Sabah Rusiyada təhsil almaq istəyən Azərbaycan vətəndaşları imtahan verəcək
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin Rusiya Federasiyasının digər ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirəcək. SİA-nın xəbərinə görə, bu barədə TQDK-nın sədr müavini Namiq Babayev məlumat verib. O bildirib ki, sabah eyni zamanda Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərin müsabiqəsində iştirak edən bakalavrların imtahanı təşkil olunacaq.
Rusiyanın 25-dən artıq ali təhsil müəssisəsində bakalavriatura səviyyəsində 48 plan yerinin ayrıldığını deyən sədr müavini vurğulayıb ki, Azərbaycan vətəndaşlarının bakalavriatura səviyyəsində MDBƏİ-də təhsil alması üçün 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub: "Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan gənclərinin dövlət hesabına təhsil almaları üçün 2 yer ayrılıb. MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 30, RF-nin digər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 87 nəfər, Rusiya Xalqlar Dostluğu Universitetiniə magistraturasına qəbul imtahanında iştirak etmək istəyən 4 nəfər, ümumilikdə isə 121 gənc qeydiyyatdan keçib. Test imtahanı nəticəsində bakalavriatura səviyyəsində I ixtisas qrupunda 350 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar".
N.Babayev qeyd edib ki, mayın 23-də komissiyada müsahibə keçiriləcək və bu zaman Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi, eləcə də ümumi dünyagörüşü yoxlanacaq. Onun sözlərinə görə, Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya ixtisaslaşması üzrə magistraturasına keçirilən imtahanda bakalavrların təklif olunan mövzu üzrə rus dilində inşa yazmaları tələb olunur.
"Yazı işi 50 ballıq şkala üzrə qiymətləndirilir. 30 və daha çox bal toplayanlar müsahibəyə buraxılacaqlar. Müsahibədə məqbul alanlar ixtisaslaşma seçiminə və müsabiqəyə buraxılacaqlar. Müsabiqə magistraturaya qəbul imtahanının birinci mərhələsi və yazı işindən toplanılan balların cəminə əsasən aparılacaq. Ümumi balı eyni olan bakalvrlardan yazı işindən daha çox bal toplayana üstünlük veriləcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB