil müəssisələrimizin siması xeyli dəyişib. Əlbəttə, çatışmamazlıqlar var. Amma bütövlükdə, hazırda ali təhsil müəssisələrini bitirən gənclər əvvəlki illərə nisbətən üzərlərində daha çox çalışırlar və əksinə, təkcə Azərbaycanın deyil, həm də dünyanın da əmək bazarını izləyirlər. Məzunların əmək bazarına buraxılması o demək deyil ki, yalnız Azərbaycan əmək bazarı ilə kifayətlənməlidirlər. Bu baxımdan, biz maraqlı olmalıyıq ki, gənclər məzun olduqdan sonra öz sahələrində iş tapa bilsinlər. Əmək bazarının harada olmasının elə də bir önəmi yoxdur. Əlbəttə, yaxşı olar ki, əmək bazarı Azərbaycanda formalaşsın və iqtisadiyyatımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə əmək bazarı təmin olunsun. Azərbaycan iqtisadiyyatın şaxələnməsi ilə bağlı cənab Prezident İlham Əliyevin ortaya qoyduğu yanaşma çox doğrudur. Ali təhsil müəssiələrinin də üzərinə çox böyük məsuliyyət düşür. Onlar bu istiqamətdə üzərlərində daim çalışmalı, məzunların peşəkar və savadlı olması istiqamətdində çalışmalıdırlar. Eyni zamanda, ali təhsil müəssisələrində çalışan pedoqoji heyyətin üzərində də böyük məsuliyyət var. Çünki, 5 il bundan əvvəlki tədris proqramları ilə bu ilkini aparmaq mümkün deyil. Dünya çox sürətlə inkişaf edir və bu baxımdan da müəllimlərin özlərinə də peşəkarlıq baxımından yanaşması, öz üzərlərində daim işləməsi çox vacibdir”.

“Müşahidələr göstərir ki, dünyada əmək bazarında tələblər o qədər sürətli gedir ki, əvvəllər insanlar bir universitetdən məzun olub diplom alarkən, indiki yanaşmada isə bir insan ən azından mütəmadi olaraq təhsil almalı və öz üzərində işləməlidir. Bu baxımdan həm məzunların, həm universitetlərin, həm də universitet müəllimlərinin üzrəinə çox böyük yük düşür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə